Baş səhifə  arrow Yeniliklər arrow AMEA İTİ-də Ümumdünya GIS günü qeyd olunmuşdur
AMEA İTİ-də Ümumdünya GIS günü qeyd olunmuşdur Print
   15 Noyabr 2010, saat 12:00
Image
İnformasiya cəmiyyətində modern dövlət quruculuğu prinsiplərindən biri informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istənilən sahədə innovativ inkişafa, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülünə nail olmaq, yüksək ixtisaslı, kreativ kadr hazırlığı siyasətini reallaşdırmaqdır.
İnformasiya cəmiyyətində modern dövlət quruculuğu prinsiplərindən biri informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istənilən sahədə innovativ inkişafa, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülünə nail olmaq, yüksək ixtisaslı, kreativ kadr hazırlığı siyasətini reallaşdırmaqdır. Bu gün müasir texnologiyaların tətbiq sahələrinin genişlənməsi, yeni istiqamətlərinin meydana çıxması bəşəriyyətin rifahı üçün vacib olan taleyüklü problemlərin həllində əhəmiyyətli rol oynayır.

Yeni cəmiyyətin innovativ tələblərinin bərqərar olması, İKT sahəsinin dinamik inkişafı məqsədlərinə nail olmaq üçün mühüm strateji əhəmiyyətli proqramlar, müxtəlif layihələr həyata keçirilir, beynəlxalq səviyyədə əlaqələr qurulur. Bu tədbirlər öz növbəsində müvafiq sahə üzrə yüksək göstəricilərə malik ölkələrlə bilik və təcrübə mübadiləsinə, innovasiyaların tətbiqinə, innovativ potensialın inkişafına, birgə akademik elmi-texniki araşdırmaların aparılmasına, İKT sektoruna investisiya cəlbinə geniş zəmin yaradır.

Rəqəmsal əsrdə informasiya cəmiyyəti və İKT-nin müxtəlif tətbiqi problemləri, həlli yollarının araşdırılması ilə bağlı ciddi işlər aparılır. Bu sahənin inkişaf tendensiyaları və perspektivləri tədqiq edilir, dünya təcrübəsi öyrənilir, bilik və təcrübə mübadiləsi aparılır. Sadalanan məsələləri müasir tələblərə müvafiq olaraq həyata keçirmək məqsədilə beynəlxalq səviyyədə müxtəlif tədbirlər həyata keçirilir.

Bu əlamətdar hadisələrdən biri də 1998-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində qeyd olunan Ümumdünya Coğrafi İnformasiya Sistemləri Günüdür (GIS – Geographic Information System). Müasir dövrdə GIS texnologiyalarının tətbiqi sahələri günü-gündən genişlənir. Bu texnologiyalardan əksər fəaliyyət sahələrində - torpaq kadastrı, kartoqrafiya, neft və qaz, nəqliyyat, biznes, təhsil, tikinti, ekologiya, seysmologiya, kənd təsərrüfatı və s. geniş istifadə edilir. GIS-in yeni imkanlarının yaradılması, tətbiqi sahələrinin araşdırılması ilə əlaqədar dünyanın müxtəlif universitet və elmi mərkəzlərində tədqiqatlar aparılır.

