Baş səhifə  arrow Yeniliklər arrow AMEA İTİ-də TERENA-nın məsul əməkdaşları ilə görüş keçirildi
AMEA İTİ-də TERENA-nın məsul əməkdaşları ilə görüş keçirildi Print
   29 Mart 2011, saat 06:24
Image
29 mart 2011-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) TERENA-nın (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Texniki Komitəsinin katibi Valentino Cavalli və digər məsul əməkdaşı Kevin Meynell ilə görüş keçirildi. Qonaqların Azərbaycana səfərinin məqsədi ölkəmizdə fəaliyyət göstərən elmi-tədqiqat və təhsil şəbəkələrinin müasir vəziyyəti ilə tanış olmaq, bu istiqamətdə Avropanın şəbəkə mühitinə inteqrasiya proseslərini sürətləndirmək kimi məsələləri geniş müzakirə etməkdir.

Qeyd edək ki, Baş Katibliyi Amsterdamda yerləşən təşkilatın prezidenti vəzifəsini 2009-cu ildə Baş Assambleya tərəfindən seçilmiş Janne Kanner icra edir. TERENA-ya 39 ölkə üzv olmuşdur. Azərbaycan da bu ölkələr sırasındadır. Respublikamızla yanaşı MDB ölkələrindən Latviya, Litva, Estoniya, Moldova və Belarus da qurumun üzvüdür. AMEA TERENA-ya üzv olaraq Azərbaycan elmi-tədqiqat və təhsil şəbəkəsini Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiya etmək istiqamətində əhəmiyyətli addım atmışdır. Azərbaycanı bu təşkilatda AMEA İTİ təmsil edir, sıx əməkdaşlıq əlaqələri mövcuddur. TERENA Baş Assambleyası qurumun ali orqanıdır. Baş Assambleyanın növbəti iclası 19 may 2011-ci il tarixdə Praqada keçiriləcək.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev AMEA-nın nəzdində fəaliyyət göstərən AzScienceNet şəbəkəsinin yaranması, inkişafı və perspektivləri haqqında məlumat verdi. Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması üçün əlverişli zəminin yarandığını söyləyən alim bildirdi ki, AR Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” və “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”-dan irəli gələn tapşırıqları icra etmək məqsədilə AMEA Korporativ şəbəkəsinin əsasında AzScienceNet elm kompyuter şəbəkəsinin (EKŞ) yaradılaraq inkişaf etdirilməsi zəruriyyəti meydana çıxmışdır. O, YUNESKO-nun Xüsusi komissiyasının tövsiyəsi ilə AMEA-nın üzvlüyü çərçivəsində TERENA-da qeydiyyata alınmış AzScienceNet EKŞ-in istismarının, idarə olunması və inkişafının AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən həyata keçirildiyini nəzərə çatdırdı. Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsi, eləcə də Azərbaycan elminin dünya elminə inteqrasiyası məsələlərini də zəruri etdiyini, bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətə malik olduğunu bildirdi.

R.Əliquliyev AzScienceNet EKŞ-in respublikamızda formalaşan Elektron Azərbaycan DP-nın bir seqmenti olan E-elmin şəbəkə platforması və infrastrukturu olduğunu, hazırda AzScienceNet EKŞ-nə 2 000-dən çox fərdi kompyuterin qoşulduğunu qeyd etdi. İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində “E-elm” layihəsi böyük əhəmiyyət kəsb edir. O, sözügedən layihənin elmi təşkilatların, kollektivlərin və alimlərin qarşılıqlı əlaqəsi, elmi idarəetmənin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsi və dünya elm məkanına inteqrasiyasına nail olmaq məqsədi daşıdığını nəzərə çatdırdı.

Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə AzScienceNet EKŞ-in yüksək imkanlara malik şəbəkə qurğuları və proqram məhsulları ilə təmin olunduğunu, “İstifadəçi və təhlükəsizlik siyasətləri”nin işləndiyini, informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinə operativ nəzarəti həyata keçirmək məqsədi ilə “Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti”nin yaradıldığını bildirdi. İnformasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu haqda məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin həyata keçirilməsi məqsədilə AZ-CERT qurumunun yaradıldığını və mərkəzləşdirilmiş antispam və antivirus servisləri təşkil olunduğunu nəzərə çatdırdı.

