Baş səhifə  arrow Yeniliklər arrow Fransa şirkəti şəbəkə təhlükəsizliyinə dair texniki həllərini təqdim etdi
Fransa şirkəti şəbəkə təhlükəsizliyinə dair texniki həllərini təqdim etdi Print
   16 Mart 2011, saat 07:11
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda şəbəkə təhlükəsizliyinin təmini məsələlərinə həsr olunmuş elmi-praktiki seminar keçirildi.

Tədbirdə Fransanın məşhur NetASQ şirkətinin Orta Şərq və Şərqi Afrika regionları üzrə direktoru Hakam Kayed, beynəlxalq ekspert Kristofer Rap, NetASQ-ın texniki meneceri M.Reza Mamağani, “Mühəndisliyin texniki və fiziki problemləri” üzrə Beynəlxalq təşkilatın direktoru Naser M.Tabatabei və NetASQ-ın rəsmi distribyutoru MazyNet şirkətinin baş meneceri Julyen Kələntəri, həmçinin ölkəmizdə fəaliyyət göstərən bir sıra İT-şirkətlərin nümayəndələri iştirak edirdilər.

Tədbir şəbəkə təhlükəsizliyinin təmini sahəsində şirkətin əldə etdiyi nailiyyətlərlə, proqram məhsulları və texnologiyaları ilə tanışlıq, bu sahədə əldə olunmuş təcrübə ilə bölüşmək, fikir mübadiləsi aparmaq, əməkdaşlıq perspektivlərinin, o cümlədən bu texnologiyaların Azərbaycanın İT-bazarına çıxarılması məsələlərinin müzakirəsi məqsədini daşıyırdı.

Qlobal şəbəkə təhlükəsizliyinin təmini, şəbəkədə kompyuterlərin haker hücumlarından və ziyanlı proqramlardan mühafizəsi, spamların antivirus və anticasus modulları vasitəsi ilə filtrasiyası və s. məsələlər ilə məşğul olan, brandmauerlərin istehsalına görə Avropada aparıcı şirkətlərdən hesab edilən NetASQ 1998-ci ildə Fransada yaradılıb. NetASQ-ın dünyanın 40 ölkəsində 750-dən artıq partnyoru vardır. Şirkətin ABŞ, Avropa və Asiya ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir.

Tədbirdə çıxış edən Hakam Kayed şəbəkə təhlükəsizliyinin təmini məsələləri üzrə ixtisaslaşmış şirkət olan NetASQ-ın fəaliyyəti haqqında məlumat verdi. H.Kayed şirkətin yarandığı dövrdən etibarən innovasiyaların illər üzrə inkişaf dinamikasını təqdim edərək 13 il ərzində yüksək nəticələrin əldə edildiyini bildirdi. O, NetASQ-ın Fransada İT-təhlükəsizlik məsələləri üzrə brend şirkətlər sırasında Cisco şirkətindən sonra 2-ci yer tutduğunu söylədi. NetASQ-ın proqram məhsulları və texnologiyalarının tətbiqinin üstünlüklərindən söhbət açan qonaq şəbəkə mühitində mövcud təhlükələrdən, haker hücumlarından və ziyanlı proqramlardan mühafizə yolları, bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verdi: “Fransa və dünya banklarına öz məhsullarımızı təqdim edirik. Ən böyük müştərilərimizdən biri İngiltərənin Kembric Universiteti və NATO-dur. Məhsullar Kembric Universitetinin bütün kampuslarında tətbiq edilir”. Şirkətin partnyorları haqqında da məlumat verən H.Kayed ən böyük partnyorlarının “Orange” şirkəti olduğunu bildirdi: “Orange 10 mindən çox şirkətə bizim məhsullarımızı satmışdır”.

