Baş səhifə  arrow Yeniliklər arrow “İKT-nin aktual problemləri” I Elmi Seminarı keçirildi
“İKT-nin aktual problemləri” I Elmi Seminarı keçirildi Print
   08 Noyabr 2010, saat 06:10
Image
5 noyabr 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Koreya İnformasiya Texnologiyaları Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə “İKT-nin aktual problemləri” I Elmi Seminarı keçirildi.

Tədbirdə Cənubi Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Li Ci Han, Koreya Milli Mühəndislik Akademiyasının üzvü, doktor Conq Li, Pro DVD şirkətinin prezidenti David Hu, Elektronika və Telekommunikasiya Araşdırmalar Mərkəzinin mühəndisi, doktor Tae Woon Kang, Yunitek şirkətinin rəhbəri Hoonmin Li, alim və mütəxəssislər, KİV nümayəndələri iştirak edirdilər.

Qonaqlar AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində mütəxəssislər tərəfindən aparılan innovativ İT tədrisi ilə tanış oldular. Azərbaycanda İT sahəsində ixtisaslaşmış, ən yeni texnologiyalarla təchiz olunmuş və bu sahədə inkişaf etmiş elmi potensialı özündə cəmləşdirən nüfuzlu elmi müəssisənin mövcudluğunu yüksək qiymətləndirdilər.

Seminarda Cənubi Koreyada biometrik texnologiyalar sahəsində akademik tədqiqatların bir neçə universitetin tədqiqatçılarını birləşdirən Biometrik Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (Yonsey Universiteti) və ayrı-ayrı universitetlərin tədqiqat laboratoriyalarında cəmləşdiyi qeyd olundu. Onların elmi və texniki potensialı, aparılan elmi tədqiqatların istiqamətləri, əldə edilən nəticələr, biometrik texnologiyalar sahəsində elmi tədqiqatların və kommersiya sistemlərinin gələcək inkişaf meylləri, birgə əməkdaşlıq üçün qarşılıqlı maraq doğuran mövzular diqqətə çatdırıldı.

AMEA İTİ-də aparılmış tədqiqat işlərinin nəticələri: dünya təcrübəsinin öyrənilməsi, monitorinqin nəticələrinə əsasən elmin informasiyalaşdırılmasının tənzimlənməsi, hüquqi-normativ bazanın, kommunikasiya-şəbəkə infrastrukturunun təkmilləşdirilməsi və inkişaf etdirilməsi – maddi-texniki bazanın təminatı, elmi təşkilatların daxili kompyuter şəbəkələrinin (lokal, korporativ, intranet) yaradılması və sürətli İnternet çıxışının təminatı, ElmNet korporativ şəbəkəsinin yaradılması, onun təhsil müəssisələri və beynəlxalq elmi şəbəkələrlə inteqrasiyasının həyata keçirilməsi haqqında məlumat verildi. Eyni zamanda, müxtəlif təyinatlı informasiya resurslarının yaradılması, elmi sahələr üzrə onlayn mühit əsasında yeni elmi münasibətlərin (virtual elmi laboratoriyalar, kollektivlər və s.) qurulması, beynəlxalq elmi qurumlarla qarşılıqlı əlaqələrin təşkili, elmi informasiya fəzalarının (e-kitabxanalar, e-elm portalı və saytlar, e-nəşrlər, açıq e-arxiv, kadrlar bazası və s.) formalaşdırılması, böyük hesablama və informasiya resursları tələb edən məsələlərin həlli üçün superkompyuter və qrid texnologiyaları əsasında hesablama mühitlərinin yaradılması, elmin kommersiyalaşdırılması məsələlərinin həlli, elmi kadrların müasir İKT sahəsində maarifləndirilməsi və texniki-proqram vasitələrinə xidmətin təşkili üçün kadr hazırlığı ilə bağlı açıqlama verildi. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasında yaxından iştirak edən AMEA İTİ-nin qarşısında duran vəzifələr, əməkdaşlıq əlaqələrindən danışıldı.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasının dövlətin prioritet istiqamətlərindən olduğunu bildirdi. 2007-ci ildə AR Prezidenti cənab İlham Əliyevin Cənubi Koreyaya səfərinin Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Azərbaycanla Cənubi Koreya arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən alim İKT sahəsində də birgə layihələrin həyata keçirildiyini və bu layihələrdə AMEA-nın müvafiq institutlarının, o cümlədən İTİ-nin yaxından iştirak etdiyini bildirdi: “Birgə elmi araşdırmaların həyata keçirilməsi beynəlxalq təcrübədən bəhrələnmək baxımından əhəmiyyətlidir. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində biliklər iqtisadiyyatının bərqərar olmasında İT sahəsində böyük nüfuza malik Koreya mütəxəssislərinin təcrübəsindən bəhrələnmək zəruridir”.

