Baş səhifə  arrow Yeniliklər arrow İsrail şirkəti ölkəmizdə texnoparkların yaradılmasına diqqət göstərir
İsrail şirkəti ölkəmizdə texnoparkların yaradılmasına diqqət göstərir Print
   17 Mart 2011, saat 04:53
Image
Müasir dövrdə dünya iqtisadiyyatı biliklər, texnologiyalar və innovasiyalar əsasında formalaşır. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) bir çox ölkələrin inkişaf strategiyalarının və yoxsulluğun azaldılması üzrə siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilir. İKT strategiyaları hazırlanır, vətəndaş cəmiyyətinin və kommersiya strukturlarının informasiya texnologiyalarının imkanlarından tam bəhrələnməsi istiqamətində hədəflər müəyyən edilir.

Texnoparkların, inkubatorların yaradılması bu hədəflərdən biridir. Onların arasında elmi texnoloji parklar özünün çoxfunksionallığı, həll edilən məsələlərin müxtəlifliyi ilə seçilir. Texnoparkların yaradılmasında əsas məqsəd bilik və ixtiraların texnologiyalara, daha sonra kommersiya məhsuluna çevrilməsi, elmtutumlu sahibkarlıq sektoru vasitəsilə texnologiyaların sənayeyə ötürülməsi, elmtutumlu firmaların formalaşması və onların bazarda təşəkkülü, biznes sahəsində müəssisələrin dəstəklənməsi, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması, məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqidir.

Mütəxəssislərin qənaətinə görə, ictimai-siyasi reallıqları və təbii-iqtisadi resursları nəzərə alan texnopark modelinin düzgün seçilməsi, eləcə də konkret regionun elmi-texniki və innovasiya potensialının inkişaf səviyyəsinin nəzərə alınması ölkədə sosial-iqtisadi məsələlərin daha uğurlu həllinə kömək edir.

Hazırda dünyada inkişaf səviyyəsi müxtəlif olan ayrı-ayrı ölkələrdə texnoparkların yaradılması və inkişaf etdirilməsi məqsədi ilə layihələr həyata keçirilir. Texnoparklar İKT-nin dinamik inkişafına təkan verir. Ölkəmizdə də bu istiqamətdə məqsədyönlü tədbirlər görülür, aparıcı ölkələrin təcrübəsindən maksimum bəhrələnmək məqsədi ilə əməkdaşlıq əlaqələri genişləndirilir. Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Wazana Group Ltd” (İsrail) şirkətinin idarəetmə və investisiya üzrə məsləhətçisi doktor Yuri Yakub ilə keçirilən görüşdə də bu məsələlər müzakirə olundu, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Səfər çərçivəsində AMEA prezidenti akademik Mahmud Kərimovla görüşdüyünü qeyd edən qonaq, ölkəmizə gəlişinin biznes inkubatorların, texnoparkların yaradılması istiqamətində Azərbaycanda görülən işlərlə tanış olmaq məqsədi daşıdığını vurğuladı. Aparıcı ölkələrin iqtisadi inkişafının əsasən texnoloji nailiyyətlərə əsaslandığını, bu uğurların qazanılmasında İKT-nin əhəmiyyətli rolu olduğunu qeyd etdi. İKT-nin dünya iqtisadiyyatının dinamik inkişaf edən perspektivli sektoruna çevrildiyini bildirdi: “O ölkələr ki, mövcud iqtisadi potensiallarını bu imkanlardan səmərəli istifadəyə yönəldərək müasir texnologiyaların inkişafına dair xüsusi proqramlar və layihələr həyata keçirməklə infrastrukturu inkişaf etdirmiş, texnoparklar yaradaraq sahə üzrə kiçik və orta sahibkarlığa dəstək vermiş, İKT üzrə xüsusi zonalar formasında elm, təhsil və iqtisadiyyatın vəhdətini reallaşdırmışlar, onlar artıq müəyyən uğurlara nail olmuşlar. Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər bizi sevindirir. Mənim bu gün burada olmağımın səbəbi respublikanın müvafiq qurumları, qabaqcıl elmi müəssisələr ilə əməkdaşlığımızı genişləndirmək, öz təcrübəmizlə sizi tanış etməkdir”.

Qonaq təmsilçisi olduğu şirkətin ölkəmizdə İKT sahəsində məhsul və xidmətlərin istehsalı üzrə fəaliyyət göstərən biznes inkubatorların yaradılmasında əməkdaşlığa hazır olduğunu vurğuladı. 20 ildən artıq təcrübəyə malik “Wazana Group Ltd” şirkəti tərəfindən strateji biznesin inkişaf etdirilməsi və tərəfdaşlıq, idarəçilik, marketinq, sərmayə və büdcənin artırılması işlərinin həyata keçirildiyini qeyd etdi. Burada əsasən biznes inkubatorlarını yaratmaq, strateji məsləhətlər, idarəçilik, investisiya və büdcənin artırılması, beynəlxalq rabitə və ictimai əlaqələr, marketinq strategiyasının inkişaf etdirilməsi sahəsində peşəkar mütəxəssislərin cəmləşdiyini bildirdi. AMEA İTİ-də yaradılmış mükəmməl innovativ mühitin müzakirə edilən mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli olduğunu qeyd edən Y.Yakub institutda görülən işləri yüksək qiymətləndirdi.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Regional İnnovasiya Zonasının (RİZ) yaradılması istiqamətində məqsədyönlü tədbirlərin görüldüyünü, RİZ-in əsas hədəflərinin ölkə iqtisadiyyatında İKT-nin xüsusi çəkisini artırmaq, neft sektoruna alternativ yaratmaq, intellektual potensialın inkişafını və innovasiya yönümlü istehsalı təşviq etmək, rayonların inkişafına xidmət etmək, ölkənin ixrac potensialını artırmaqdan ibarət olduğunu bildirdi.

Dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da elmi-texniki infrastrukturu modernləşdirmək, elmin, təhsilin və istehsalın inteqrasiyasını təmin etmək, innovasiya siyasətinin səmərəsini artırmaq və s. kimi məsələlərin öz əksini tapdığını nəzərə çatdırdı. Bununla yanaşı, sözügedən strategiyada innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsinin də bir vəzifə kimi qarşıya qoyulduğunu qeyd etdi. “Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrasına dair tədbirlər planı”nda isə 2009-2011-ci illərdə elmi-tədqiqat işlərinin istehsalatda tətbiqini sürətləndirmək məqsədi ilə texnoparkların yaradılmasına dair təkliflərin və müvafiq normativ-hüquqi sənədlərin işlənilməsinin AMEA və müvafiq nazirliklərə həvalə olunduğunu söylədi.

Görüşdə, həmçinin hazırda uğurlu elmi nəticələrin istehsalatda tətbiq edilməsi müddətinin azaldılması məqsədilə mexanizmlərin hazırlanmasının zəruriliyi qeyd edildi. Texnoparkların və biznes inkubatorların yaradılmasının xarici və yerli şirkətlərin, eləcə də potensial investorların ölkənin İKT bazarına cəlb edilməsinə, respublikada elektron avadanlıqların istehsalı və ixracı üzrə yeni iş yerlərinin açılmasına şərait yaradılmasına, əlverişli coğrafi mövqeyə, mövcud texniki infrasturktura və ən əhəmiyyətlisi, respublikamızın regionda aparıcı mərkəzə və İKT məhsullarının ixracatçısına çevrilməsinə zəmin yaradacağı bildirildi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.