Baş səhifə  arrow Yeniliklər arrow E-dövlət modelləri və emosiya informatikasına dair müzakirələr aparıldı
E-dövlət modelləri və emosiya informatikasına dair müzakirələr aparıldı Print
   24 Aprel 2017, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Öncə institutun magistrantı Cabir Əmirxanlı “Elektron dövlət təkmil modellərinin analizi” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, elektron dövlət informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları ilə vətəndaşlar, biznes ilə məşğul olan şəxslər və digər dövlət orqanları arasında yeni münasibət və əlaqələrin qurulması konsepsiyasıdır.

“Konsepsiyanın inkişaf səviyyəsini təyin etmək üçün “təkmillik” anlayışından istifadə edilir”, – deyə bildirən məruzəçi müxtəlif qurumlar tərəfindən bir sıra təkmil modellərinin təklif olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu məqsədlə “Layne and Lee”, “Hiller and Belanger”, “Kim and Grant” və s. modellərdən geniş istifadə olunur.

Məruzəçi elmi ədəbiyyatda geniş müzakirə olunan təkmil modellərin e-dövlət konsepsiyasının inkişafında böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Onun sözlərinə görə, təkmil modellərinin istifadəsi zamanı onun tətbiq olunduğu region, lokal xüsusiyyətlər, inteqrasiya, qabaqcıl texnologiyaların istifadə imkanları və təhlükəsizlik məsələlərini nəzərə almaq vacibdir. Bu amilləri nəzərə almadan görülən tədbirlər son nəticədə elektron dövlət layihəsinin həyata keçirilməsində ciddi problemlərin müşahidə olunmasına, böyük vəsait və vaxt itkisinə səbəb ola bilər.

Sonra çıxış edən sektor müdiri İradə Ələkbərova “Emosiya informatikası. Mətnin tonallığının analizi üsulları” mövzusunda məruzəni təqdim etdi. Psixoloji proses olan emosiyanın insan hissiyyatının kompleks və mürəkkəb forması olduğunu bildirərək emotiologiyanın İKT-nin inkişafı ilə tədricən informatikanın tədqiqat sahələrindən birinə çevrildiyini diqqətə çatdırdı.

“Emosiyalar həyəcan, qəzəb, qorxu, sevgi, nifrət, məmnunluq, məyusluq və s. şəklində təzahür edir. Nitq, mətn, mimika, pаntоmimika, jestikulyasiya və vokalizasiya kimi başlıca ifadə vasitələri vardır”, – deyə bildirən İ.Ələkbərova tanınmış alimlərin baza emosiyalarına dair bəzi baxışları haqqında ətraflı məlumat verdi.

Sektor müdiri emosiya haqqında məlumatın müxtəlif tipli statik və ya dinamik rejimlərdə olan informasiyadan əldə olunduğunu qeyd etdi. Üz cizgiləri, audioinformasiya, klaviaturada barmaq hərəkətlərindən əldə olunan informasiya əsasında emosiyanın avtomatik təyini məsələlərində istifadə olunan əsas metodlardan danışdı.

İ.Ələkbərova mətnin tonallığını müəyyən edən faktorları təqdim edərək mətnə emosional qiymət vermək üçün tonallığın analizi sahələri, mətndə emosiyaların verilməsi üsulları, həmçinin mətnin tonallığa görə təsnifatlandırılmasında yanaşmalar, lüğətlərə əsaslanan baxışlar barədə araşdırmalarını diqqətə çatdırdı.

O, həmçinin mətnin emosional tonallığını avtomatik müəyyənləşdirən “Tone Analyzer”, “Kanjoya”, “Lexalytics”, “Taste Analytics” sistemləri, bu sahədə keçirilmiş konfranslar, emosiyanın analizinə dair nəşrlər, müasir tədqiqatlar barədə ətraflı məlumat verdi.

Sonda AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev hər iki mövzunun aktuallıq kəsb etdiyini qeyd edərək, öz irad və təkliflərini bildirdi, məruzəçilərə araşdırmaların dərinləşdirilməsi, tədqiqatların nəticəsi olaraq elmi məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasına dair tövsiyələr verdi.

R.Əliquliyev həmçinin şöbə əməkdaşlarının elmi fəaliyyətlərinin gücləndirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu qeyd etdi. Alim bu məqsədlə hər bir tədqiqatçıya elmi sosial şəbəkələrdə fəal olmağı, “Web of Science”, “Google Scholar” kimi nüfuzlu elmi bazalarda qeydiyyatdan keçməyi və onlardan mütəmadi istifadə etməyi tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.