Cənubi Koreyada ilk dəfə İKT sahəsində əsas uğurlara 1990-cı illərdə imza atıldığını söyləyən cənab Li Ci Han hazırda ölkədə sürətli İnternet infrastrukturunun yaradıldığını, İnternet istifadəçilərinin sayının artdığını vurğuladı. Cənubi Koreyanın İKT sahəsində yüksək inkişaf səviyyəsinə nail olduğunu bildirən səfir Azərbaycanda formalaşan informasiya cəmiyyəti istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri, Azərbaycanın İT siyasətini yüksək qiymətləndirdi. Səfir İKT sahəsində Cənubi Koreyanın Azərbaycanla əməkdaşlıq əlaqələrinin genişləndiyini və bunun hər iki ölkə üçün faydalı olduğunu qeyd etdi. İKT-nin aktual problemlərinə həsr olunmuş, Azərbaycan və Cənubi Koreyanın bu sahədə tanınmış alim və mütəxəssislərini bir araya gətirən bugünkü seminarın İKT sahəsində növbəti əməkdaşlıq əlaqələrinin inkişafına təkan verdiyini bildirdi.

“AMEA İnformasiya Texnologiyalari İnstitutu: nailiyyətlər, vəzifələr və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən professor R.Əliquliyev institutun kadr potensiali, əsas fəaliyyət istiqamətləri: elmi-tədqiqat, elmi-innovasiya, tədris-innovasiya fəaliyyəti, multimedia, kompyuter, web-xidmətləri və s. haqqında geniş məlumat verdi. İnstitutun elmi-innovasiya fəaliyyətinin AR Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”ndan irəli gələn vəzifələr əsasında qurulduğunu vurğuladı.

AMEF, AMEA və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) tərəfindən maliyyələşdirilən “Biometrik texnologiyaların təhlükəsizliyinin qiymətləndirilməsi və test edilməsi” qrant layihəsinin yerinə yetirildiyini qeyd etdi.

Biometrik texnologiyalar üzrə ixtisaslaşan bir sıra şirkətlərlə (Mühlbauer (Almaniya), EDAPS (Ukrayna), Polish Security Printing Works (Polşa)) əlaqələrin qurulduğunu bildirən alim dövlət orqanları nümayəndələri üçün “Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər” mövzusunda elmi-praktiki seminarin təşkil edildiyini söylədi.

AMEA İTİ-nin IEEE Certified Biometrics Professional TM (CBP) test proqramı üzrə Azərbaycanda rəsmi test mərkəzinin təsdiqlənməsi istiqamətində işlər aparıldığını, AR Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq-kadastr” korporativ informasiya sisteminin layihəsinə dair təkliflər verildiyini bildirdi.

Dövlət Radiotezliklər İdarəsində ISC Telecom (ATDI, Fransa) proqram təminatı əsasında hazırlanmış sistemə, həmçinin TELERADİO İB-də müqavilə üzrə yaradılmış “Avtomatlaşdırılmış İşçi Yerləri” sisteminə müəlliflik nəzarətinin həyata keçirildiyini qeyd etdi: “Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə “Layihələrin qeydiyyatı” informasiya-axtarış sistemi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) üçün “Kadrlar” Korporativ İnformasiya Sistemi yaradılmışdır.

AzəriQaz QSC ilə birgə (SMART-kart tipli sayğaclar) layihə üçün təkliflər işlənilmiş, həmçinin təşkilatla bağlanmış “Təbii qazın istehlakçılarının qeydiyyatı və satışının uçotu sisteminin yenidən qurulması” üzrə müqavilənin şərtlərinə müvafiq olaraq sənədlər toplusu hazırlanmış, Azərbaycan Respublikası “Adlar və soyadlar” Dövlət İnformasiya Sisteminin konsepsiyası təklif olunmuşdur”.

