Baş səhifə  arrow Yeniliklər arrow İTİ-də Dissertasiya şurasının ilk iclası keçirildi
İTİ-də Dissertasiya şurasının ilk iclası keçirildi Print
   22 İyun 2009, saat 12:00
Image
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 23 fevral 2009-cu il tarixli qərarı ilə AMEA İTİ-nin nəzdində N.01.231 Dissertasiya şurası təsdiq edilmişdir. Dissertasiya şurası texnika elmləri üzrə 2 ixtisas – 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 05.13.10 - “Sosial və iqtisadi sistemlərdə idarəetmə” üzrə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini həyata keçirir.


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Dissertasiya şurasının ilk iclası keçirildi. Öncə Dissertasiya şurasının sədri, AMEA-nın müxbir üzvü, tex.e.d., professor Rasim Əliquliyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi.

R.Əliquliyev informasiya cəmiyyətinin formalaşması prosesinin getdiyi, bütün fəaliyyət sahələrinin inkişafında elmin və informasiya texnologiyalarının həlledici rol oynadığı dövrdə elmi-tədqiqat işlərinin müasir tələblərə uyğun aparılmasının, həmçinin elmi işlərin mövzusunun aktuallığının nəzərə alınması, qoyulmuş məsələlərin hərtərəfli tədqiqinin və s. vacibliyini vurğuladı. İnformasiya əsrində İKT sahəsində elmi kadrlara, yüksək ixtisaslı mütəxəssislərə tələbatın artdığını bildirdi.

Qeyd edək ki, institutun nəzdində yaradılmış Disertasiya şurasının tərkibi 19 nəfərdən ibarətdir ki, onlardan 11-i institutun, digərləri isə müxtəlif ali məktəblərin alimləridir. Dissertasiya şurasının sədr müavini t.e.d. professor Ələkbər Əliyev, elmi katibi tex.e.n. Ramiz Şıxəliyevdir.

İclasda çıxış edən dissertasiya şurasının üzvü, akademik İsmayıl İbrahimov hər bir dövlətin uğurlu gələcəyinin qurulmasında mühüm rol oynayan elm və təhsilin inkişafının prioritet məsələlərdən olduğunu bildirdi. Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri olan alim ölkəmizdə informatika sahəsinin inkişaf tarixindən, əldə edilmiş uğurlardan danışdı. İTİ-nin nəzdində yeni yaradılmış Dissertasiya şurasına yüksək ixtisaslı elmi kadrların hazırlanması işində müvəffəqiyyətlər dilədi.

Sonra texnika elmləri namizədi alimlik dərəcəsi almaq iddiasında olanlar İTİ-nin aspirantı Fərhad Yusifov 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Log-fayllar əsasında İnternetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənməsi”, institutun dissertantları Lalə Kərimova 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Korporativ şəbəkələrin təhlükəsizliyinə olan bəzi tip təhlükələrin aşkar olunması üçün metod və alqoritmlərin işlənməsi”, Qalib Əliyev 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “CRM strategiyası əsasında müştəriyönümlü elektron kommersiya sistemlərinin sintezi üçün model və alqoritmlərin işlənməsi” və Məhəmməd Şərifov 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Şəbəkə mühitində nizamsız struktura malik informasiya fəzalarının optimal strukturlaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə dissertasiya işlərini təqdim etdilər.

İclasda həmçinin 05.13.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və 05.13.10 - “Sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisasları üzrə pasportların və minumum proqramlarının təsdiqi, 05.13.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə namizədlik minimum imtahanının keçirilməsi, N.01.231 Dissertasiya şurasının nəzdindəki seminarların yaradılması və işinin təşkili məsələlərinə baxıldı, müvafiq qərarlar qəbul edildi. AMEA İnformasiya Texnologiyaları İnstitutunda təsis edilmiş “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” adlı elmi jurnalların bu problemlərin elmi-texniki, nəzəri və s. nöqteyi-nəzərdən həlli yollarının geniş elmi ictimaiyyətə çatdırılmasında oynayacağı mühüm roldan söhbət açıldı.