Baş səhifə  arrow Yeniliklər arrow Aspirant və dissertantların elmi fəaliyyəti haqqında hesabatları dinlənilir
Aspirant və dissertantların elmi fəaliyyəti haqqında hesabatları dinlənilir Print
   14 Oktyabr 2009, saat 12:42
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın institutun aspirant və dissertantlarının cari il üçün elmi fəaliyyətləri haqqında hesabatlarının dinlənilməsinə həsr olunmuş iclasları keçirilir.

6-13 oktyabr tarixlərdə keçirilən iclaslarda 05.13.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)”, 05.13.19 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi”, 05.13.10 -”Sosial və iqtisadi sistemlərdə idarəetmə”, 05.13.13 - “Telekommunikasiya sistemləri və kompyuter şəbəkələri”, 13.00.01 - “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasları üzrə 32 aspirant və dissertantın elmi fəaliyyəti haqqında hesabatı dinlənildi.

İnstitutun aspirant və dissertantları dissertasiya mövzuları üzrə qəbul olunmuş forma üzrə hesabat verdilər. Elmi işin məqsədi, məqsədə çatmaq üçün qoyulan məsələlər, görülən işlər, nəşr olunan elmi əsərlər və s. haqqında məlumat verildi.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev elmi-texniki tərəqqinin nailiyyətlərinin daha geniş şəkildə tətbiq olunduğu qloballaşan dünyada dövrün tələblərinə cavab verən elmi axtarışların, tədqiqatların aparılması, sosial-iqtisadi, tibbi, texniki və s. sahələrdə bəşəriyyət üçün mühüm elmi nəticələrin əldə edilməsi, bu nəticələrin yalnız ölkədə deyil, onun hüdudlarından kənarda da tətbiqi, başqa sözlə Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmininin alim və mütəxəssislərin, o cümlədən də aspirant və dissertantların qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirdi. R.Əliquliyev aspirant və dissertantlara dissertasiya işində qoyulmuş məsələlərin elmi-nəzəri əsasları, informasiya təminatı, iş üzrə icmalın hazırlanması, məqalələrin növləri və strukturu, aspirant və dissertantın informasiya mədəniyyəti və s. məsələlərdən söhbət açdı, elmi nəticələrin dünyanın aparıcı dərgilərində nəşrinin vacib məsələlərdən olduğunu nəzərə çatdırdı. Təqdim olunan hesabatlarla bağlı iradlarını, təklif və tövsiyələrini bildirdi. Aspirant və dissertantlara gələcək elmi fəaliyyətlərində uğurlar dilədi.

Sonra mövzularla bağlı müzakirələr aparıldı, digər alim və mütəxəssislərin rəy və təklifləri səsləndirildi, lazımi tövsiyələr verildi.

Qeyd edək ki, aspirant və dissertantların attestasiyasına dair iclaslar oktyabrın 23-dək davam edəcək.