GIS texnologiyalarının müxtəlif fəaliyyət sahələrində tətbiqinin zəruriliyinə çağırış məqsədi daşıyan və hər il noyabr ayının 3-cü həftəsində qeyd olunan Ümumdünya GIS Gününün bu il 17 noyabr tarixdə keçirilməsinə qərar verilib. Tədbir “GIS vasitəsilə dünyanı kəşf edək” devizi altında qeyd edilir. ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti, USGS (United States Geological Survey – Birləşmiş Ştatların Geoloji Tədqiqatlar Agentliyi), geoinformasiya sistemləri və məhsullarının istehsalı üzrə məşhur olan ESRI, o cümlədən “Sun Microsystems” və “Hewlett-Packard” kimi bir sıra iri şirkət və təşkilatların təşəbbüsü və himayəsi altında qeyd olunan bu əlamətdar gün artıq 12 ildir ki, dünyanın GIS üzrə peşəkarlarını, həmçinin geoinformatika sahəsində fəaliyyət göstərən təşkilatları, alim və mütəxəssisləri bir araya toplayır. Həmin gün GIS üzrə peşəkarlar bu sahədə əldə etdikləri bilik və təcrübələri ilə bölüşürlər, coğrafiya elminin bütün bəşəriyyət üçün vacibliyi, bu sahədə texnologiyaların əhəmiyyəti, müxtəlif real problem və məsələlərin həllində yaratdığı böyük imkanlar haqqında geniş məlumatlar verilir. Bu sahədə həyata keçirilən müxtəlif layihələr, görülən işlər gənc nəslin nümayəndələrinə, ictimaiyyətə təqdim olunur. Müxtəlif elm və təhsil müəssisələrinin kartoqrafiya məhsullarının nümayişi, sərgilər, seminarlar, ümumiyyətlə, yeniliklərlə maraqlananlar üçün “Açıq qapılar” günü təşkil olunur.

GIS-texnologiyalar Yer üzərindəki bütün obyektləri xəritələşdirməyə, onları parametrlərinə görə təhlil etməyə, vizuallaşdırmağa və bu məlumatlar əsasında müxtəlif hadisələri proqnozlaşdırmağa, həmçinin məkan məlumatlarının toplanması və emalına imkan verir. Başqa sözlə, bu, istifadəçilərə rəqəmsal xəritələri, həmçinin obyektlər haqqında məlumatları (ünvan, sakinlərin sayı və s.) axtarmağa, təhlil və redaktə etməyə imkan verən vasitədir. Bundan əlavə, GIS kartoqrafik informasiya ilə mübadilə üçün də geniş imkanlara malikdir. Bu sistemin köməyi ilə hər hansı elektron xəritə İnternet vasitəsilə Yer kürəsinin istənilən nöqtəsinə ötürülə bilər. Bu texnologiyalar həm qlobal (iqlim dəyişikliyi, əhali artımı, aclıq, təbii fəlakətlər, ərazilərin çirklənməsi və s.), həm də lokal xarakterli məsələlərin (məntəqələr arasında daha əlverişli marşrutun axtarılması, yeni ofisin yerləşdirilməsi üçün münasib yerin seçimi, evin ünvanla axtarışı və s.) təhlili və eləcə də həllində mühüm rol oynayır.

Müqayisə üçün bildirək ki, ötən il “Tarix: Təhsil: Tədqiqat: Tətbiq” devizi altında qeyd edilən GIS Günü – coğrafi biliklər həftəsi çərçivəsində dünyanın 70-ə yaxın ölkəsində 700-dən artıq təşkilat forum, sərgi və seminarlar keçirmişdir. Bu il isə GIS tədbirlərinə qoşulan ölkələrin sayı 80-dən artıq olub. Bu tədbirlərdə iştirakçılar geoinformatika sahəsində əldə olunmuş son nailiyyətlərlə tanış olmuşlar. Bu kimi tədbirlər coğrafi biliklərin əhəmiyyətli rolunu nümayiş etdirməklə bu biliklərin artırılması üzrə səyləri səfərbər etmək çağırışı missiyasını daşıyır.

