AMEA İnformasiya Texnologiyaları İnstitutunda akademik Zərifə Əliyeva adına məktəbin müəllim və şagird heyəti ilə görüş keçirildi.
Görüş şagirdlərdə
çağdaş dövrdə müasir informasiya texnologiyalarının rolu və əhəmiyyəti haqqında
təsəvvürlərin formalaşması, tədris və peşəkar fəaliyyətdə kompyuterdən
istifadənin, bu sahədə biliklərin aşılanması, İKT-dən istifadəyə psixoloji
hazırlığın formalaşdırılması, gələcəkdə İKT sahəsində peşə seçimi ilə bağlı
şagirdlərin istiqamətləndirilməsi və s. məqsədi daşıyırdı.
Tədbirdə
iştirak edən məktəbin informatika müəllimi
Aygün Əzizova 2008-ci ildə
istifadəyə verilən təhsil müəssisəsi barədə məlumat verdi. Müasir avadanlıqlarla
təchiz edilmiş məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür
şəraitin yaradıldığını bildirdi. Məktəbdə yeni tədris texnologiyalarının
tətbiqinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında danışdı.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor
Rasim Əliquliyev institutun yaranma tarixi və əsas elmi
fəaliyyət istiqamətləri, qarşısında duran vəzifələr haqda məlumat verdi.
İnstitut əməkdaşları tərəfindən “Elektron Azərbaycan” Dövlət Proqramı
çərçivəsində görülən işlər haqqında, İTİ-nin digər dövlət və beynəlxalq
təşkilatlarla birgə iştirak etdiyi layihələrdən danışdı.
Alim AMEA-nın
yaranma tarixi, Azərbaycan elminin formalaşması və inkişafında xidmətləri, əldə
etdiyi nailiyyətlərdən də söhbət açdı. “Elm və təhsil strateji mahiyyət
daşıdığından onların inteqrasiyası labüddür” – deyə bildirən professor
R.Əliquliyev ümummilli lider Heydər Əliyevin elm və təhsil sahəsində siyasətinin
başlıca məqsədlərindən danışdı, digər sahələrlə yanaşı, strateji sahələrdən olan
təhsildə köklü islahatların aparılmasının bu gün müsbət təzahürünü göstərməkdə
olduğunu bildirdi. İnkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil
strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlərin həyata keçirildiyi,
dünyanın təhsil məkanına inteqrasiya yolunu seçən Azərbaycanın xarici
dövlətlərlə sosial-iqtisadi, mədəni, o cümlədən elm və təhsil sahələrində uğurlu
əməkdaşlıq əlaqələrinin qurulmasının dövlətin ali məqsədlərindən olduğunu
bildirdi.
Ulu öndər H.Əliyevin tərəqqiyə gedən yolda böyük uğurlar əldə
etmək üçün müasir informasiya texnologiyalarının tətbiqi və inkişafı
məsələlərinə böyük önəm, informasiya cəmiyyəti ideyalarının yayılmasına dəstək
verdiyini, bu məsələləri hər zaman diqqətdə saxladığını bildirdi. Bu gün elm və
təhsil siyasətini uğurla davam etdirən AR Prezidenti cənab İlham Əliyev
tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın təhsil sistemində
İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya
standartları səviyyəsinə çatdırılması, ölkənin təhsil sisteminin dünya təhsil
məkanına inteqrasiya olunmasına və s. etibarlı zəmin yaratdığını söylədi.
Respublikada müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrların
hazırlanması, elmi-texniki tərəqqinin təmin olunmasında dövlət ali təhsil
müəssisələrinin xüsusi yer tutduğunu bildirən alim orta ümumtəhsil məktəbləri
ilə AMEA-nın elmi-tədqiqat institutları arasında əlaqələrin müntəzəm olaraq
qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Şagirdlərin İTİ-nin struktur
bölmələri ilə əlaqələrinin yaradılması, onlara İKT-biliklərinin aşılanmasının
müasir dövrdə qarşıya qoyulan əsas məqsədlərdən olduğunu qeyd etdi.
Sonra R.Əliquliyev məktəblilərin ölkədə biometrik identifikasiya
sisteminin yaradılması, biometrik pasportların hazırlanması, Azərbaycanın
telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı suallarını
cavablandırdı. “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin
yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu
nəzərə çatdıran alim yeni biometrik pasportların terror, transmilli
cinayətkarlıq, silah, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər bu kimi
cinayətlərlə mübarizə baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Biometrik pasportlarda əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və
tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein
turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi
əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti, imza və s. öz əksini
tapacağını qeyd etdi.
Azərbaycanda telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında AR Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamın
əhəmiyyətindən söhbət açdı. AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
tərəfindən Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı
müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin aparıldığını
söylədi.