Tədbirdə Koreya Milli Mühəndislik Akademiyasının üzvü doktor Conq Li “Koreyanın elmi və texnoloji inkişafı üçün İT siyasəti” məruzəsi ilə çıxış etdi. Qonaq Koreyada elm və texnologiya sahəsi üzrə aparılan elmi tədqiqatlar, Koreyanın İT siyasəti və uğurları, bu sahədə Azərbaycanla əməkdaşlıq əlaqələri, milli tədqiqatın prinsipləri, elmi və texnoloji kadrlar üçün etik normalar, İT-nin inkişafına zəmin yaradan Koreya mədəniyyəti haqqında məlumat verdi. Müasir dövrdə İKT-nin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən alim Koreyada İT-nin inkişafı, İKT-nin Azərbaycanın gələcək inkişafı üçün önəmli olduğunu söylədi.

“AMEA İnformasiya Texnologiyaları İnstitutunda reallaşdırılmış GİS layihələri” məruzəsi ilə çıxış edən institutun şöbə müdiri, tex.e.n. Qəzənfər Orucov 1994-cü ildən etibarən institutun GİS texnologiyaları, eləcə də elementlərinin tətbiq olunduğu bir sıra layihələrin həyata keçirildiyini nəzərə çatdırdı.

1994-1996-cı illərdə Hərbi Hava Qüvvələrinin sifarişi ilə həyata keçirilən uçuşa dair informasiyaların operativ emalı sistemini özündə ehtiva edən “QARTAL” layihəsi haqqında söhbət açan alim layihədə uçan aparatın hərəkət trayektoriyasının hesablandığını və respublika ərazisinin xəritəsi fonunda əks etdirildiyini bildirdi.

Qeyd edək ki, GİS texnologiyaları elementlərinin praktikada tətbiqi ölkəmizdə ilk dəfə olaraq məhz sözügedən layihə çərçivəsində həyata keçirilmişdir.

Hava Hücumundan Müdafiə Qüvvələrinin sifarişi ilə həyata keçirilən “Yarasa” layihəsi haqqında məlumat verən Q.Orucov layihə çərçivəsində hava hədəfləri koordinatlarının ərazinin coğrafi xəritəsi ilə uzlaşdırılması probleminin həll olunduğunu vurğuladı.

Alim, həmçinin müvafiq təşkilatların sifarişi ilə 1999, 2004-2006, 2007-2008-ci illərdə həyata keçirilmiş “X-PANORAMA”, “DALĞA”, “EFİR” və “ATLAS” layihələri haqqında da geniş məlumat verdi.

Bu layihələrdə Yer səthinin relyef xəritəsinin vektor formasında, ESRI (Environmertal System Research Institutes) şirkətinin GİS proqram təminatlarından, əhatə zonasının təyin olunması məqsədi ilə ərazinin relyef xəritəsindən istifadə olunduğunu qeyd etdi. Yerüstü radarların əhatə zonalarının təyin olunması məqsədi ilə kompyuter modelinin işləndiyini, radio dalğalarının əhatə zonalarının modelləşdirilməsi sistemini, respublika ərazisində, qonşu ölkələrlə həmsərhəd zonalarda teleradio siqnallarının yayımının kompyuter modelinin işləndiyini, eləcə də ölkənin əsas yaşayış məntəqələrinin xəritələrinin elektron bazasının yaradıldığını bildirdi.

“Yeni nəsil şəbəkələri” məruzəsi ilə çıxış edən doktor Tae Woon Kang yeni nəsil şəbəkələrinin texniki aspektləri, metodoloji baxımdan əhəmiyyətindən danışdı. Yeni nəsil şəbəkələrinin tele-rabitə xidmətlərini və çoxsahəli yayımı həyata keçirə bilən keyfiyyətli daşınma texnologiyaları xidmətlərini təmin edən şəbəkə kimi əhəmiyyətli olduğunu vurğuladı. Sözügedən şəbəkələrin paketləşməyə əsaslanan daşınma, daşıyıcılar arasında nəzarət funksiyaları, nəqliyyat təminatı xidməti, geniş çeşidli xidmət, tətbiq və mexanizmlilərin dəstəklənməsi, keyfiyyətli xidmət və şəffaf yayım imkanları. əməliyyat səhvlərinin aşkarlanması və analiz sistemi kimi əsas aspektlərlə xarakterizə edildiyinin qeyd etdi.

