Baş səhifə  arrow Yeniliklər arrow AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclasları keçirilir
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclasları keçirilir Print
   10 Noyabr 2010, saat 12:00
Image
10 noyabr 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın illik hesabat iclası öz işinə başladı.

Qeyd edək ki, respublikada biliklər iqtisadiyyatının bərqərar olmasında fəal iştirak edən AMEA İTİ-nin informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətində fəaliyyəti ölkədə aparılan irimiqyaslı islahatların intensiv həyata keçirilməsinə elmi dəstək vermək, mövcud elmi-texniki potensialı inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq, Azərbaycanın elmi-texniki və sosial-iqtisadi inkişaf problemlərinə cavab verən fundamental tədqiqatlara yönəlmişdir.

Ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən fundamental islahatların reallaşmasına hər il dövlət büdcəsindən ayrılan vəsaitlər də artırılır. 2011-ci ilin dövlət büdcəsi layihəsində elm xərcləri üçün 108,6 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait 2010-cu illə müqayisədə 5,8 milyon manat və yaxud 5,6 faiz çox olacaq. Elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz təşkil edəcək. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək.

Gələn il elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, elmi əsərlərin çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, AMEA-nın elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat və digər tədbirlərin həyata keçirilməsinə vəsait ayrılması nəzərdə tutulub.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev 10 noyabr “Sülh və inkişaf naminə ümumdünya elm günü” tarixinin 2001-ci ildə “YUNESKO”-nun baş konfransının 31-ci sessiyasında əlamətdar gün kimi elan edildiyini və əsas məqsədin beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmi nəticələrin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdan ibarət olduğunu vurğuladı. İnformasiya texnologiyalarının dinamik inkişaf etdiyi müasir dövrdə elmin funksiyalarının, rolunun əhəmiyyətli dərəcədə artdığını qeyd edən alim Azərbaycanın dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasında olduğunu bildirdi.

Azərbaycanda elm, təhsil sahəsində qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən alim, ölkənin elm adamlarının daim ulu öndərin diqqət və qayğısı ilə əhatə olunduğunu söylədi. Elm və təhsil sahəsində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən fundamental islahatların hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Elmin inkişafı üzrə Milli Strategiyanın qəbul olunması, onun həyata keçirilməsi üçün Dövlət Proqramının təsdiq edilməsi, elm və texnika sahəsində dövlət mükafatlarının verilməsi, “Elm haqqında” qanunun müzakirəsi, eləcə də Elmin İnkişaf Fondunun yaradılmasının Azərbaycan elminin inkişafında və dünyaya inteqrasiyasında böyük əhəmiyyət daşıdığını bildirdi.

Azərbaycanda elm və təhsil sahəsində gənclərə göstərilən diqqət və qayğıdan söhbət açan professor R.Əliquliyev institutun gənc tədqiqatçılarına elmi biliklərə dərindən yiyələnməyi, dünyada çap olunan elmi nəşrləri diqqətlə izləməyi və daha çox çalışmağı tövsiyyə etdi.

İclasda illik hesabatlarını təqdim edən şöbə müdirləri 2010-cu ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti, elmi-pedaqoji fəaliyyət, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işləri, elmi-təşkilati fəaliyyət və s. haqqında geniş məlumat verdilər.

Təqdim olunmuş 6 şöbə üzrə hesabatlarla bağlı müzakirələr aparıldı, şöbələrin fəaliyyəti müsbət qiymətləndirildi, rəy və təkliflər bildirildi.

İclaslar şöbələr üzrə davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.