Baş səhifə  arrow Yeniliklər arrow 
“Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər” mövzusunda elmi-praktiki seminar keçirildi Print
   24 Sentyabr 2009, saat 11:15

Image

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) AR Nazirlər Kabinetinin təşəbbüsü ilə “Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər” mövzusunda elmi-praktiki seminar keçirildi. İnstitutun Tədris-İnnovasiya Mərkəzində keçirilən tədbirdə Almaniyanın “Mühlbauer AG” şirkətinin dövlət və identifikasiya məsələlərinin həlli üzrə vitse-prezidenti Ditmar Erneman və şirkətin satış üzrə meneceri İşan İsiida, Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Elxan Əlizadə, Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılmasında bilavasitə iştirak edən bir sıra dövlət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

İKT-nin hazırkı inkişaf səviyyəsinin ölkəmizin milli maraqlarının təmini məsələsində yeni yanaşmalar tələb etdiyini bildirən AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev qloballaşma prosesinin dinamik inkişafının hər bir dövlətin qarşısında təhlükəli təzahürlərin - beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, silah və narkotik maddələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya - qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoyduğunu bildirdi.

Biometrik eyniləşdirmə texnologiyalarının, onların tətbiqini nəzərdə tutan müxtəlif biometrik eyniləşdirmə sistemləri üçün qəbul olunmuş beynəlxalq standartların öyrənilməsi, həmin texnologiyaların tətbiqi sahəsində milli standartların hazırlanması, yeni nəsil biometrik sənədlərin istehsalı və tətbiqinin təşkili, müvafiq infrastrukturun yaradılması və təkmilləşdirilməsi, qanunvericilik bazasının, xüsusilə də informasiya təminatı və təhlükəsizliyi sahələrində normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məsələlərinin əhəmiyyətindən söhbət açan alim bu sahədə lazımi bilik və təcrübənin əldə olunması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini xüsusi vurğuladı. O, bu kimi tədbirlərin keçirilməsinin AR Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində mühüm addım olduğunu bildirdi. Sonra R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda bu sahədə aparılan elmi-tədqiqat işlərindən söhbət açdı, aparılan araşdırmaların nəticələri, beynəlxalq təcrübənin öyrənilməsi və s. istiqamətdə görülən işlər haqqında qonaqlara məlumat verdi.
Biometrik eyniləşdirmə sisteminin beynəlxalq standartlara uyğun yaradılması və inkişafı, bunun üçün yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə də toxunan alim bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və kadr hazırlığının təşkilinin mühüm şərtlərdən biri olduğunu bildirdi.

E-pasportlar və şəxsiyyəti identifikasiya edən digər yeni nəsil sənədlərin hazırlanması və istehsalı ilə bağlı işlərin təşkili məsələlərinin önəmliyini vurğulayan alim bu sahədə böyük təcrübəyə malik olan Almaniyanın məşhur “Mühlbauer AG” şirkətinin fəaliyyətini yüksək qiymətləndirdiyini söylədi. R.Əliquliyev bu kimi tədbirlərin təcrübə və əldə edilmiş elmi nəticələrlə mübadilənin aparılmasına daha geniş imkanların yaradılmasına, bu sahədə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi.

Sonra İTİ-nin baş elmi işçisi Elçin Əliyev “Azərbaycan Respublikasının biometrik identifikasiya sistemində mövcud situasiyanın analizi” mövzusunda məruzə ilə çıxış etdi. E.Əliyev şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin istehsalının və tətbiqinin təşkili, biometrik məlumatlar üzrə milli informasiya resurslarının yaradılması, milli informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin formalaşdırılması, axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində üz təsvirlərinə görə “on-line” tanınması sisteminin yaradılması və tətbiqi məsələlərinin həyata keçirilməsinin vacibliyini bildirdi.

“Biometrik texnologiyalar sahəsində beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edən İTİ-nin şöbə müdiri texnika elmləri namizədi Yadigar İmamverdiyev institutda sifət təsvirlərinin tanınması, biometrik sistemlərin təhlükəsizliyi və qiymətləndirilməsi, üçölçülü sifət modelləri, böyük miqyaslı biometrik sistemlərin modelləşdirilməsi sahəsində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verdi.

Biometrik eyniləşdirmə sistemlərinə keçidi zəruri edən bir sıra beynəlxalq sənədlər, bu sistemlərə həvalə edilən rollar və funksiyalar barəsində məlumat verən məruzəçi şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərdə istifadə edilən üç biometrik texnologiya – sifət şəkli, barmaq izləri və gözün qüzehli qişasına görə tanıma texnologiyalarının mahiyyətini izah etdi, biometrik sistemlərdə olan səhvlərin mənbələri və biometrik sistemlərə olan real təhdidlər haqqında danışdı. Biometrik eyniləşdirmə sistemlərinin standartlaşdırılması və sertifikatlaşdırılması sahəsində bir sıra ölkələrdə toplanmış təcrübə təhlil olundu. Biometrik texnologiyalar üzrə dünya bazarının inkişaf dinamikası və bazarın texnologiyalar üzrə paylanması faktiki məlumatlarla nümayiş etdirildi. Bu texnologiyaların ən vacib tətbiqi olan biometrik pasportlar sahəsində dünya ölkələrinin təcrübəsi, biometrik pasportlar sahəsində ixtisaslaşan ən qabaqcıl 50 şirkətin əsas fəaliyyət istiqamətləri və müxtəlif ölkələrdə eID-sistemlərin qurulması sahəsində təcrübəsi analiz edildi.

Y.İmamverdiyev biometrik texnologiyalar sahəsində elmi tədqiqatların və kommersiya sistemlərinin gələcək inkişaf meylləri və proqnozlar, yeni layihələr və problemlər barəsində də ətraflı məlumat verdi.

Sonra çıxış edən Ditmar Erneman “Mühlbauer AG” şirkətinin yaranma tarixi haqqında məlumat verdi. 2000 əməkdaşın çalışdığı şirkətin dünyanın 29 ölkəsində filialının fəaliyyət göstərdiyini bildirdi. Qonaq şirkətin 90-cı illərdən fəaliyyətə başladığını, telefon kartları, bank kartları, elektron pasportların və s. istehsalı sahəsində böyük uğurlar əldə etdiyini bildirdi. “Mühlbauer AG”-ın intellektual kartların (smart-kartların) və e-ID kartların istehsalı üçün müxtəlif avadanlıqlar istehsal edən yeganə şirkət olduğunu bildirən D.Erneman müqavilə imzaladıqları ölkələri yalnız texnologiya ilə təmin etmədiklərini, həm də bu texnologiya ilə işləmə mexanizminin də öyrədildiyini qeyd etdi. Qonaq intellektual kartların və e-ID kartların istehsalı üçün müxtəlif avadanlıqlarla yanaşı, e-yeni nəsil sənədlərin - verilənlərin toplanması və qeydiyyatını, sənədlərin istehsalı, fərdiləşdirilməsi və sərhəd-keçid məntəqələrində nəzarəti, e-yeni nəsil sənədlər üçün açıq açarlar infrastrukturunu əhatə edən aparat və proqram həlləri də təklif etdi.

Çıxışının sonunda D.Erneman bu kimi tədbirlərin bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması və davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Şirkətin satış üzrə meneceri İşan İsiida isə barmaq izlərinin avtomatlaşdırılmış identifikasiya sistemləri, biometrik informasiyanın toplanması və təsdiqinin aparılması prosesləri haqqında ətraflı məlumat verdi.

Sonra qonaqlar iştirakçıların çoxsaylı suallarını cavablandırdılar.