Baş səhifə  arrow Yeniliklər arrow 
Bakıda “Bölüşmə və əməkdaşlıq üçün qlobal şəbəkələr” mövzusunda beynəlxalq konfrans keçirilir Print
   29 İyul 2010, saat 12:00
Image
28 iyul 2010-cu il tarixdə Bakıda “Bölüşmə və əməkdaşlıq üçün qlobal şəbəkələr” mövzusunda beynəlxalq konfrans işə başladı. İki gün davam edəcək tədbir AR Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyi, Koreya Bilik İqtisadiyyatı Nazirliyi, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) və Seul Milli Universitetinin təşkilatçılığı ilə keçirilir.

Məlumat üçün bildirək ki, geniş beynəlxalq mübadilə və əməkdaşlıq proqramlarına malik olan KAİST dünya üzrə İT mütəxəssisləri üçün İT texnoloji proqram (ITTP) təklif edir. Proqram qabaqcıl texnologiya sahəsində əldə olunmuş bilik və təcrübənin, biznes strategiyasının əsas vəzifələrinin İT üzrə yüksək ixtisaslı kadrlara ötürülməsi, beynəlxalq təcrübəli mütəxəssislərin yetişdirilməsi məqsədlərinə xidmət edir.

Tədbiri giriş sözü ilə AR Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə açdı. E.Vəlizadə İKT sahəsində əldə olunan nailiyyətlər, inkişaf trendensiyaları ilə bağlı müzakirələr, bilik, təcrübə mübadiləsinin aparılması, davamlı əməkdaşlıq əlaqələrinin yaradılmasının tədbirin əsas məqsədlərindən olduğunu vurğuladı. O, Koreyada İKT sahəsində ciddi uğurların əldə edildiyini söyləyərək, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı həyata keçirilən layihələr, bu istiqamətdə aparılan işlərlə tanış olmaq üçün ölkəmizə Koreyadan 22 nəfərdən ibarət nümayəndə heyətinin gəldiyini bildirdi.

Azərbaycanda İKT sahəsində görülən işlərdən söhbət açan nazir müavini mobil telefon, poçt xidmətləri, rəqəmsal texnologiyaların tətbiqi, o cümlədən kadr hazırlığı sahəsində ciddi nəticələrin əldə olunduğunu qeyd etdi. “Azərbaycan İKT sahəsində öz təcrübəsi ilə Koreya üçün maraqlı ölkədir. Azərbaycan şirkətlərinin texniki potensialının, təcrübə və biliklərinin artırılması çox önəmlidir. Ölkəmizdə İKT-nin inkişafına xidmət edən işlər yüksək səviyyədə aparılır, bu sahədə konkret tədbirlər həyata keçirilir”. E.Vəlizadə azərbaycanlı tələbə və mütəxəssislərin Koreyanın ali məktəblərində təhsil alması, biliklərinin təkmilləşdirməsi üçün hər bir şəraitin yaradıldığını da nəzərə çatdırdı.

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun prezidenti Nam Pyo Suh ilə yaradılmış videobağlantıda KAIST rəhbəri bu konfransın gələcək əməkdaşlığın inkişafında böyük rol oynadığını bildirdi. KAİST-də tədqiqatların texnoloji yeniliklərə əsaslandığını söyləyən institut rəhbəri KAİST-in ölkənin elm və tədqiqat üzrə ixtisaslaşmış ilk ali məktəbi olaraq 1971-ci ildə yaradıldığını bildirdi. O, Koreyada İKT sahəsinin inkişafında institut tələblərinin də rolunu qeyd etdi. “Müasir dövrdə prioritet sahə olan informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrimizi gücləndirmək istərdik. Bu məqsədlərin həyata keçirilməsi üçün bir yerdə çalışmalıyıq”.

Çıxışının sonunda N.P.Suh konfransın işinə uğurlar dilədi, birgə əməkdaşlıq sayəsində mühüm nəticələrin əldə olunacağına ümid etdiyini bildirdi.

