AMEA İnformasiya Texnologiyaları İnstitutunda
İnformasiya Azadlığının
İnkişafı İnstitutunun (Rusiya) direktoru
Yelena Qolubeva, həmin
institutun layihələr üzrə rəhbəri
Vladimir Qolubev və Azərbaycan İnternet
Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru
Osman Gündüz ilə
görüş keçirildi.
Məlumat üçün bildirək ki, 2004-cü ildə yaradılmış
İnformasiya Azadlığının İnkişafı İnstitutunun fəaliyyəti vətəndaşların,
tədqiqatçıların, müxtəlif təşkilatların və s. sosial əhəmiyyət daşıyan
informasiyaya çıxışında yaranmış problemlərin hüquqi və təşkilati məsələlərinin
həllinə yönəlib. İnstitut, həmçinin RF dövlət orqanlarının rəsmi saytlarının
monitorinqini həyata keçirir, informasiyaya çıxış problemlərinin tədqiqi,
təhlili və həlli yollarının axtarışı ilə məşğul olur.
“Müasir dövrdə
dövlət orqanlarının fəaliyyəti haqqında dolğun, aktual və dəqiq informasiyanın
əsas mənbəyi dövlət orqanlarının rəsmi saytlarıdır” – deyə bildirən E.Qolubeva
açıq informasiya cəmiyyətinin formalaşmasında maraqlı olan akademik qurumlar,
kütləvi informasiya vasitələri, hüquqşünaslar, sosioloqlar və digər
mütəxəssislərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirdi. Qonaqlar
Azərbaycanda İKT infrastrukturunun formalaşması, informasiya cəmiyyəti
quruculuğu sahəsində aparılan işlər, o cümlədən İC və İT-nin elmi problemlərinin
həlli, e-kadrların hazırlanması və s. bilavasitə iştirak edən institutun
elmi-nəzəri, praktiki fəaliyyəti ilə maraqlandılar.
İnstitutun
direktoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor
Rasim Əliquliyev ölkəmizdə “E-Azərbaycan” Dövlət Proqramı
çərçivəsində innovasiya texnologiyalarının inkişafı, intellektual resursların
artırılması, İKT sahəsində kadr potensialının formalaşması, yeni cəmiyyətin –
informasiya cəmiyyəti ideyalarının yayılması, elmi-nəzəri məsələlərinin
araşdırılması və s. istiqamətdə aparılan işlər haqqında geniş məlumat verdi.
Müasir texnologiyaların inkişafında elmin mühüm rol oynadığını, İKT-nin bütün
sahələrdə tətbiqinin İC-nin formalaşmasında başlıca prinsiplərdən olduğunu qeyd
etdi.
Çağdaş dövrdə informasiya texnologiyalarının sürətli inkişafının
jurnalistlərin üzərinə qoyduğu mühüm vəzifələrdən də söhbət açan alim
informasiya cəmiyyətinin bu peşə sahiblərindən yeni bilik və bacarıqlara malik
olmağı tələb etdiyini söylədi. “Jurnalistlər İC ideyalarının daşıyıcıları,
təbliğatçılarıdır” – deyə bildirən R.Əliquliyev institutun Bakı Dövlət
Universitetinin “Jurnalistika” fakültəsi ilə birgə İC-nin mahiyyəti, əsasları və
s. haqqında nəzəri bilikləri tədris etmək, yeni cəmiyyətin ideologiyasının
ictimaiyyət arasında geniş, hərtərəfli təbliğinə dair lazımi biliklərin
aşılanması və s. məqsədi daşıyan “İnformasiya cəmiyyətinin əsasları” fənninin
tədrisinə dair innovativ layihənin həyata keçirildiyini bildirdi. Tələbələrə
İnternetin meydana gəlməsi və inkişafı, e-vətəndaş problemləri və onların həlli
yolları, e-imza, e-sənəd, fərdi və biometrik məlumatlar, informasiya
iqtisadiyyatı, informasiya asılılığı və onunla mübarizə yolları, informasiya
mədəniyyəti və təhlükəsizliyi, informasiya müharibəsi, ekologiyası, hüququ,
intellektual mülkiyyət, İnternet-jurnalistika, Vikipediya və onun imkanları,
informasiya cəmiyyəti və təhsil və s. mövzular haqqında geniş məlumatların
verildiyini qonaqların diqqətinə çatdırdı.
Qonaqlara institutun
Tədris-İnnovasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri haqqında da məlumat
verən R.Əliquliyev mərkəzdə respublika üzrə aspirant və dissertantlara
"İnformatika" fənninin tədrisi və namizədlik minimumu imtahanlarının qəbulunun
aparıldığını, həmçinin İT sahəsində kursların təşkili və tədrisin aparıldığını,
İT sahəsində konsaltinq xidmətlərinin və s. göstərildiyini bildirdi.
Regionlarda ölkə vətəndaşlarına İKT sahəsində lazımi biliklərin
aşılanması, bu sahədə kadrların hazırlanması və s. istiqamətdə aparılan
məqsədyönlü işlərdən söhbət açan alim müxtəlif rayonların orta ümumtəhsil
məktəblərində institut mütəxəssisləri tərəfindən informatika və digər fənn
müəllimləri üçün kompyuter kurslarının keçirildiyini bildirdi.
Alim,
həmçinin AMEA İTİ ilə İctimai TV-nin birgə layihəsi olan “İnformasiya cəmiyyəti”
verilişinin əhəmiyyətindən danışdı. Həftəlik proqramın ölkəmizdə formalaşmaqda
olan informasiya cəmiyyətinin mahiyyətinin əhaliyə çatdırılmasına, informasiya
cəmiyyəti ideyalarının təbliğ olunmasına, vətəndaşların İKT sahəsində
maarifləndirilməsinə xidmət etdiyini, alim və mütəxəssislərimizin İC-nin
müxtəlif aspektləri üzrə aparılan mühakimə və müzakirələrdə fəal iştirak
etdiyini bildirdi.