“Biometrik texnologiyalar sahəsində elmi-tədqiqatların vəziyyəti” məruzəsi ilə çıxış edən AMEA İTİ-nin şöbə müdiri, tex.e.n. Yadigar İmamverdiyev Azərbaycanda və Cənubi Koreyada biometrik texnologiyalar sahəsində elmi tədqiqatların vəziyyəti və aktual problemləri ilə bağlı aparılan araşdırmaların nəticələri, biometrik texnologiyaların meydana gəlməsi və praktikada tətbiqi haqqında məlumat verdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 fevral 2007-ci il tarixli sərəncamı ilə qəbul olunmuş milli biometrik identifikasiya sisteminin yaradılması üzrə Dövlət Proqramının bu sahədə sistemli elmi tədqiqatlara istiqamət verdiyini vurğuladı. Proqram çərçivəsində müvafiq orqanlarla yanaşı AMEA İTİ-yə həvalə edilmiş vəzifələr və onların icrası barədə məlumat verdi.

AMEA İTİ-nin 2008-2009-cu illərdə San-Xose Dövlət Universiteti ilə birgə elmi-tədqiqat layihəsi çərçivəsində biometrik texnologiyaların təhlükəsizliyinin qiymətləndirilməsi sahəsində əldə edilmiş elmi nəticələri diqqətə çatdıran alim, biometrik texnologiyalar sahəsində institutda aparılan elmi tədqiqat işləri, bu sahədə ixtisaslaşan aparıcı elmi-tədqiqat mərkəzləri və eləcə də bir sıra şirkətlərlə əməkdaşlıq əlaqələrindən danışdı.

Biometrik texnologiyalar, elektron pasportlar və digər ID-sənədlər (identification-şəxsiyyəti təsdiq edən sənəd) mövzusunda müxtəlif kütləvi informasiya vasitələrində aparılmış maarifləndirmə işləri, bir sıra dövlət müəssisələri üçün həyata keçirilmiş elmi-praktiki məsləhət və tədris xidmətləri, ölkəmizdə biometrik eyniləşdirmə sisteminin yaradılması istiqamətində iştirak edən bir sıra dövlət təşkilatları nümayəndələri üçün keçirilmiş “Biometrik eyniləşdirmə sistemi: mövcud vəziyyət, problemlər və həllər” mövzusunda elmi-praktiki seminarda müzakirə edilmiş məsələlər haqqında məlumat verdi.

Hoonmin Li “Əməliyyat səhvlərinin aşkarlanması və analiz sistemi” məruzəsi ilə çıxış edərək layihənin mahiyyəti, əsas məqsədi, sistemin strukturu, əsas funksiyası haqqında danışdı. Layihənin əsas məqsədinin təyyarə ilə uçuş zamanı pilotun yaranan müxtəlif qəza amillərinin dəqiq analiz etmək bacarığını nəzərdən keçirmək, aşkarlamaq, baş verə biləcək qəza amillərini üzə çıxarmaq, təhlil etmək və qarşısını almaqdan ibarət olduğunu vurğuladı. Layihənin pilotların təlimi, uçuş əməliyyatlarının təkmilləşdirilməsi, səhvlərin aşkar edilməsi və təhlil sistemini tətbiq etməklə uçuş keyfiyyətinin artırılmasında önəmli olduğunu söylədi.

Rəhbərlik etdiyi şirkətin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verən David Hu informasiya və saxlama texnologiyasının növləri, Pro DVD-nin unikal texnoloji portfeli, üstünlükləri, demo məhsulu, Daşkənd R&D ofis təcrübəsindən danışdı.

“Azərbaycan Respublikasında elektron elm: mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edən institutun şöbə müdiri Təhmasib Fətəliyev Azərbaycan Respublikasında İnformasiya Cəmiyyətinin (İC) qurulması prosesinin bütün strateji sahələri əhatə etdiyini vurğuladı. Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən aktual “e-elm” layihəsi çərçivəsində planlaşdırılmış və mərhələlərlə reallaşdırılan işlər haqqında məlumat verdi.

O, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun qurulması və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması istiqamətində “e-elm” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Layihənin elmi təşkilatların, kollektivlərin və alimlərin qarşılıqlı əlaqəsi, elmi idarəetmənin və tədqiqat işlərinin səmərəliyinin yüksəldilməsi, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olmaq məqsədini daşıdığını vurğuladı.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində rəy və təkliflər bildirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.