Baş səhifə  arrow Yeniliklər arrow AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının iclası keçirildi
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının iclası keçirildi Print
   25 Sentyabr 2009, saat 12:00
Image
25 sentyabr 2009-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Dissertasiya Şurasının iclası keçirildi.

Öncə Dissertasiya Şurasının sədr müavini t.e.d. professor Ələkbər Əliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi.

Dissertasiya şurasının elmi katibi t.e.n. Ramiz Şıxəliyev bugünkü iclasın 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin müdafiəsinə həsr olunduğunu nəzərə çatdırdı.

Texnika elmləri namizədi alimlik dərəcəsi almaq iddiasında olan Lalə Kərimova “Korporativ şəbəkələrin təhlükəsizliyinə olan bəzi tip təhlükələrin aşkar olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi.

L.Kərimova bildirdi ki, dissertasiya işinin əsas məqsədi korporativ şəbəkələrin təhlükəsizliyinə olan bəzi tip təhlükələrin aşkar olunması üçün daha effektiv metod və alqoritmlərin işlənməsidir. Dissertant təqdim olunan işin aktuallığının informasiya cəmiyyətinə keçid dövründə kompyuter sistemləri və şəbəkələrinin informasiya təhlükəsizliyinin təmin olunması üçün zəruri komponent olan müdaxilələri aşkarlama sistemlərinin sintezinin, yəni arxitektur əsaslarının işlənməsi ilə müəyyən olunduğunu qeyd etdi.

Texnika elmləri namizədi alimlik dərəcəsi almaq iddiasında olan Fərhad Yusifov “Log-fayllar əsasında İnternetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi.

Dissertasiya işi haqqında ətraflı məlumat verən aspirant işin əsas məqsədinin İnternet qovşaqlarının xidmət keyfiyyəti göstəricilərinin yaxşılaşdırılması, onların funksional imkanlarının artırılması məqsədilə log-fayllar əsasında İnternetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənməsi olunduğunu bildirdi. O, log-faylların analizi nəticəsində istifadəçilərin qruplaşdırılması, aktivliyinin və naviqasiya profilinin öyrənilməsi, maraq dairələrinin identifikasiyası üçün metod və alqoritmlərin işlənildiyini söylədi.

Dissertasiya işlərinin elmi rəhbəri AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, t.e.d., professor Rasim Əliquliyev son zamanlar geniş vüsət alan informasiya təhlükəsizliyi məsələlərinin aktuallığından danışaraq, ölkəmizdə və eləcə də dünyada bu sahədə mövcud problemlərin həlli məsələlərinə böyük önəm verildiyini vurğuladı. Alim təqdim olunan dissertasiya işində qarşıya qoyulan əsas məsələnin yeni arxitektur yanaşma əsasında korporativ şəbəkələrə olan təhlükələrlə mübarizə aparmaq üçün, yəni sistemin özünün informasiya təhlükəsizliyini təmin etmək üçün bu təhlükələrin araşdırılması, sistemin layihələndirilməsi və onun inkişaf etdirilməsi olduğunu bildirdi. Prof. R.Əliquliyev yerinə yetirilən tədqiqatların və alınan nəticələrin - korporativ şəbəkələrin təhlükəsizliyinə olan bəzi tip təhlükələrin aşkarlanması üçün riyazi modelin hazırlanması, şəbəkə trafiki verilənlərini klasterləşdirmək məqsədi ilə yeni keyfiyyət funksionalının, keyfiyyət funksionalını minimallaşdıran zəruri şərt əsasında qeyri-səlis c-means alqoritminin modifikasiyasının, şəbəkə trafikini avtomatik klassifikasiya edən iyerarxik bölgü (divisive) alqoritminin, şəbəkə trafiki profilinin adaptiv təzələnmə sxeminin təklif olunmasının əhəmiyyətini diqqətə çatdırdı. Alim L. Kərimovanın dissertasiya işində əldə edilən nəzəri və praktiki nəticələrin tətbiqinin məhz AMEA-nın korporativ şəbəkələrində həyata keçirildiyini vurğuladı.

Sonra alim digər dissertasiya işinin mövzusunun aktuallığı, məqsədi və alınmış nəticələrin əhəmiyyətindən, eyni zamanda, iddiaçının elmi və işgüzar fəaliyyətindən danışdı. İnternetin geniş imkanlarından bəhs edən prof. R.Əliquliyev verilənlərin intellektual analizi və WWW kimi iki sahənin təbii kombinasiyasının son illər aparılan elmi-tədqiqat işlərinin əsas mərkəzinə çevrildiyini söylədi. Prof. R.Əliquliyev yerinə yetirilən tədqiqatları və alınan nəticələri - İnternetdən istifadənin intellektual analizinin müasir vəziyyətinin araşdırıldığını, istifadəçilərin klasterləşdirilməsi və aktivliyinin təyin olunması üçün metodların təklif olunduğunu, süni intellekt metodlarının köməyilə istifadəçilərin identifikasiyası üçün hibrid metodların işləndiyini, informasiya fəzalarının idarə olunmasının səmərəliliyinin artırılması üsullarının tədqiq edildiyini və kontent analiz üsullarının tətbiqi məsələsinə baxıldığını, Log-faylları analiz etməklə istifadəçi profilinin öyrənilməsi üçün metodların təklif olunduğunu, istifadəçilərin maraq dairələrinin identifikasiyası üçün metodların işlənildiyini diqqətə çatdırdı. O, elmi-tədqiqat işində alınmış nəticələr əsasında korporativ informasiya fəzasında sınaqdan keçirildiyini, onların əsasında eksperimentlərin aparıldığını və AMEA korporativ informasiya fəzasında log verilənlərin analizi üçün proqram təminatı (log-analizator) yaradıldığını da qeyd etdi.

Dissertant L.Kərimova və aspirant F.Yusifov dissertasiya işi ilə bağlı sualları cavablandırdılar. Sonra t.e.n. Ramiz Şıxəliyev dissertasiya işlərinə dair rəyləri nəzərə çatdırdı. Dissertasiya işləri ilə bağlı müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvləri Sabit KərimovBala İsgəndərov, t.e.d. Vidadi Musayev, t.e.d. Məsumə Məmmədova, f-r.e.n. Ramiz Alıquliyev, t.e.n. Sərdar Şabanov, t.e.n. Qəzənfər Orucov, t.e.n. Zərifə Cəbrayılova və digərləri dissertasiya işlərinin müasir dövrdə aktuallığını önə çəkərək əldə edilmiş nəticələrin yüksək elmi səviyyəsi və iqtisadi-texniki səmərəsini qiymətləndirdilər. İddiaçıların yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və təklif olundu ki, L.Kərimovaya və F.Yusifova texnika elmləri namizədi alimlik dərəcəsi adının verilməsi ilə əlaqədar Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılsın.