Baş səhifə  arrow Yeniliklər arrow "Kibernetika və informatika problemləri" III Beynəlxalq konfrans işə başladı
"Kibernetika və informatika problemləri" III Beynəlxalq konfrans işə başladı Print
   06 Sentyabr 2010, saat 12:00
Image
Bu gün Bakıda "Kibernetika və informatika problemləri" III Beynəlxalq konfrans işə başladı. AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, Milli Aviasiya Akademiyası, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 16 ölkəsindən - Türkiyə, Rusiya, Gürcüstan, ABŞ, Almaniya, İtaliya, İspaniya, Koreya, Polşa, Belarus, Ukrayna, Latviya, Yeni Zelandiya, Sinqapur, Qazaxıstan və Özbəkistandan 40-dan artıq alim və mütəxəssis iştirak edirdi.

Konfransdan öncə tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, əklil qoydular.

Konfransı giriş sözü ilə AMEA prezidenti akademik Mahmud Kərimov açdı. Qonaqları salamlayan M.Kərimov ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı, tətbiqi sahəsinin genişlənməsi, informasiya və bilik bazarının formalaşması və inkişaf etdirilməsi, İKT infrastrukturunun yaradılması istiqamətində mühüm işlərin görüldüyünü bildirdi, çağdaş dövrdə İKT-nin hər bir ölkənin iqtisadi-siyasi, ictimai həyatında prioritet sahəyə çevrildiyini vurğuladı. “Cəmiyyətin informasiyalaşdırılması proseslərinin getdiyi dövrdə mühüm sahələrdən olan İKT-nin inkişafı naminə dünyada qlobal əhəmiyyət daşıyan müxtəlif proqramlar, layihələr həyata keçirilir, beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edilir, bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması üçün dövlətlər arasında əməkdaşlıq əlaqələri yaradılır, mühüm sənədlər imzalanır”. Alim müasir informasiya texnologiyalarının inkişafı və geniş tətbiqi məsələlərinin Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələrdən olduğunu söylədi. Ölkəmizdə dövlət siyasəti çərçivəsində bu istiqamətdə mühüm addımların atıldığını qeyd edən M.Kərimov ümummilli lider Heydər Əliyev tərəfindən ''Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında'' imzalanmış sərəncamın ölkədə bu sahənin inkişafına göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi.

M.Kərimov 60-cı illərdə keçmiş Sovet İttifaqında Ukraynadan sonra ikinci olaraq Hesablama Mərkəzinin məhz Azərbaycanda yaradıldığını, onun əsasında 1965-ci ildə AEA-nın Kibernetika İnstitutu, 1971-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsi və 2002-ci ildə onun bazasında İnformasiya Texnologiyaları İnstitutunun yaradıldığını iştirakçıların nəzərinə çatdırdı.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə İKT siyasətinin uğurla davam etdirildiyini bildirən akademiya rəhbəri 2003-cü ilin dekabr ayında Prezident İlham Əliyevin Cenevrədə İKT üzrə keçirilən Ümumdünya sammitində Azərbaycanın minilliyin ideologiyası olan informasiya cəmiyyəti üzrə strategiyasını bəyan etdiyini vurğuladı.

Hazırda ölkəmizdə bir sıra irimiqyaslı layihələrin, o cümlədən “E-Azərbaycan”, “E-hökumət - regional hab”, “Milli e-idarəçilik şəbəkəsi”, “Distant təhsil”, “Azərbaycan Respublikasının Səhiyyə informasiya sisteminin yaradılması”na dair dövlət proqramlarının icrasına başlandığını bildirən M.Kərimov qeyd etdi ki, yaxın müddət ərzində Azərbaycanda informasiya texnologiyaları sahəsinin stimullaşdırılması üçün texnoparkların yaradılması planlaşdırılır. Çıxışının sonunda o, məhz uğurlu xarici və daxili siyasətin sayəsində Azərbaycanın bu gün qloballaşma proseslərində yaxından iştirak etdiyini bildirdi.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov konfransın Azərbaycanda elmi-texniki sahənin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi. Bu gün ölkəmizin informasiya cəmiyyətinin qurulması istiqamətində beynəlxalq səviyyədə fəaliyyət göstərdiyini bildirdən nazir İKT sektoru üzrə zəruri layihələrin işləndiyini bildirdi, prioritet hədəflərin son nəsil texnologiyalar əsasında ölkə ərazisində müasir infrastrukturun qurulması, elektron hökumətin yaradılması, müasir texnologiyalara və biliklərə əsaslanan yeni iqtisadiyyatın formalaşdırılmasını nəzərdə tutduğunu bildirdi. “Hazırda ölkədə 12 iri layihənin həyata keçirilməsi üzərində işlər aparılır ki, onlardan biri də regional innovasiya zonalarının yaradılması ilə əlaqədardır. Azərbaycan hökuməti çalışır ki, İKT bazarında elmitutumlu məhsulların istehsalçısına çevrilsin” – bildirən nazir layihə çərçivəsində təhsil, tədqiqat, innovasiya mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu qeyd etdi: “Burada əsas məqsədlərdən biri də elmi-tədqiqat işlərində xarici təcrübədən də yararlanmaq üçün əlverişli şəraitin yaradılmasıdır”. Ə.Abbasov 2020-ci ilin əvvəllərində Azərbaycanda təkcə İKT sektorunda əldə olunacaq gəlirlərin neft sahəsindən gələn gəlirlərə çatacağını da vurğuladı.

