“Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər” mövzusunda elmi-praktiki seminar keçirildi
24 Sentyabr 2009, saat 11:15
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) AR Nazirlər
Kabinetinin təşəbbüsü ilə “Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət,
problemlər və həllər” mövzusunda elmi-praktiki seminar keçirildi. İnstitutun
Tədris-İnnovasiya Mərkəzində keçirilən tədbirdə Almaniyanın “Mühlbauer AG”
şirkətinin dövlət və identifikasiya məsələlərinin həlli üzrə vitse-prezidenti Ditmar Erneman və şirkətin satış üzrə meneceri İşan İsiida,
Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Elxan Əlizadə, Azərbaycan
Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılmasında bilavasitə
iştirak edən bir sıra dövlət təşkilatlarının və kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak edirdilər.
İKT-nin hazırkı inkişaf
səviyyəsinin ölkəmizin milli maraqlarının təmini məsələsində yeni yanaşmalar
tələb etdiyini bildirən AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev qloballaşma prosesinin dinamik inkişafının
hər bir dövlətin qarşısında təhlükəli təzahürlərin - beynəlxalq terrorizm,
transmilli mütəşəkkil cinayətkarlıq, silah və narkotik maddələrin qanunsuz
dövriyyəsi, qeyri-qanuni miqrasiya - qarşısının alınması üçün zəruri olan milli
təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoyduğunu bildirdi.
Biometrik eyniləşdirmə texnologiyalarının, onların tətbiqini nəzərdə
tutan müxtəlif biometrik eyniləşdirmə sistemləri üçün qəbul olunmuş beynəlxalq
standartların öyrənilməsi, həmin texnologiyaların tətbiqi sahəsində milli
standartların hazırlanması, yeni nəsil biometrik sənədlərin istehsalı və
tətbiqinin təşkili, müvafiq infrastrukturun yaradılması və təkmilləşdirilməsi,
qanunvericilik bazasının, xüsusilə də informasiya təminatı və təhlükəsizliyi
sahələrində normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması
məsələlərinin əhəmiyyətindən söhbət açan alim bu sahədə lazımi bilik və
təcrübənin əldə olunması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da
genişləndirilməsinin vacibliyini xüsusi vurğuladı. O, bu kimi tədbirlərin
keçirilməsinin AR Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən
“Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə
2007-2012-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin
uğurla həyata keçirilməsi istiqamətində mühüm addım olduğunu bildirdi. Sonra
R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda bu sahədə aparılan
elmi-tədqiqat işlərindən söhbət açdı, aparılan araşdırmaların nəticələri,
beynəlxalq təcrübənin öyrənilməsi və s. istiqamətdə görülən işlər haqqında
qonaqlara məlumat verdi.
Biometrik eyniləşdirmə sisteminin beynəlxalq
standartlara uyğun yaradılması və inkişafı, bunun üçün yüksək ixtisaslı
kadrların hazırlanması məsələlərinə də toxunan alim bu sahədə beynəlxalq
təcrübənin öyrənilməsi və kadr hazırlığının təşkilinin mühüm şərtlərdən biri
olduğunu bildirdi.
E-pasportlar və şəxsiyyəti identifikasiya edən digər
yeni nəsil sənədlərin hazırlanması və istehsalı ilə bağlı işlərin təşkili
məsələlərinin önəmliyini vurğulayan alim bu sahədə böyük təcrübəyə malik olan
Almaniyanın məşhur “Mühlbauer AG” şirkətinin fəaliyyətini yüksək
qiymətləndirdiyini söylədi. R.Əliquliyev bu kimi tədbirlərin təcrübə və əldə
edilmiş elmi nəticələrlə mübadilənin aparılmasına daha geniş imkanların
yaradılmasına, bu sahədə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət
edəcəyinə əminliyini bildirdi.
Sonra İTİ-nin baş elmi işçisi Elçin
Əliyev “Azərbaycan Respublikasının biometrik identifikasiya sistemində
mövcud situasiyanın analizi” mövzusunda məruzə ilə çıxış etdi. E.Əliyev
şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin istehsalının və tətbiqinin təşkili,
biometrik məlumatlar üzrə milli informasiya resurslarının yaradılması, milli
informasiya məkanının əhali və miqrasiya üzrə seqmentinin formalaşdırılması,
axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində üz
təsvirlərinə görə “on-line” tanınması sisteminin yaradılması və tətbiqi
məsələlərinin həyata keçirilməsinin vacibliyini bildirdi.
