Baş səhifə  arrow Yeniliklər arrow İTİ-də növbəti elmi seminar keçirildi
İTİ-də növbəti elmi seminar keçirildi Print
   18 İyun 2009, saat 12:00
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev seminarın 05.13.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Texnika elmləri doktoru alimlik dərəcəsi almaq iddiasında olan İTİ-nin şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Ramiz Alıquliyev “Mətn tipli informasiyanın intellektual analizi üçün metod və alqoritmlər” mövzusunda dissertasiya işini təqdim etdi. WWW-nin meydana gəlməsi ilə informasiyanın həcminin kəskin şəkildə artdığını bildirən R.Alıquliyev böyük biliklər bazasından lazımlı informasiyanın əldə edilməsinin mürəkkəb və aktual məsələlərdən olduğunu söylədi. O, adi informasiya axtarışı texnologiyasının imkanlarının veb-də relevant informasiyanın tapılması üçün qənaətbəxş olmadığını, bu halda istifadəçiyə böyük həcmdə informasiyanı “süzgəc”dən keçirməyə kömək edəcək və ən relevant sənədləri sürətlə identifikasiya edə biləcək yeni texnologiyaya ehtiyacın yarandığını söylədi: “İnformasiya ilə yüklənmə” şəraitində böyük həcmli informasiya ilə avtomatlaşdırılmış iş metodları, xüsusən də mətn sənədlərinin sıxılmış təqdiminin, yəni referatların alınması metodları aktual məsələyə çevrilib”.

Dissertasiya işi üzrə aparılan tədqiqatlar prosesində alınmış elmi nəticələr haqqında məlumat verən R.Alıquliyev bildirdi ki, referatlaşdırmada ən çətin məsələlərdən biri sənədin tematik hissələrinin sayının təyinidir. Dissertasiya işində referatın yaradılması üçün tematik hissələrdən informativ cümlələrin əldə olunmasına dair yeni texnologiya təklif edilib. Bundan əlavə, verilənlərin strukturunu nəzərə alan klasterləşdirmənin çəkili metodları işlənib hazırlanıb, sənədlərin klasterləşdirilməsi məsələlərinin həlli üçün sürətli genetik alqoritm, cümlələrin klasterləşdirilməsinin nəticələrinə əsaslanmış sənədlərdə tematik hissələri və informativ cümlələri aşkar etməyə imkan verən mətn sənədlərinin referatlaşdırılması metodları, sözlərin cümlələr üzrə paylanmasına əsaslanmış sənəddə tematik hissələrin sayının qiymətləndirilməsi üçün formul, veb-səhifələrin ranqlaşdırılmasının dəqiqliyinin artırılması üçün PageRank, həmçinin HİTS alqoritmlərinin bir neçə modifikasiyası, cümlələrin klasterləşdirilməsinə əsaslanmış sənədlər çoxluğunun referatlaşdırılması metodu təklif olunub. Yığılma prosesini sürətləndirən və məsələnin həllinin mümkünlüyünü təmin edən differensial təkamül alqoritminin modifikasiya edilmiş variantı işlənib hazırlanıb, diskret proqramlaşdırma məsələsinin həlli üçün particle swarm optimization hibrid alqoritmi hazırlanıb.

Dissertasiya işinin elmi məsləhətçisi, professor R.Əliquliyev informasiya əsrində lazımlı informasiyanın axtarışı probleminin WWW-nin gələcək inkişafı üçün olduqca mühüm məsələlərdən olduğunu qeyd edərək, son illər informasiya axtarışı sahəsində veb-strukturun analizinə böyük diqqət yetirildiyini, veb-strukturun analizinin böyük elmi marağa və praktiki əhəmiyyətə malik olduğunu bildirdi. Təqdim olunan dissertasiya işində mətn sənədlərinin klasterləşdirilməsi metodları, mətn sənədlərinin referatlaşdırılmasının metod və alqoritmləri, referatın tərtibi məqsədilə sənəddən informativ təkliflərin əldə olunması metodları, veb-səhifələrin ranqlaşdırılmasının alqoritm və modellərinın işlənib hazırlanmasının və s. önəmliyini vurğuladı.

Müzakirələrdə iştirak edən t.e.d. Məsumə Məmmədova, texnika elmləri namizədləri Rəşid Ələkbərov, Qəzənfər Orucov, Yadigar İmamverdiyev, Əmiraslan Əliyev, Əlövsət Əliyev, Nadir Ağayev və digərləri İT-nin aktual problemlərinə həsr olunmuş dissertasiya işinin önəmliyini nəzərə çatdıraraq, əldə edilmiş nəticələrin elmi səviyyəsi və texniki səmərəsini yüksək qiymətləndirdilər.

Sonra dissertasiya işinin növbəti mərhələyə təqdim edilməsi təklifi irəli sürüldü. Təklif yekdilliklə qəbul edildi.