Baş səhifə  arrow Yeniliklər arrow Kanadanın Türkiyədəki səfiri AMEA İTİ-də olmuşdur
Kanadanın Türkiyədəki səfiri AMEA İTİ-də olmuşdur Print
   12 Aprel 2011, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Kanadanın Türkiyədəki səfiri cənab Mark Beyli və səfirliyin ikinci katibi Timoti Makey ilə görüş keçirildi. Görüşdə Azərbaycanda son illərdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən genişmiqyaslı işlər, elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi, eləcə də Azərbaycan elminin dünya elminə inteqrasiyası, İKT layihələri, informasiya texnologiyaları sahəsində kadr hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AMEA İTİ-nin fəaliyyəti haqqında məlumat verən institutun direktoru, AMEA-nın müxbir üzvü professor Rasim Əliquliyev İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyi müasir dövrdə ölkəmizdə də biliklər iqtisadiyyatını formalaşdırmaq, elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin inteqrasiyasını təmin etmək, innovasiya siyasətinin səmərəsini artırmaq və s. kimi məsələlərin həyata keçirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirdi.

Dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda bu məsələlərin öz əksini tapdığını nəzərə çatdırdı. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması üçün əlverişli zəmin yarandığını qeyd edən alim institutun bu proseslərə elmi dəstək verdiyini, dövlət proqramlarının, İKT layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyini, müvafiq ideologiyanın tədrisi və əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər gördüyünü vurğuladı.

İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində “E-elm” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bu layihənin elmi təşkilatların, kollektivlərin qarşılıqlı əlaqəsi, elmi idarəetmənin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsi və dünya elm məkanına inteqrasiyasına nail olmaq məqsədi daşıdığını söylədi. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramından (Elektron Azərbaycan)” irəli gələn vəzifələrin icrasına elmi dəstək verməklə yanaşı elmin və təhsilin innovasiya əsasında qurulması, yüksək keyfiyyətli elmi kadrların hazırlanması, digər dövlət əhəmiyyətli araşdırmaların aparılması istiqamətində institutda görülən işlər haqında məlumat verdi. İKT sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən söhbət açdı.

Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən işlərin təqdirəlayiq hal olduğunu bildirən cənab Mark Beyli beynəlxalq elmi-texniki əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluğunu ifadə etdi. Məqsədinin Vaterlo Universiteti ilə AMEA İTİ arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdən ibarət olduğunu söylədi.

Yüksək ixtisaslı, peşəkar mütəxəssislər yetişdirən Vaterlo Universitetinin dünyanın aparıcı İT müəssisələri ilə, o cümlədən, Microsoft şirkəti ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etdi. Yeni texnologiyalarla təchiz olunmuş, beynəlxalq standartlara müvafiq şəkildə fəaliyyət göstərən AMEA İTİ ilə əməkdaşlıq istiqamətində təkliflərin müzakirə olunacağını bildirdi.

Qonaqlar AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində həyata keçirilən layihələrlə də tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.