“Biometrik
texnologiyalar sahəsində beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edən
İTİ-nin şöbə müdiri texnika elmləri namizədi Yadigar İmamverdiyev institutda sifət təsvirlərinin tanınması,
biometrik sistemlərin təhlükəsizliyi və qiymətləndirilməsi, üçölçülü sifət
modelləri, böyük miqyaslı biometrik sistemlərin modelləşdirilməsi sahəsində
aparılan elmi-tədqiqat işləri haqqında məlumat verdi.
Biometrik
eyniləşdirmə sistemlərinə keçidi zəruri edən bir sıra beynəlxalq sənədlər, bu
sistemlərə həvalə edilən rollar və funksiyalar barəsində məlumat verən məruzəçi
şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərdə istifadə edilən üç biometrik
texnologiya – sifət şəkli, barmaq izləri və gözün qüzehli qişasına görə tanıma
texnologiyalarının mahiyyətini izah etdi, biometrik sistemlərdə olan səhvlərin
mənbələri və biometrik sistemlərə olan real təhdidlər haqqında danışdı.
Biometrik eyniləşdirmə sistemlərinin standartlaşdırılması və
sertifikatlaşdırılması sahəsində bir sıra ölkələrdə toplanmış təcrübə təhlil
olundu. Biometrik texnologiyalar üzrə dünya bazarının inkişaf dinamikası və
bazarın texnologiyalar üzrə paylanması faktiki məlumatlarla nümayiş etdirildi.
Bu texnologiyaların ən vacib tətbiqi olan biometrik pasportlar sahəsində dünya
ölkələrinin təcrübəsi, biometrik pasportlar sahəsində ixtisaslaşan ən qabaqcıl
50 şirkətin əsas fəaliyyət istiqamətləri və müxtəlif ölkələrdə eID-sistemlərin
qurulması sahəsində təcrübəsi analiz edildi.
Y.İmamverdiyev biometrik
texnologiyalar sahəsində elmi tədqiqatların və kommersiya sistemlərinin gələcək
inkişaf meylləri və proqnozlar, yeni layihələr və problemlər barəsində də
ətraflı məlumat verdi.
Sonra çıxış edən Ditmar Erneman “Mühlbauer AG”
şirkətinin yaranma tarixi haqqında məlumat verdi. 2000 əməkdaşın çalışdığı
şirkətin dünyanın 29 ölkəsində filialının fəaliyyət göstərdiyini bildirdi. Qonaq
şirkətin 90-cı illərdən fəaliyyətə başladığını, telefon kartları, bank kartları,
elektron pasportların və s. istehsalı sahəsində böyük uğurlar əldə etdiyini
bildirdi. “Mühlbauer AG”-ın intellektual kartların (smart-kartların) və e-ID
kartların istehsalı üçün müxtəlif avadanlıqlar istehsal edən yeganə şirkət
olduğunu bildirən D.Erneman müqavilə imzaladıqları ölkələri yalnız texnologiya
ilə təmin etmədiklərini, həm də bu texnologiya ilə işləmə mexanizminin də
öyrədildiyini qeyd etdi. Qonaq intellektual kartların və e-ID kartların
istehsalı üçün müxtəlif avadanlıqlarla yanaşı, e-yeni nəsil sənədlərin -
verilənlərin toplanması və qeydiyyatını, sənədlərin istehsalı, fərdiləşdirilməsi
və sərhəd-keçid məntəqələrində nəzarəti, e-yeni nəsil sənədlər üçün açıq açarlar
infrastrukturunu əhatə edən aparat və proqram həlləri də təklif etdi.
Çıxışının sonunda D.Erneman bu kimi tədbirlərin bu sahədə əməkdaşlıq
əlaqələrinin qurulması və davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb
etdiyini bildirdi.
Şirkətin satış üzrə meneceri İşan İsiida isə barmaq
izlərinin avtomatlaşdırılmış identifikasiya sistemləri, biometrik informasiyanın
toplanması və təsdiqinin aparılması prosesləri haqqında ətraflı məlumat verdi.
Sonra qonaqlar iştirakçıların çoxsaylı suallarını cavablandırdılar.