Azərbaycanda informasiya cəmiyyətinin qurulmasında İKT-nin digər sahələri ilə yanaşı, geoinformatika sahəsinin də inkişafı, GIS texnologiyalarından istifadə və tətbiq məsələləri böyük önəm kəsb edir. Son illər ölkəmizdə GIS texnologiyalarının tətbiqi sahəsində müxtəlif layihələr həyata keçirilir, mühüm işlər görülür. Ölkənin digər müvafiq qurumları ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutu da bu proseslərdə yaxından iştirak edir. İnstitutda GIS texnologiyalarının elmi-nəzəri əsasları araşdırılır, yeni metodlar, texnologiyalar işlənilir, müxtəlif praktiki layihələr həyata keçirilir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya GIS Günü ilə əlaqədar keçirilən elmi seminarda coğrafi informasiya sistemlərinin tətbiqi və elektron xəritələrin işlənməsi, GIS və avtomatlaşdırılmış kartoqrafiyanın inkişafı, coğrafi məlumatların toplanması, yayılması və s. təşkili məsələləri əsas müzakirə obyekti olmuşdur. Tədbirdə GIS texnologiyalarının məqsəd və vəzifələri, yaratdığı geniş imkanlar, əldə olunan nailiyyətlər, beynəlxalq təcrübə və s. mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmış, təklif və tövsiyələr səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ölkəmizdə İKT-nin vacib istiqamətlərindən olan GIS texnologiyalarının tətbiqi üzrə mövcud vəziyyət, bu sahədə aparılan işlər haqqında məlumat vermişdir. Coğrafi informasiya sistemlərinin əsasını məkan haqqında məlumatların emalı proseslərinin təşkil etdiyini bildirən alim ölkəmizdə GIS texnologiyalarının müxtəlif sahələrdə tətbiqi və inkişafının, bu istiqamətdə davamlı mühüm elmi tədqiqatların aparılmasının zəruriliyini vurğulamışdır. Bu texnologiyaların tətbiqi mexanizminin dərindən mənimsənilməsinin vacibliyini söyləyən alim müasir dövrdə GIS-in informasiya təhlükəsizliyi, elm, təhsil, səhiyyə və s. kimi sahələrdə də tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Alim ekoloji vəziyyətin və təhlükəli təbii hadisələrin monitorinqi, tematik xəritə və atlasların yaradılması, həmçinin elektron dövlətin ayrı-ayrı seqmentlərinin formalaşması kimi məsələlərin həllində GIS texnologiyalarının mühüm rol oynadığını söyləmişdir.

R.Əliquliyev GIS texnologiyalarının Azərbaycanın tarixi əraziləri, şəhər və kəndləri, çay və meşələri, o cümlədən dilbər guşələrinin, istirahət zonalarının, sağlamlıq mərkəzlərinin təbliği baxımından elektron turuzmin inkişafında da mühüm rol oynadığını qeyd etmişdir. GIS üzrə qabaqcıl texnologiyaların Azərbaycanda müxtəlif sahələrdə geniş tətbiqi, bu sahə üzrə alim və mütəxəssislərin yetişdirilməsinin önəmliyini bildirdən alim müvafiq texnologiyaların tətbiqi problemlərinin araşdırılması mövzularına həsr olunmuş dissertasiya işlərinin sayının artırılmasının zəruriliyini vurğulamışdır.

Alim həmçinin GIS texnologiyalarının dinamik inkişafı ilə əlaqədar olaraq müxtəlif elmi-texniki ədəbiyyat və lüğətlərdə, normativ sənədlərdə bu sahə üzrə terminlərin dəqiq izahının verilməsinə ehtiyac duyulduğunu da qeyd etmişdir. Bu kimi problemlərlə üzləşməmək üçün milli GIS standartlarının hazırlanmasının zəruriliyini qeyd edən R.Əliquliyev standartların hazırlanması və tətbiqində beynəlxalq təcrübənin də nəzərə alınmasının vacibliyini bildirmişdir.

İnstitut direktoru AMEA, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumlarında GIS texnologiyalarının tətbiqi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini də nəzərə çatdırmışdır.

Çıxışının sonunda R.Əliquliyev əlamətdar hadisə münasibətilə bu sahədə aparılan elmi-tədqiqat işlərində, müxtəlif layihələrin həyata keçirilməsində bilavasitə əməyi olan GIS mütəxəssislərinə gələcək işlərində uğurlar diləmişdir.