Alim bildirdi ki, hazırda AzScienceNet EKŞ-nin infrastrukturunun genişlənməsi, DATA (verilənlərin emalı mərkəzi) mərkəzin yaradılması, açıq grid, cloud computing (hesablama buludları) və eduroam (TERENA şəbəkəsində rouminq) servislərinin tətbiqi, videokonfrans sisteminin təşkili, müvafiq elm və təhsil şəbəkə qurumları ilə inteqrasiya istiqamətində kompleks işlər həyata keçirilir. AzScienceNet EKŞ eyni zamanda AMEA İTİ tərəfindən aparılan müvafiq elmi-tədqiqat işləri və şəbəkə texnologiyaları sahəsində kadr hazırlığı istiqamətində eksperimental baza rolunu oynayır.

R.Əliquliyev AzScienceNet-in əsas məqsədinin AMEA-nın institut və təşkilatlarında həyata keçirilən elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həlli üçün zəruri olan müasir şəbəkə xidmətlərinin təmin edilməsi olduğunu bildirdi.

Qeyd edək ki, “AzScienceNet” EKŞ-in TERENA-ya üzvlüyü həmin təşkilatın 3-4 iyun 2010-cu il tarixlərdə Vilnüs şəhərində keçirilən Baş Assembleyasında qərara alınmışdır.

Azərbaycan Respublikasında ilk veb-saytın AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.ab.az adı altında yaradıldığını diqqətə çatdıran alim sonralar bu saytın əhatə etdiyi informasiya fəzasının miqyasına, məzmununa və arxitektur göstəricilərinə uyğun yenidən işlənərək www.science.az (www.elm.az, www.nauka.az) adlandırıldığını söylədi. O, portalın əsas məqsədinin AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının informasiya mübadiləsi aparmasına, həmçinin alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmaq olduğunu qeyd etdi. AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri, AzScienceNet-in inkişaf perspektivləri, E-elmin şəbəkə strukturu, komponentləri haqqında da məlumat verdi.

TERENA haqqında geniş məlumatla çıxış edən cənab Kevin Meynell təşkilatın elmi-tədqiqat və təhsil müəssisələri tərəfindən istifadə edilən İnternet texnologiyaları, infrastruktur və xidmətlərin inkişafına dəstək istiqamətində əməkdaşlıq etmək, yeniliklərə nail olmaq və əldə edilən biliklərin mübadiləsi məqsədi ilə yaradıldığını bildirdi. Onun əsas fəaliyyətinin elmi-tədqiqat və təhsil şəbəkələrinin yüzlərlə mütəxəssisinin bilik və təcrübələrini səfərbər edərək onların Avropa və digər ölkələrdən olan həmkarları ilə əməkdaşlığına zəmin yaratmaq və dəstək verməkdən ibarət olduğunu söylədi.

TERENA-nın fəaliyyətinin əsasən Avropa elmi-tədqiqat və təhsil şəbəkəsində yeni təşəbbüslər üçün mühit təşkil etmək, müvafiq proqram vasitəsilə yeni şəbəkə, texniki avadanlıqlar və tətbiqi proqramların inkişaf etdirmək, qiymətləndirilmək, test və inteqrasiya edilməsində ümumavropa işinə dəstək verməkdən ibarət olduğunu nəzərə çatdırdı. Bununla yanaşı, qurumun Avropa elmi-tədqiqat və təhsil şəbəkəsində informasiya mübadiləsi məqsədi ilə konfrans və seminarları təşkil etdiyini qeyd etdi.

Cənab Valentino Cavalli çıxış edərək, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbirlərdən söhbət açdı. TERENA-nın Azərbaycan elmi-tədqiqat və təhsil şəbəkəsinin Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiya edilməsində əhəmiyyətli olan xidmətləri haqqında açıqlama verdi. 16-17 may 2011-ci il tarixdə Praqada TERENA-nın təşkilatçılığı ilə keçiriləcək “TERENA Networking Conferense” şəbəkə üzrə konfransla bağlı məlumat verdi.

Tədbirdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı, gələcək perspektivlər müzakirə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.