Baş səhifə  arrow Yeniliklər arrow 
Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının növbəti iclası keçirildi Print
   17 Mart 2011, saat 04:59
Image
Martın 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirildi.

İclası Problem Şurasının sədri akademik İsmayıl İbrahimov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

Tədbirdə 2010-cu ilin yekunları, 2011-2015-ci illərin elmi-tədqiqat planları, doktorant və dissertantların dissertasiya mövzularının təsdiq edilməsi qaydaları, PCI2010 konfransının yekunları və 2012-ci ildə keçirilməsi nəzərdə tutulan PCI 2012 konfransına hazırlıq haqqında məsələlər müzakirə olundu.

Problem Şurasının elmi katibi t.e.n. Ədalət Paşayev texnika elmləri üzrə prioritet istiqamətlərin müəyyən edilməsi üçün bu sahədə çalışan alim və mütəxəssislərin şuraya cəlb edilməsi istiqamətində görülən işlər, ötən ilin yekunları haqqında məlumat verdi. O bildirdi ki, institutlardan daxil olmuş mühüm elmi nəticələr AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində müzakirə olunaraq AMEA Rəyasət Heyətinə təqdim edilmiş və baxılmışdır. Kibernetika İnstitutundan 7, İnformasiya Texnologiyaları İnstitutundan 7, Milli Aviasiya Akademiyasından 3 və Sumqayıt Dövlət Universitetindən isə 1 mühüm nəticə şuraya daxil edilmişdir.

Ə.Paşayev AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş doktorant və dissertantların dissertasiya mövzularının təsdiq edilməsi qaydaları haqqında məlumat verərək bildirdi ki, AAK-ın qərarı ilə AMEA-nın elmi müəssisə və digər təşkilatlarından təqdim olunmuş dissertasiya mövzuları bölmə bürolarında Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müvafiq problem şurasının rəyi nəzərə alınmaqla təsdiq edilməlidir. AAK-ın bu qərarını dəyərləndirən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Problem Şurasına təqdim olunmuş elmi mövzuların şəffaflığının təmin edilməsi məqsədilə müvafiq reyestrin yaradılmasının məqsədəuyğun olduğunu qeyd etdi. O, bu məqsədlə rəhbərlik etdiyi institutda e-elm proqramı çərçivəsində mütəxəssislər tərəfindən araşdırmaların aparıldığını diqqətə çatdırdı.

AMEA Kibernetika İnstitutunun laboratoriya müdiri, t.e.n. Tofiq Babayev 2011-2015-ci illərin müvafiq elmi tədqiqat institutları və universitetlərin elmi-tədqiqat planları haqqında məlumat verdi.

T.e.n. Tahir Əlizadə 2010-cu il sentyabrın 6-da Bakıda keçirilən “Kibernetika və informatika problemləri – PCİ2010” III Beynəlxalq konfransı haqqında məlumat verdi. O, tədbirdə dünyanın 16 ölkəsindən 40-dan artıq alim və mütəxəssisin iştirak etdiyini qeyd etdi. PCİ2012 konfransının iclasının növbəti ilin sentyabr ayında keçirilməsinin planlaşdırıldığını qeyd etdi.

Gündəlikdəki məsələlər ətrafında müzakirələr aparıldı, müvafiq qərar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.