Koreyanın Azərbaycandakı səfiri Ji Ha Li iki ölkə arasındakı mövcud diplomatik əlaqələrdən söhbət açdı, Azərbaycanın Koreyanın prioritet partnyoru olduğunu bildirdi. “Bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə, öz bilik və təcrübəmizi bölüşməyə hazırıq. Ümid edirəm ki, bu əlaqələr ildən-ilə daha da möhkəmlənəcək”. Səfir Koreyanın ölkəmizdə həyata keçirdiyi layihələr haqqında da məlumat verərək, bu il Azərbaycan mütəxəssisləri üçün nəzərdə tutulan Treninq Proqramına 22 milyon ABŞ dolları məbləğində vəsaitin ayrıldığını bildirdi.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev konfransın Koreya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müzakirəsi, elm və İKT sahəsində əlaqələrin qurulması, bu sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanması, təcrübə mübadiləsinin aparılması və s. məsələlərin təşkili baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Alim İKT sahəsində həyata keçirilən dövlət siyasətinin uğurla aparılması, səmərəli nəticələrin əldə olunması üçün müvafiq beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin təşkili, elmi konfrans və simpoziumların keçirilməsi, xarici universitetlərlə professor, tədqiqat heyəti və tələbə mübadiləsinin, o cümlədən elmi-texniki sahədə birgə tədqiqatların aparılmasının başlıca şərtlərdən olduğunu qeyd etdi.

R.Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyası və Koreyanın müvafiq qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışdı. “Ötən il Azərbaycanın nümayəndə heyəti paytaxt Seulda olaraq Koreya təcrübəsi ilə yaxından tanış olmuşdur. Burada innovativ mühitin formalaşması, qabaqcıl biliklərin əmtəəyə çevrilməsi istiqamətində aparılan işlər çox böyük dəyərə malikdir”. AMEA ilə Koreya institutları və elmi mərkəzləri arasında elmi-texniki sahədə bilik və təcrübə mübadiləsinin aparılmasının mühüm məsələlərdən olduğunu bildirən alim Koreya Elmi Araşdırmalar Fondunun 7 əməkdaşının İTİ-yə ezam olunacağını da nəzərə çatdırdı. Artıq onlardan ikisinin institutda fəaliyyətə başladığını vurğuladı.

İnformasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşması və inkişafında əsas amilin insan kapitalı və mütərəqqi biliklərin olduğunu bildirən professor R.Əliquliyev biliklər iqtisadiyyatının formalaşması məsələlərinin Azərbaycan elmi qarşısında da müəyyən vəzifələr qoyduğunu söylədi. Alim müxtəlif elm sahələrində tədqiqatların dünya səviyyəsində aparılması və Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə təmsilinin təmin edilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyev tərəfindən “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya” və “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın qəbul olunduğunu iştirakçıların nəzərinə çatdırdı. Natiq əsasını texnoloji və intellektual inkişafın təşkil etdiyi, insanların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədlərinə xidmət edən yeni iqtisadi inkişaf modelinin formalaşmasının mühüm şərtlərdən olduğunu bildirdi, bu sahədə dünyanın aparıcı elmi mərkəzlərinin təcrübəsindən faydalanmağın əhəmiyyətli olduğunu qeyd etdi.

Sonda R.Əliquliyev İKT sahəsində yüksək göstəricilərə nail olmaq, Azərbaycanın İKT-nin inkişaf dinamikasına görə dünyada ön sıralarda olması üçün bu sahə üzrə ixtisaslaşan ölkələrin, xüsusən də Cənubi Koreyanın bilik və təcrübəsindən yararlanmağın zəruriliyini bildirdi.

Tədbirdə həmçinin qlobal İT texnoloji proqramın (KAIST) direktoru Cae Cunq Rho, KAIST-in professoru Dyuk Hi Li, “Best Solution” firmasının (Azərbaycan) baş meneceri Emin İbrahimov, Dünya Bankının Baş İnformasiya İdarəsinin rəsmi nümayəndəsi Yonq Hyun Kvon, “Golden Pay” (Azərbaycan) şirkətinin prezidenti Fərid İsmayılzadə, Koreya Bilik İqtisadiyyatı Nazirliyinin nümayəndəsi Hyun Con Li, Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin menecment qrupunun rəhbəri İlyas Naibov-Əylisli çıxış etdilər. “İnnovasiya ekologiyası və iqtisadi inkişaf”, “Mobil ekosistemin tətbiqi”, “Koreyanın elektron dövlət siyasəti və yeni problemlər”, “Qlobal elektron ticarət və yeni iqtisadi mühit”, “Regional rabitənin inkişafı” və s. mövzularda məruzələr dinlənildi. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan məruzələrlə bağlı müzakirələr, fikir mübadiləsi aparıldı. Qərb və Şərq arasında super informasiya magistralının yaradılması və region ölkələri üçün İKT-imkanlara çıxışın asanlaşdırılması məqsədi daşıyan TASİM layihəsinin reallaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verildi, “hesablama buludları”, bio və “yaşıl” texnologiyaların inkişaf etdirilməsi, yaratdığı imkanlar və tətbiqinin zəruriliyi bildirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.