Baş səhifə  arrow Yeniliklər arrow İTİ-də Koreyanın nümayəndə heyəti ilə görüş keçirildi
İTİ-də Koreyanın nümayəndə heyəti ilə görüş keçirildi Print
   02 Avqust 2010, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreyanın Bilik İqtisadiyyatı Nazirliyi və İnformasiya Texnologiyalarına Dəstək Milli Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyəti ilə görüş keçirildi. Görüşdə həmçinin Koreyanın ölkəmizdəki səfirliyinin sənaye və energetika məsələləri üzrə attaşesi Ço Taek-Yeon da iştirak edirdi.

Azərbaycan və Koreya arasında elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin davamlı inkişafı, bilik və təcrübə mübadiləsinin aparılması məsələlərinə həsr olunmuş görüşdə AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev qonaqları salamlayaraq, iki ölkə arasında son illər əməkdaşlıq əlaqələrinin intensivləşdiyini bildirdi. R.Əliquliyev bu əlaqələrin yeni istiqamətlərinin müəyyənləşməsinin, gələcək inkişaf perspektivlərinin təyin olunmasının informasiya cəmiyyətinin formalaşmasında mühüm amillərdən olduğunu söylədi. Alim Koreyanın İKT sahəsində dünyanın aparıcı ölkələrindən biri olduğunu vurğulayaraq, bu sahədə əlaqələrin möhkəmləndirilməsi, Koreya təcrübəsinin öyrənilməsi, mütərəqqi biliklərə malik, kreativ gənc kadrların hazırlanması və s. məsələlərin həyata keçirilməsinin Azərbaycanda elmi-texniki sahədə yürüdülən siyasətin başlıca məqsədlərindən biri olduğunu söylədi.

R.Əliquliyev İTİ-də prioritet elmi istiqamətlər üzrə aparılan tədqiqat işləri, elmi-innovasiya, tədris-innovasiya fəaliyyətinin təşkili haqqında məlumat verərək, Elmi-tədqiqat, Tədris-İnnovasiya, İnternet, Multimedia mərkəzlərinin, Kitabxana-İnformasiya Xidmətinin fəaliyyətindən söhbət açdı. İnstitut direktoru İTİ-də informasiya cəmiyyətinin, e-elmin formalaşması, e-dövlət quruculuğunun elmi-nəzəri problemlərinin araşdırıldığını, bu sahələr üzrə dünya təcrübəsinin öyrənildiyini bildirdi. Alim İKT-nin müxtəlif problemləri ilə bağlı fundamental, tətbiqi və innovasiya xarakterli araşdırmaların aparıldığını nəzərə çatdıraraq, İTİ-də informasiya təhlükəsizliyi, biometrik, coğrafi informasiya texnologiyaları, informasiya-hesablama texnologiyaları, informasiya-kommunikasiya texnologiyaları, verilənlərin intellektual analizi texnologiyaları (DataMaining, TextMaining, AudioMaining və s.), grid-texnologiyalar istiqamətində araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu bildirdi.

R.Əliquliyev Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesində mövcud olan problemlərə də toxundu. O bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdən biri də ElmNet (ScienceNet) şəbəkəsinin yaradılması və istismara verilməsidir. Alim akademiyanın elmi qurumlarını əhatə edəcək ElmNet şəbəkəsinin yaradılması və beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının həyata keçirilməsi məsələlərinin zəruriliyini qeyd edərək, bu istiqamətdə aparılan işlərdən söhbət açdı. R.Əliquliyev AR Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan elminin inkişafı və beynəlxalq səviyyədə layiqincə təmsil olunması, ölkədə biliklər iqtisadiyyatının formalaşması və digər məqsədlərə xidmət edən “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya” və “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın qəbul olunduğunu qeyd etdi. R.Əliquliyev mühüm nəticələrə, dinamik inkişafa nail olmaq üçün bu sahədə yetrəli qədər təcrübəsi olan ölkələrin, o cümlədən də Koreyanın təcrübəsindən yararlanmağın önəmliyini vurğuladı, elmi-texniki sahədə əlaqələrin getdikcə dərinləşəcəyinə əminliyini bildirdi.

Tədbirdə qonaqlar Koreyanın Bilik İqtisadiyyatı Nazirliyi və İnformasiya Texnologiyalarına Dəstək Milli Agentliyində (NIPA) İKT-nin müxtəlif istiqamətlərini əhatə edən sahələr üzrə aparılan elmi araşdırmalar, həyata keçirilən layihələr haqqında məlumat verdilər. Həmçinin e-dövlət, e-imza, e-ofis sistemi, e-sənəd dövriyyəsi, e-poçt şəbəkəsi, dövlət büdcə informasiya sistemi, İT üzrə biznesin inkişafına dəstək və s. istiqamətdə işlərin aparıldığı, müxtəlif proqram təminatlarının, İT sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlandığı, İT-treninqlərin təşkil edildiyi nəzərə çatdırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.