Baş səhifə  arrow Yeniliklər arrow AMEA İTİ-də rusiyalı alim və mütəxəssislərlə görüş keçirildi
AMEA İTİ-də rusiyalı alim və mütəxəssislərlə görüş keçirildi Print
   25 Noyabr 2010, saat 12:00
Image
Ölkəmizdə milli ənənələri qorumaqla, Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirilir.

Müasir dövrdə İKT-nin inkişafı biliklər iqtisadiyyatının qurulmasına təkan verir. Sevindirici haldır ki, ölkəmiz İKT sektorunun inkişaf etdirilməsi üzrə regionda lider dövlətə çevrilmişdir. Bu liderliyi qoruyub saxlamaq, inkişaf etdirmək üçün informatikanın öyrənilməsi, bu sahəyə diqqətin artırılması zəruridir. İnsanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri üçün texniki bacarıq və vərdişlərin aşılanması dövrün vacib şərtidir.

İnformatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətinin yüksəlməsində, elmi, praktiki biliklərin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində əhəmiyyətli rol oynayır. Dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Məhz bu səbəbdən əksər dünya ölkələrinin təhsil sistemində informatikanın ən mühüm və vacib fənlərdən biri kimi öyrənilməsinə xüsusi diqqət yetirilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Rusiya Federasiyası Prezidenti Mükafatı laureatı, professor Vladimir Kiryuxin və İnformatika üzrə Rusiya Olimpiada Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi Marina Svetkova ilə keçirilən görüşdə də bu məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirdə AR Təhsil Nazirliyinin “Təhsilin idarə olunmasının informasiya sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqov, Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə, alim və mütəxəssislər, informatika fənni üzrə orta məktəb müəllimləri, ötən il informatika üzrə beynəlxalq olimpiadada ölkəmizi təmsil edən məktəblilər iştirak edirdilər.

Görüşdə İKT-nin təhsildə tətbiqi, informatika üzrə beynəlxalq olimpiadalarda uğurların əldə olunması üçün hazırlıq mərhələləri, yüksək səviyyəli kadr hazırlığı məsələləri müzakirə olundu, bu sahədə beynəlxalq təcrübədən bəhrələnməyin zəruriliyi qeyd edildi.

Rusiyalı qonaqlar görüşdən əvvəl institutda aparılan yenidənqurma işləri, istifadəyə veriləcək ən son texnologiyalarla təchiz olunmuş yeni Tədris-İnnovasiya Mərkəzi ilə tanış oldular. Burada distant təhsilin, xüsusi proqramların reallaşdırılması üçün yaradılmış şərait, tədrisin keyfiyyətinə nəzarət sistemləri, “İnformatika” fənni üzrə ümumrespublika olimpiadalarının, elmi konfrans və seminarların, dəyirmi masaların keçirildiyi otaqlarla tanış oldular.

Azərbaycanda informasiya cəmiyyəti quruculuğunun dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini qeyd edən institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini bildirdi. Müasir dövrdə İKT-nin hər bir dövlətin, xalqın ümumi inkişaf səviyyəsindən, intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrildiyini qeyd edən alim hazırda dünyada, eləcə də ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına və inkişaf etdirilməsinə, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirildiyini nəzərə çatdırdı.

Təhsilin informasiyalaşdırılması problemləri ilə bağlı institutda fasiləsiz keyfiyyətli təhsilin təmin edilməsində informasiyalaşdırma, İnternet mühitində sosial şəbəkələr və müstəqil təhsildə onların rolu, proqram mühəndisliyi, informasiya cəmiyyətində təhsil hüququ, informasiya mədəniyyəti, İT ixtisasları üzrə mütəxəssis hazırlığı, distant təhsil nəzəriyyələri və s. istiqamətdə aparılan elmi araşdırmalar haqqında məlumat verdi. R.Əliquliyev institutun fəaliyyəti və inkişaf perspektivləri, “Elektron Azərbaycan” DP və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində innovasiya texnologiyalarının inkişafı, intellektual resursların artırılması, İKT-nin müxtəlif problemlərinin tədqiqi, informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının araşdırılması, o cümlədən İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti, regionlarda orta ümumtəhsil məktəblərinin müəllimləri üçün “İnformatika” fənninin tədrisi və s. istiqamətdə aparılan işlər haqqında geniş məlumat verdi. AR Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” çərçivəsində İTİ-nin qarşısına qoyulan vəzifələrdən söhbət açdı.