Alim bu gün ən vacib problemlərdən olan müəllif hüquqlarının qorunması məsələlərinə də toxundu. O, xüsusən də elmi-texniki sahədə əsərlərin, icad və ixtiraların və digər əqli mülkiyyət obyektlərinin hüquqi cəhətdən qorunmasının vacibliyini vurğuladı. Ə.Abbasov bu sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinin və bir sıra təşkilati-inzibati tədbirlərin görülməsinin zəruriliyini qeyd etdi.

Nazir elmi tədqiqatların maliyyələşdirilməsi məsələlərinə də toxunaraq, dünyada bu istiqamətdə əldə olunan təcrübədən söhbət açdı. O, tətbiqi elmlərin inkişafında özəl sektorların böyük rol oynadığını bildirərək ABŞ-da elmi tədqiqatların təxminən 80%-inin özəl sektorlar, transmilli şirkətlər tərəfindən maliyyələşdirildiyini söylədi.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Azərbaycanın İKT sahəsində gələcək inkişaf perspektivləri, bu istiqamətdə imkanların genişləndirilməsi ilə əlaqədar olaraq yaranan elmi və praktiki problemlərin müzakirə edilərək həlli yollarının araşdırılması istiqamətində məqsədyönlü işlərin görüldüyünü bildirdi. Bu məqsədlə ölkəmizdə hər il ənənəvi olaraq müxtəlif beynəlxalq səviyyəli tədbir, konfrans və seminarların keçirildiyini, İKT-nin tətbiqi, o cümlədən gənclərin İKT sahəsində maariflənməsinə, lazımi bilik və bacarığın əldə olunması məqsədlərinə xidmət edən treninq və kursların təşkil edildiyini, geniş miqyaslı layihələrin həyata keçirildiyini qeyd etdi. XX əsrin tarixə informatika əsri kimi düşdüyünü bildirən alim XXI əsrin nanotexnologiyalar, gen mühəndisliyi əsri olacağını vurğuladı.

Tədbirdə çıxış edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının sədri akademik İsmayıl İbrahimov, Sinqapur Milli Universitetinin professoru Luis Çen, ABŞ-ın Corc Vaşinqton Universitetinin professoru Mozer Sinqpurvalla və Moskva Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinin “Ehtimal nəzəriyyəsi” kafedrasının dosenti, professor Yevgeni Çepurin konfransın əhəmiyyətini yüksək qiymətləndirdilər, kibernetika və informatika sahələrinin inkişafına böyük töhfələr verəcəyini vurğuladılar. Tədbirdə AMEA Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev “Seysmoakustik intellektual telemetrik stansiya”, Yeni Zelandiyanın Auklənd Universitetinin professoru Con Baçer “Pade və ümumiləşdirilmiş Pade təqribi qiymətləri üçün stabil maneələr” mövzusunda məruzələrlə çıxış etdilər.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək konfransın 10 plenar və 34 bölmə iclası keçiriləcək. İclaslarda müasir dünyada kibernetikanın inkişaf tendensiyaları və perspektivlərinə həsr olunmuş məruzələr oxunacaq. Bu sahələrdə mövcud olan problemlər və onların həlli yolları müzakirə ediləcək, müxtəlif rəylər səsləndirilərək fikir mübadiləsi aparılacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.