Baş səhifə  arrow Yeniliklər arrow AMEA İnformasiya Texnologiyaları İnstitutunda Distant Tədris Mərkəzi açılmışdır
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Distant Tədris Mərkəzi açılmışdır Print
   07 Aprel 2011, saat 11:52
Image
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Distant Tədris Mərkəzinin açılışı olmuşdur.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev elmin təhsil sisteminə inteqrasiyası proseslərinin sürətləndirilməsində, yüksək ixtisaslı kadrların yetişdirilməsində, dünyanın aparıcı universitetləri ilə davamlı əlaqələrin yaradılmasında, bilik və təcrübə mübadiləsinin aparılmasında distant təhsil sisteminin mühüm rolunu vurğulamışdır.

Cəmiyyətin intellektual potensialının formalaşması, maariflənməsi, bilik mübadiləsi və təbliğində böyük əhəmiyyət kəsb edən bu təhsil formasının üstünlüklərindən danışan R.Əliquliyev layihənin həyata keçirilməsini İTİ-nin növbəti uğuru kimi qiymətləndirmiş, onu Azərbaycanda biliklər iqtisadiyyatının yaradılması sahəsində ilk addım kimi səciyyələndirmişdir.

Bildirilmişdir ki, yeni yaradılan mərkəzdə alim və mütəxəssislər regionlarda yerləşən ali təhsil müəssisələrinin tələbələrinə mühazirələr oxuyacaqlar.

Tədbirdə İTİ, Naxçıvan Dövlət Universiteti (NDU) və Qars Qafqaz Universiteti (QQU) arasında videokonfrans rabitəsi yaradılmışdır. AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, NDU-nun rektoru, akademik İsa Həbibbəyli və QQU-nun rektoru Sabir Özcan pilot layihənin məqsəd və əhəmiyyəti haqqında geniş fikir mübadiləsi aparmışlar. Naxçıvanda “E-Azərbaycan” Dövlət proqramı çərçivəsində görülən tədbirlərdən, əldə olunan nailiyyətlərdən söhbət açılmışdır.

İnformasiya cəmiyyəti prinsiplərinin davamlı şəkildə müvəffəqiyyətlə həyata keçirilməsi məqsədi ilə hazırda dünyanın aparıcı ölkələrinin texniki profilli universitetləri ilə əməkdaşlıq əlaqələrinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinin xüsusi önəm kəsb etdiyi bildirilmişdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın qeyd olunan məsələlərin səmərəli və kompleks həllinə yönəldiyi, bu hədəflərin daha müvəffəqiyyətlə həyata keçirilməsinin isə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi və cəmiyyətə inteqrasiyası proseslərinin sürətləndirilməsi ilə bilavasitə əlaqəli olduğu vurğulanmışdır.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri distant tədris sistemi vasitəsilə NDU-nun elmi tədqiqat və təhsil müəssisələrinin aspirant və dissertantları üçün informatika fənninin tədrisi üzrə müxtəlif kurs və treninqlər, layihələr həyata keçirəcəklər.

AzərTAc, 7 aprel 2011-ci il