Təhsil sisteminin informasiyalaşdırılması üzrə DP-nın əsas məqsədinin təhsilin bütün pillələrində müasir İKT-nin səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasıya olunması üçün şərait yaratmaqdan ibarət olduğunu qeyd etdi. Bu sahədə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd etdi.

R.Əliquliyev elektron təlim texnologiyalarından istifadə bacarığının mütləq şərtlərdən olduğunu vurğuladı, yüksək texniki biliklərə malik pedaqoji kadrların yetişdirilməsinin bu gün Azərbaycanın təhsil sisteminin qarşısında duran ən başlıca vəzifələrdən biri olduğunu qeyd etdi. Respublikamızda əhalinin kompyuter biliklərinə yiyələnməsinin ən mühüm problemlərdən biri olduğunu nəzərə çatdıran alim bu istiqamətdə dünyada mövcud olan qabaqcıl təcrübələrdən bəhrələnərək yeni tədris mexanizmlərinin işlənilməsi, təhsildə İKT-nin geniş tətbiqi istiqamətində institutda aparılan elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və s. haqqında məlumat verdi.

AR Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar regionlarda rəqəmsal geriliyin aradan qaldırılması, İKT sahəsində milli kadrların hazırlanması istiqamətində həyata keçirilən layihələrdən söhbət açdı. İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verən professor Rusiyanın tanınmış alim və mütəxəssisləri ilə də yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu bildirdi.

Vahid informasiya mühitinin yaradılması üçün təhsil müəssisələrinin İnternetə çıxışının təmin edilməsi, distant təhsil kurslarının təşkili, milli elektron resursların yaradılması, virtual pedaqoji cəmiyyətlərin fəaliyyət göstərməsi, telekonfransların, forumların və ən nəhayət olimpiadaların təşkilinin vacib şərt olduğunu vurğulayan professor Rasim Əliquliyev keyfiyyətli təhsil sisteminin təmin edilməsi üçün İKT-nin imkanlarından səmərəli istifadə olunmasının vacib məsələ olduğunu bildirdi. Bu istiqamətdə informatika üzrə olimpiadaların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Məlumat üçün bildirək ki, ilk dəfə informatika üzrə beynəlxalq olimpiada YUNESKO-nun təşkilatçılığı ilə 1989-cu ilin may ayında Bolqarıstanın Pravets şəhərində keçirilmişdir. O zamandan etibarən hər il məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada (İOİ) dünyada kompyuter texnologiyaları üzrə ən nüfuzlu müsabiqə hesab edilir. Bu mötəbər bilik yarışmasında dünyanın 80-dən çox ölkəsi təmsil olunur. Hər bir ölkədən yalnız 4 məktəblinin qatıldığı olimpiadada iştirakçılar alqoritmik məsələlərin həlli, proqramlaşdırma sahəsində öz biliklərini nümayiş etdirirlər. Bu müsabiqənin qalibinə “Dünyanın ən qabaqcıl kompyuter alimi” titulu verilir. 1994-cü ildən etibarən ölkəmiz də bu olimpiadada iştirak etməyə başlamış, müxtəlif illərdə gümüş və bürünc mükafatlar qazanılmışdır.

Qeyd edək ki, ölkəmizdə beynəlxalq standartlara müvafiq informatika üzrə ümumrespublika olimpiadaları hər il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

“Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”na uyğun olaraq təşkil edilən bu tədbirin keçirilməsində məqsəd gənclərimizin İKT hazırlığının daha da təkmilləşdirilməsi, kompyuter proqramlaşdırması sahəsində istedadlı və qabiliyyətli gənclərin aşkara çıxarılmasıdır.

Gənclərin ölkədə gedən ictimai, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində öz gücünü, intellektini, bacarığını nümayiş etdirməsi üçün elmin təhsillə inteqrasiyasının vacib amil olduğunu qeyd edən professor Rasim Əliquliyev bugünkü görüşün bu baxımdan da böyük əhəmiyyət daşıdığını vurğuladı.