“Veb risklər” mövzusunda məruzə ilə çıxış edən Kristofer Rap veb-təhlükələrin aradan qaldırılması, veb-saytların təhlükəsizliyinin təmini istiqamətində görülən işlər, təqdim edilən məhsullar, proqram təminatları haqqında məlumat verdi. Müxtəlif şəbəkələrə olan hücumlardan söhbət açaraq bu hücumların qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışdı, hücumların aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyini qeyd etdi. K.Rap həmçinin serverlərin, verilənlər bazasının təhlükəsizliyinin qorunması, kredit kartlara dair məlumatların oğurlanması, təhlükəsizlik tədbirlərinə mümkün müdaxilələr, veb-protokollara olan hücumlar haqqında da məlumat verərək, bu hücumların asanlıqla aşkarlanması üçün daha təhlükəsiz konfiqurasiyaların qurulmasının məqsədəuyğunluğunu bildirdi.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çağdaş dövrdə qloballaşma proseslərinin geniş vüsət almasında mühüm rol oynayan qlobal şəbəkə təhlükəsizliyi təmininin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirdi. O, bu gün dünyanın demək olar ki, bütün ölkələrində əsasən İKT sahəsində müşahidə olunan elmi-texniki tərəqqi nəticəsində əldə olunan nailiyyətlərlə yanaşı bir sıra problemlərin də yarandığını bildirdi. Alim müxtəlif şirkət, elmi mərkəz və laboratoriyalar tərəfindən qlobal şəbəkədə informasiyanın qorunması, onun təhlükəsizliyinin təmini, veb-saytların və kompyuterlərin hakerlərin hücumlarından, zərərli proqramlardan mühafizəsi, bədniyyətlilər tərəfindən şəbəkələrə hücumların təşkilinin, müxtəlif növ virusların fəaliyyətinin qarşısının alınması istiqamətində aparılan məqsədyönlü işlərdən söhbət açdı. O, dövlət qurumları, təşkilat, müəssisə və şirkətlərin şəbəkəsində müxtəlif növ nasazlıqların baş verməməsi və iş fəaliyyətində fasilələrin yaranmaması üçün müxtəlif proqram məhsullarının, şəbəkə texnologiyalarının tətbiqinin zəruriliyini qeyd edti.

R.Əliquliyev qonaqlara AzScienceNet Elm kompyuter şəbəkəsinin fəaliyyəti haqqında məlumat verdi. AzScienceNet-in respublikamızda formalaşan E-Azərbaycanın bir seqmenti olan e-elmin şəbəkə platforması və infrastrukturu olduğunu qeyd edən institut direktoru hazırda şəbəkəyə bütün elmi-tədqiqat institutları və laboratoriyaların, 2 000-dən çox fərdi kompyuterin qoşulduğunu və 10 000-dən artıq istifadəçisi olduğunu bildirdi. Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə AzScienceNet-in yüksək imkanlara malik şəbəkə qurğuları və proqram məhsulları ilə təmin olunduğunu bildirən alim şəbəkənin keyfiyyət göstəricilərinə və informasiya təhlükəsizliyinin təmin olunma səviyyəsinə operativ nəzarəti həyata keçirmək üçün “Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti”nin yaradıldığını söylədi. AzScienceNet-də baş verə biləcək informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu insidentlər haqqında məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin yaradılması məqsədilə AZ-CERT qurumunun yaradıldığını da qeyd edən R.Əliquliyev AzScienceNet-də mərkəzləşdirilmiş antispam və antivirus servislərinin təşkil olunduğunu nəzərə çatdırdı.

AzScienceNet-in eyni zamanda AMEA İTİ tərəfindən aparılan müvafiq elmi tədqiqat işləri və ölkə üzrə şəbəkə texnologiyaları sahəsində mütəxəssis hazırlanması üçün eksperimental baza rolunu oynadığını vurğulayan natiq YUNESKO-nun Xüsusi komissiyasının tövsiyəsi ilə AzScienceNet-in TERENA-da qeydiyyata alındığını qeyd etdi.

R.Əliquliyev şəbəkə təhlükəsizliyinin təmini istiqamətində görülən işləri ölkənin milli informasiya təhlükəsizliyi sisteminin formalaşması istiqamətində atılan addım kimi dəyərləndirdi, İnternetdən təhlükəsiz istifadənin təmini məsələləri üzrə ixtisaslaşmış şirkətlərin təcrübəsindən, əldə etdikləri nailiyyətlərdən, təqdim edilən proqram məhsulları və texnologiyalardan yararlanmaq, bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması, bilik və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.