AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü
Rasim Əliquliyev seminarın 05.13.01 - “Sistemli analiz,
idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işinin
müzakirəsinə həsr olunduğunu bildirdi.
Texnika elmləri doktoru alimlik
dərəcəsi almaq iddiasında olan İTİ-nin şöbə müdiri, fizika-riyaziyyat elmləri
namizədi
Ramiz Alıquliyev “Mətn tipli informasiyanın intellektual
analizi üçün metod və alqoritmlər” mövzusunda dissertasiya işini təqdim etdi.
WWW-nin meydana gəlməsi ilə informasiyanın həcminin kəskin şəkildə artdığını
bildirən R.Alıquliyev böyük biliklər bazasından lazımlı informasiyanın əldə
edilməsinin mürəkkəb və aktual məsələlərdən olduğunu söylədi. O, adi informasiya
axtarışı texnologiyasının imkanlarının veb-də relevant informasiyanın tapılması
üçün qənaətbəxş olmadığını, bu halda istifadəçiyə böyük həcmdə informasiyanı
“süzgəc”dən keçirməyə kömək edəcək və ən relevant sənədləri sürətlə
identifikasiya edə biləcək yeni texnologiyaya ehtiyacın yarandığını söylədi:
“İnformasiya ilə yüklənmə” şəraitində böyük həcmli informasiya ilə
avtomatlaşdırılmış iş metodları, xüsusən də mətn sənədlərinin sıxılmış
təqdiminin, yəni referatların alınması metodları aktual məsələyə çevrilib”.
Dissertasiya işi üzrə aparılan tədqiqatlar prosesində alınmış elmi
nəticələr haqqında məlumat verən R.Alıquliyev bildirdi ki, referatlaşdırmada ən
çətin məsələlərdən biri sənədin tematik hissələrinin sayının təyinidir.
Dissertasiya işində referatın yaradılması üçün tematik hissələrdən informativ
cümlələrin əldə olunmasına dair yeni texnologiya təklif edilib. Bundan əlavə,
verilənlərin strukturunu nəzərə alan klasterləşdirmənin çəkili metodları işlənib
hazırlanıb, sənədlərin klasterləşdirilməsi məsələlərinin həlli üçün sürətli
genetik alqoritm, cümlələrin klasterləşdirilməsinin nəticələrinə əsaslanmış
sənədlərdə tematik hissələri və informativ cümlələri aşkar etməyə imkan verən
mətn sənədlərinin referatlaşdırılması metodları, sözlərin cümlələr üzrə
paylanmasına əsaslanmış sənəddə tematik hissələrin sayının qiymətləndirilməsi
üçün formul, veb-səhifələrin ranqlaşdırılmasının dəqiqliyinin artırılması üçün
PageRank, həmçinin HİTS alqoritmlərinin bir neçə modifikasiyası, cümlələrin
klasterləşdirilməsinə əsaslanmış sənədlər çoxluğunun referatlaşdırılması metodu
təklif olunub. Yığılma prosesini sürətləndirən və məsələnin həllinin
mümkünlüyünü təmin edən differensial təkamül alqoritminin modifikasiya edilmiş
variantı işlənib hazırlanıb, diskret proqramlaşdırma məsələsinin həlli üçün
particle swarm optimization hibrid alqoritmi hazırlanıb.
Dissertasiya işinin elmi məsləhətçisi, professor R.Əliquliyev
informasiya əsrində lazımlı informasiyanın axtarışı probleminin WWW-nin gələcək
inkişafı üçün olduqca mühüm məsələlərdən olduğunu qeyd edərək, son illər
informasiya axtarışı sahəsində veb-strukturun analizinə böyük diqqət
yetirildiyini, veb-strukturun analizinin böyük elmi marağa və praktiki
əhəmiyyətə malik olduğunu bildirdi. Təqdim olunan dissertasiya işində mətn
sənədlərinin klasterləşdirilməsi metodları, mətn sənədlərinin
referatlaşdırılmasının metod və alqoritmləri, referatın tərtibi məqsədilə
sənəddən informativ təkliflərin əldə olunması metodları, veb-səhifələrin
ranqlaşdırılmasının alqoritm və modellərinın işlənib hazırlanmasının və s.
önəmliyini vurğuladı.
Müzakirələrdə iştirak edən t.e.d.
Məsumə Məmmədova, texnika elmləri namizədləri
Rəşid Ələkbərov,
Qəzənfər Orucov,
Yadigar İmamverdiyev,
Əmiraslan Əliyev,
Əlövsət Əliyev,
Nadir Ağayev və digərləri İT-nin aktual
problemlərinə həsr olunmuş dissertasiya işinin önəmliyini nəzərə çatdıraraq,
əldə edilmiş nəticələrin elmi səviyyəsi və texniki səmərəsini yüksək
qiymətləndirdilər.
Sonra dissertasiya işinin növbəti mərhələyə təqdim
edilməsi təklifi irəli sürüldü. Təklif yekdilliklə qəbul edildi.