Moskvalı qonaqları salamlayan Ramin Mahmudzadə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində istedadlı tələbə və məktəblilərin aşkara çıxarılması, onlara dəstək məqsədi daşıyan informatika üzrə olimpiadaların müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu sahədə bilik və təcrübəsi ilə bölüşmək üçün ölkəmizə təşrif buyurmuş rusiyalı həmkarlarına gələcək fəaliyyətlərində uğurlar dilədi.

Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası"nın final mərhələsinin hər ilin may ayında AMEA İTİ-də keçirildiyini nəzərə çatdıran alim institutun rəhbərliyinə və bütün kollektivə böyük dəstəyə görə minnətdarlığını qeyd etdi.

Pedaqoji informatikanın yeni, lakin dinamik inkişaf edən bilik sahəsi olduğunu vurğulayan R.Mahmudzadə bu sahədə kadr hazırlığı istiqamətində mövcud problemlərdən söhbət açdı. Təhsilin informasiyalaşdırılmasının həyata keçirilməsində informatika müəllimlərinin böyük rolunu qeyd edən natiq hazırda informatika sahəsində kadr hazırlığına yönəlmiş pedaqoji tədqiqatların aparıldığını və gələcəkdə öz bəhrəsini verəcəyinə əminliyini bildirdi.

İnformatika müəlliminin peşəkar bacarığının yüksəldilməsində onun praktiki fəaliyyətinin önəmliyini qeyd edərək, məzmun-əməliyyat komponentinin “müəllim-informatika-şagird” sistemində idarəetmə funksiyasını yerinə yetirən fənn üzrə fəaliyyət əsasında yerinə yetirilməli olduğunu vurğuladı.

Elm və texnologiyanın inkişafının, qabaqcıl innovasiya sisteminin nəzəri, metodolojı və tətbiqinin elmi əsaslar üzərində formalaşdırılmasının zəruriliyini qeyd edən Marina Svetkova “E-Rusiya” Dövlət Proqramı çərçivəsində vahid e-təhsil sisteminin rəqəmsal məktəblərin inkişafı istiqamətində 2007-2010-cu illərdə həyata keçirilən layihələr haqqında məlumat verdi. İnnovasiya texnologiyalarının dinamik inkişafının yeni məzun modelinin hazırlanmasını zəruriləşdirdiyini qeyd etdi.

Rusiyada son 5 ildə məktəblərdəki İKT resursları vasitəsilə informatika sahəsində distant təhsilin həyata keçirildiyini nəzərə çatdıran qonaq müasir tələblərə müvafiq informasiya mühitinin formalaşdığını şəbəkə müsabiqə və olimpiadalarının reallaşdırıldığını qeyd etdi. Müxtəlif profilli siniflərin mövcud olduğu informatika təmayüllü məktəblərdə informasiya mərkəzinin təşkilinə xüsusi önəm verildiyini söylədi. Region məktəblərində şəbəkə profilli biliklərin formalaşmasına, məktəb saytlarında olimpiada bölməsinin istismarına və s. diqqət yetirildiyini qeyd etdi: “Qarşımızda duran əsas məsələ müəllim və şagirdlərə metodiki kömək göstərməkdir. Bu istiqamətdə informatika olimpiadaları üzrə mütodiki tədris nəşrlərinin böyük əhəmiyyəti var. 2005-ci ildən etibarən “BİNOM. Biliklər laboratoriyası” “İnformatika olimpiadasının kitabxanası” layihəsini reallaşdırır. Bu layihə informatika üzrə ümumrusiya olimpiadalarının mərkəzi metodiki komissiyasının üzvləri, informatika üzrə dərsliklərin müəllifləri və digər mütəxəssislərin sıx əməkdaşlığı ilə həyata keçirilir. Burada təkcə yuxarı sinif şagirdləri üçün deyil, azyaşlılar üçün də metodiki vəsaitlər var. Ümumiyyətlə beynəlxalq olimpiadalarda yüksək göstəricilərə nail olmaq üçün ibtidai sinifdən başlamaq lazımdır. Azərbaycanda İKT sahəsində əldə olunan müvəffəqiyyətlər bizi sevindirir. Bizim bu gün burada olmağımızın səbəbi respublikanın qabaqcıl elm və təhsil müəssisələri ilə əməkdaşlığımızı genişləndirmək, öz təcrübəmizlə sizi tanış etməkdir”.

