Baş səhifə  arrow Yeniliklər arrow “Sosial şəbəkələr” kitabı işıq üzü gördü
“Sosial şəbəkələr” kitabı işıq üzü gördü Print
   13 Noyabr 2010, saat 03:34
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutu Elmi Şurasının qərarı ilə çapa məsləhət görülmüş “Sosial şəbəkələr” kitabı işıq üzü gördü.

Kitabın müəllifləri AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, texnika elmləri namizədi Yadigar İmamverdiyevFərqanə Abdullayevadır. Elmi redaktoru isə fizika-riyaziyyat elmləri namizədi Ramiz Alıquliyevdir.

Son dövrlər yeni texnologiyalar sosial şəbəkələrlə daha sıx inteqrasiya olunur, sosial şəbəkə analizi inkişaf edir, riyaziyyat, fizika, biologiya, kompyuter elmləri, sosiologiya, epidemiologiya və digər sahələrdən tədqiqatçılar bura cəlb edilir. Şəbəkə analizi ideyaları metabolik və genetik tənzimləmə şəbəkələrinin analizinə, miqyaslanan naqilli və naqilsiz rabitə şəbəkələrinin layihələndirilməsinə, xəstəliklərə nəzarət üçün vaksinasiya strategiyalarının işlənməsinə və praktik məsələlərin geniş spektrinə tətbiq edilir.

Qeyd edək ki, sözügedən mövzuda tədqiqatlar ən məşhur elmi jurnallarda müntəzəm çap edilir, müxtəlif sahələr üzrə konfransların prioritet istiqamətləri sırasındadır, dövrün aktual məsələsi kimi elmi kitabların əsas mövzusuna çevrilib. “Sosial şəbəkələr” kitabı da həmin nəşrlər silsiləsindəndir.

Kitabda sosial şəbəkə yanaşmalarının təşəkkülü, sosial şəbəkələrin strukturu və növləri, tətbiq sahələri şərh olunur. Sosial şəbəkə ölçmələrinin əsas prinsipləri, indikatorları, riyazi əsasları və şəbəkə analizinin modelləri araşdırılır.

Sosial şəbəkələrin tətbiqi baxımından İnternet şəbəkəsi, onlayn sosial şəbəkələr, biliklər şəbəkəsi və sosial şəbəkələrin analizi üzrə proqram təminatı nəzərdən keçirilir.

Yeddi fəsildən və əlavələrdən ibarət kitab informasiya texnologiyaları üzrə mütəxəssislər, tələbələr və aspirantlar üçün nəzərdə tutulub. Təqdim olunan yeni nəşr dinamik inkişaf edən sosial şəbəkə texnologiyalarının imkanları və əsas problemləri ilə tanış olmaq, həmçinin gələcək elmi-praktiki tədqiqatların istiqamətini müəyyənləşdirmək üçün mükəmməl vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.