Sonra institutun şöbə müdiri, texnika elmləri namizədi Qəzənfər Orucov “GIS texnologiyalarının hədəfləri və inkişaf perspektivləri haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir. Q.Orucov GIS texnologiyalarının meydana gəlmə və inkişaf mərhələləri, bu sistemlərin elmi-nəzəri əsasları, beynəlxalq təcrübədən bəhs etmişdir. CİS proqram məhsullarının istehsalına görə dünyada nüfuzlu təşkilatlardan olan ERDAS, InterGraph, MapINFO, ESRI-ın fəaliyyətindən söhbət açmış, ArcGIS proqram məhsulları (ArcView, ArcEditor, ArcInfo), proqram modulları haqqında məlumat vermişdir.

İTİ-də GIS texnologiyalarının tətbiqi və inkişafı istiqamətində aparılan işlər haqqında məlumat verən Q.Orucov bu texnologiyaların tətbiq istiqamətləri üzrə elmi araşdırmaların davam etdirilməsi, müvafiq aparat təminatının gücləndirilməsi, yeni standart proqram təminatının əldə edilməsi məsələlərinin vacibliyini vurğulamışdır. Q.Orucov bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə də toxunaraq, institutda bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını bildirmişdir.

Alim institut tərəfindən həyata keçirilən layihələr haqqında da məlumat verərək, müxtəlif dövlət qurumları ilə birgə uçuş üzrə informasiyanın operativ emalı sistemi, hava hədəflərinin aşkarlanması, tanınması və müşayiət olunması sistemi, Yer səthinin relyefini nəzərə almaqla yerüstü radarların, anten-fider qurğularının əhatə zonalarının kompyuter modellərinin, radio-televiziya siqnallarının yayılmasının kompyuter modelinin işləndiyini, respublikamızın rayon mərkəzlərinin “ATLAS – 3000” stansiyasının tələblərinə uyğun elektron xəritələr bazasının yaradıldığını bildirmişdir.

İnstitutun sektor müdiri Nərgiz Rəsulova GIS Gününün yaranma tarixi haqqında məlumat verərək bildirmişdir ki, bu hadisənin qeyd olunmasında əsas məqsədlərdən biri insanların, xüsusən də gənclərin maraqlarını GIS-ə, bu texnologiyaların praktiki aspektlərinə cəlb etməkdir. O, mühüm əhəmiyyət kəsb edən məsələlərdən birinin də GIS-in informasiya təhlükəsizliyinin təmin edilməsi, GIS resurslarına olan təhdidlərin araşdırılması (məs., CİS verilənlər bazasına icazəsiz daxil olmaq, xəritələrdə olan koordinatların dəyişdirilməsi və yanlış məlumatların daxil edilməsi) olduğunu qeyd etmişdir. Ölkəmizdə müvafiq dövlət strukturlarının fəaliyyətində GIS texnologiyalarının geniş tətbiq edildiyini qeyd edən sektor müdiri bu sahədə mühüm irəliləyişlərin müşahidə olunduğunu bildirmişdir.

Seminarda institutun alim və mütəxəssisləri GIS texnologiyalarının tətbiqi istiqamətində mövcud problemlərlə bağlı sualları cavablandırmış, GIS-in yaratdığı üstünlüklər və geniş imkanlarına dair qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, müxtəlif fikirlər səsləndirilmişdir.

Tədbirin yekunu olaraq GIS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqinin zəruriliyi, Azərbaycanda bu sahədə aparılan işlərin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanmışdır. Bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi, institutda aparılan elmi araşdırmalar üçün maddi-texniki bazanın gücləndirilməsi, elektron xəritə və atlasların işlənməsi, GIS sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, Beynəlxalq GIS cəmiyyətə inteqrasiya və əməkdaşlıq münasibətlərinin qurulması, GIS üzrə elmi-populyar məqalələrin, dərslik və dərs vəsaitlərinin hazırlanması, bu sahəyə həsr olunmuş dissertasiya işlərinin sayının artırılmasının zəruriliyi, GIS texnologiyalarının mahiyyəti və imkanları haqqında cəmiyyətə dəyərli məlumatların verilməsi, KİV-də işıqlandırılması, hər il GIS sahəsində əldə olunmuş nailiyyətlərin və mövcud problemlərin müzakirəsinə həsr olunmuş müxtəlif tədbirlərin, elmi seminarların və s. keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.