Təhsil sisteminin inkişafında innovasiya texnologiyalarının əhəmiyyətini qeyd edən qonaq orta məktəbin ibtidai siniflərindən başlayaraq yeni modellərin formalaşması və tədris planının reallaşdırılması üsulunun, qiymətləndirmə sistemində dəyişikliklərin, sinif-dərs sisteminin yaradılmasına yeni yanaşmanın, ənənəvi əzbərçilik metodlarından uzaqlaşaraq yeni interaktiv üsullardan istifadənin zəruriliyini bildirdi.

AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində yaradılmış mükəmməl innovativ mühitin müzakirə edilən mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli olduğunu qeyd edən V.Kiryuxin elmlə təhsilin vəhdəti istiqamətində institutda görülən işləri yüksək qiymətləndirdi. Rusiyada tələbə və şagirdlərin tərbiyəsinə, təhsilinə xüsusi diqqət yetirildiyini, bu istiqamətdə dövlət proqramları çərçivəsində müxtəlif layihələrin həyata keçirildiyini, orta ümumtəhsil məktəblərində informatikanın tədrisi metodiki sisteminin əsas komponentlərinin və onların tədris prosesində qarşılıqlı əlaqəsinin öyrənildiyini qeyd etdi, İKT-nin tətbiqi ilə hazırlanmış proqram və dərsliklərdən söhbət açdı.

İnformatika üzrə olimpiadaların istedadlı tələbə və məktəblilərin aşkara çıxarılması, onlara dəstək verilməsindən əlavə beynəlxalq yarışların qaliblərinin ali məktəblərə imtahansız qəbulu baxımından da əhəmiyyətli olduğunu bildirdi. Beynəlxalq olimpiadalarda qalib olmaq üçün mərhələli şəkildə mükəmməl hazırlıq keçməyin vacib olduğunu qeyd etdi: “Beynəlxalq səviyyəli yarışlarda qalib gəlməklə də hər şey bitmir. Əksinə informatika və proqramlaşdırma sahəsində yüksək səviyyəli kadr hazırlığının başlanğıcı qoyulur. İstər ümumrespublika olimpiadalarının, istərsə də beynəlxalq səviyyəli yarışların qalibləri seçilmiş bacarıqlı gənclərdir. Onlarla daim işləmək, bilik və bacarıqlarının inkişafı istiqamətində tələbə və şagirdlərə dəstək vermək lazımdır”.

Bu istiqamətdə əldə etdiyi 20 illik təcrübəsindən söhbət açan alim informatika olimpiadaları ilə bağlı müəllifi olduğu kitablarla əlaqədar maraqlı açıqlamalar verdi. “İnformatika üzrə məsələlərin həlli metodikası” vəsaitini təqdim edən V.Kiryuxin kitabda 18 beynəlxalq olimpiadada (1989-2006-cı illər) verilmiş məsələlərin həllinin analiz edildiyini bildirdi. Burada əsas diqqət məsələlərin həlli metodikasının müzakirəsinə, həmçinin tələbə və şagirdlərin müstəqil olaraq hazırlaşmalarına yönəlib. Kitabın informatika fənni ilə maraqlanan və gələcəkdə bu istiqamətdə ixtisaslaşan tələbə və şagirdlər, eləcə də standart tədris proqramları ilə kifayətlənməyən müəllimlər üçün nəzərdə tutulduğunu bildirdi. İnformatika üzrə olimpiadaların tələbə və şagirdlərin proqramçı kimi yetişmələrində böyük əhəmiyyət kəsb etdiyini söylədi. Sözügedən olimpiadaların gənc nəslin müstəqil dərketmə, məntiqlə düşünmək qabiliyyyətinin inkişafına xidmət etdiyini vurğuladı. Hazırda alim və mütəxəssislərin müasir təhsil sistemində ənənəvi əzbərçilik metodlarından uzaqlaşaraq yeni interaktiv dərslərin həyata keçirilməsinə müvəffəq olmağa çalışdıqlarını və bu sahədə ABŞ və Çin təcrübəsindən bəhrələnməyin əhəmiyyətli olduğunu qeyd etdi.

Tədbirdə, həmçinin informatika fənninin fundamental anlayışları, informatika dərslərinin inteqrasiyası prosesində şagirdlər tərəfindən dərsin əsas mahiyyətinin qavranılması, tədris prosesində informatika fənninə diqqətin artırılması, bu sahədə kadr hazırlığı istiqamətində mövcud problemlər və s. mövzular ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.