Baş səhifə  arrow Yeniliklər arrow Akademik Zərifə Əliyeva adına məktəbin müəllim və şagird heyəti ilə görüş keçirildi
Akademik Zərifə Əliyeva adına məktəbin müəllim və şagird heyəti ilə görüş keçirildi Print
   22 May 2009, saat 12:00
AMEA İnformasiya Texnologiyaları İnstitutunda akademik Zərifə Əliyeva adına məktəbin müəllim və şagird heyəti ilə görüş keçirildi.

Görüş şagirdlərdə çağdaş dövrdə müasir informasiya texnologiyalarının rolu və əhəmiyyəti haqqında təsəvvürlərin formalaşması, tədris və peşəkar fəaliyyətdə kompyuterdən istifadənin, bu sahədə biliklərin aşılanması, İKT-dən istifadəyə psixoloji hazırlığın formalaşdırılması, gələcəkdə İKT sahəsində peşə seçimi ilə bağlı şagirdlərin istiqamətləndirilməsi və s. məqsədi daşıyırdı.

Tədbirdə iştirak edən məktəbin informatika müəllimi Aygün Əzizova 2008-ci ildə istifadəyə verilən təhsil müəssisəsi barədə məlumat verdi. Müasir avadanlıqlarla təchiz edilmiş məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün hər cür şəraitin yaradıldığını bildirdi. Məktəbdə yeni tədris texnologiyalarının tətbiqinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında danışdı.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutun yaranma tarixi və əsas elmi fəaliyyət istiqamətləri, qarşısında duran vəzifələr haqda məlumat verdi. İnstitut əməkdaşları tərəfindən “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində görülən işlər haqqında, İTİ-nin digər dövlət və beynəlxalq təşkilatlarla birgə iştirak etdiyi layihələrdən danışdı.

Alim AMEA-nın yaranma tarixi, Azərbaycan elminin formalaşması və inkişafında xidmətləri, əldə etdiyi nailiyyətlərdən də söhbət açdı. “Elm və təhsil strateji mahiyyət daşıdığından onların inteqrasiyası labüddür” – deyə bildirən professor R.Əliquliyev ümummilli lider Heydər Əliyevin elm və təhsil sahəsində siyasətinin başlıca məqsədlərindən danışdı, digər sahələrlə yanaşı, strateji sahələrdən olan təhsildə köklü islahatların aparılmasının bu gün müsbət təzahürünü göstərməkdə olduğunu bildirdi. İnkişaf etmiş ölkələrin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün ciddi tədbirlərin həyata keçirildiyi, dünyanın təhsil məkanına inteqrasiya yolunu seçən Azərbaycanın xarici dövlətlərlə sosial-iqtisadi, mədəni, o cümlədən elm və təhsil sahələrində uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasının dövlətin ali məqsədlərindən olduğunu bildirdi.

Ulu öndər H.Əliyevin tərəqqiyə gedən yolda böyük uğurlar əldə etmək üçün müasir informasiya texnologiyalarının tətbiqi və inkişafı məsələlərinə böyük önəm, informasiya cəmiyyəti ideyalarının yayılmasına dəstək verdiyini, bu məsələləri hər zaman diqqətdə saxladığını bildirdi. Bu gün elm və təhsil siyasətini uğurla davam etdirən AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması, ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunmasına və s. etibarlı zəmin yaratdığını söylədi.

Respublikada müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması, elmi-texniki tərəqqinin təmin olunmasında dövlət ali təhsil müəssisələrinin xüsusi yer tutduğunu bildirən alim orta ümumtəhsil məktəbləri ilə AMEA-nın elmi-tədqiqat institutları arasında əlaqələrin müntəzəm olaraq qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Şagirdlərin İTİ-nin struktur bölmələri ilə əlaqələrinin yaradılması, onlara İKT-biliklərinin aşılanmasının müasir dövrdə qarşıya qoyulan əsas məqsədlərdən olduğunu qeyd etdi.

Sonra R.Əliquliyev məktəblilərin ölkədə biometrik identifikasiya sisteminin yaradılması, biometrik pasportların hazırlanması, Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı suallarını cavablandırdı. “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu nəzərə çatdıran alim yeni biometrik pasportların terror, transmilli cinayətkarlıq, silah, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər bu kimi cinayətlərlə mübarizə baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Biometrik pasportlarda əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və qüsurlarının təsviri, yazı xətti, imza və s. öz əksini tapacağını qeyd etdi.

Azərbaycanda telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında AR Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamın əhəmiyyətindən söhbət açdı. AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin aparıldığını söylədi.