Baş səhifə  arrow Yeniliklər arrow İnternetin tənzimlənməsi zərurətiİnternetin tənzimlənməsi zərurəti
İnternetin tənzimlənməsi zərurətiİnternetin tənzimlənməsi zərurəti Print
   09 İyul 2010, saat 12:00
Image
1969-cu ildə ABŞ-da hərbi məqsədlərə xidmət edən dövlət layihəsi kimi meydana çıxan İnternet çox keçmədən ilkin təyinatından uzaqlaşaraq, qlobal informasiya-kommunikasiya sistemi kimi ümumbəşəri sərvətə, əsrlərdən bəri həllini gözləyən problemlərin həlli vasitəsinə çevrildi, dünyanın virtuallaşması və qloballaşmasına səbəb oldu, eyni zamanda, dövlətlər, xalqlar, ayrı-ayrı insanlar və bütövlükdə, bəşəriyyət üçün əvvəllər mövcud olmayan müxtəlif təbiətli təhlükələr gətirdi.

İnternetin qısa müddət ərzində keçdiyi sürətli inkişaf yolu bir çox təzadlarla, siyasi, ideoloji qarşıdurmalarla, mühafizəkar düşüncə tərzindən, mental dəyərlərin itirilmə qorxusundan irəli gələn təhlükələrlə müşayiət olunur. Lakin bütün bunlara baxmayaraq, İnternet dünyanın hər bir tərəfinə yayılmaqda, cəmiyyətin ən müxtəlif fəaliyyət sferalarına getdikcə daha dərin nüfuz etməkdə, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.

İnternet bəşər tarixində analoqu olmayan, heç bir vasitə ilə müqayisəyə gəlməyən, inkişafı, perspektivləri, təsirləri, təhlükələrini dəqiq proqnozlaşdırılmaq mümkün olmayan bir fenomendir.

Bu rəqəmsal texnologiya nəhəng informasiya, bilik potensialını özündə cəmləşdirməklə, milli-mədəni sərhədləri aşır, bəşəriyyəti vahid qlobal cəmiyyətdə birləşməsinə gətirib çıxarır. İnternet şəbəkəsinin yaratdığı geniş imkanlar insanların düşüncə tərzində, ünsiyyətində, fəaliyyətində və sosial münasibətlərində böyük dəyişikliklərə səbəb olur.

Bütün bunların nəticəsində İnternet coğrafi sərhədlər çərçivəsində tətbiq olunan beynəlxalq hüquq normaları və ölkə qanunlarını gücsüz vəziyyətə gətirir. İnternet texnologiyalarının imkanları hesabına formalaşan virtual münasibətləri mövcud qanunlarla tənzimləmək xeyli çətinləşir və bəzi hallarda hətta mümkün olmur. Virtual münasibətlərin hüquqi tənzimlənməsi bu mühitə xas olan yeni qanunların, normaların yaradılmasını, tətbiq edilməsini zəruri edir.

Hazırda İnternetin ayrı-ayrı seqmentlərinə münasibətdə dövlət yurisdiksiyasının hüdudları ilə bağlı problemlər müasir hüququn ən mühüm və mürəkkəb məsələlərindən biri kimi çıxış edir. İnternetin qlobal xarakteri milli qanunvericilik sistemləri ilə beynəlxalq praktika arasında ziddiyyət yaradır. Məhz buna görə də İnternet vasitəsilə həyata keçirilən çoxaspektli virtual fəaliyyət beynəlxalq ictimaiyyətin dəstəyi ilə yeni tənzimləmə mexanizmlərinin işlənməsini tələb edir.

Bütün bunlar onu göstərir ki, yurisdiksiya İnternetin tənzimlənməsində daha çox diqqət yetirilməli olan aspektlərdəndir. Belə ki, İnternetlə bağlı münaqişələrin, mübahisələrin sayı durmadan artır. Amma yurisdiksiya məsələsindəki qeyri-müəyyənliklər bir sıra problemlərin yaranmasına gətirib çıxarır: dövlətin öz ərazisində sosial münasibətləri tənzimləməsi üçün hüquqi səlahiyyətlərini yerinə yetirməsi mümkün olmur; ayrı-ayrı fiziki və hüquqi şəxslər məhkəmə hüquqlarından istifadə edə bilmirlər; elektron kommersiyanın inkişafı ləngiyir və s.

Yurisdiksiyanın müəyyən edilməsi ilə bağlı problem eksterritorial xarakterə malik olduqda, məsələn, münaqişədə müxtəlif dövlətlərin vətəndaşları iştirak etdikdə və ya beynəlxalq tranzaksiya həyata keçirildikdə yaranır. Belə ki, İnternetdə informasiya yerləşdirərkən onun hər hansı bir ölkənin qanunvericiliyini pozub-pozmadığını bilmək çox çətindir. Çünki İnternetdə yerləşdirilən istənilən kontent hər bir ölkədə əlyetərli olur. Bu baxımdan, demək olar ki, İnternetdə hər bir fəaliyyət növü beynəlxalq xarakterlidir və müxtəlif yurisdiksiyaların tətbiq edilməsinə səbəb ola bilər.

Qeyd olunan mülahizələri əsas tutaraq, İnternetin fəaliyyətinin tənzimlənməsi istiqamətində praktiki addımlar atan ölkələrin sayı durmadan artır. Buna səbəb kimi “müvafiq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi”, “virtual məkanda milli təhlükəsizliyin təmin edilməsi”, “milli-mədəni normaların və dəyərlərin mühafizə edilməsi”, “uşaqların qorunması”, “intellektual mülkiyyət hüquqlarının müdafiəsi”, “beynəlxalq terrorizmlə mübarizə”, “fərdi və şəxsi həyatla bağlı məlumatların mühafizəsi” və s. kimi arqumentlər irəli sürülür.

İnternetin tənzimlənməsi sahəsində ən mühüm məqamlardan biri məhz dövlətin cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyi ilə insan hüquqları arasındakı tarazlığın qorunub saxlanması ilə bağlıdır. İnternetin təhlükəsizliyi və insan hüquqları arasındakı həmin balans daim bu və ya digər tərəfin xeyrinə dəyişir. Təhlükəsizlik məsələlərinə diqqəti artırdıqda insan hüquqlarının müdafiəsi zəifləyir. İnsan hüquqlarının çərçivəsini genişləndirdikdə isə dövlətin, cəmiyyətin maraqları təhlükə altına düşür.

Şübhəsiz ki, hər bir mütərəqqi texnologiya insanlara, bəşəriyyətə fayda vermək üçün yaradılır, amma ondan bir sıra hallarda qeyri-qanuni, cinayət məqsədləri üçün də istifadə edilir. Statistik məlumatlar göstərir ki, kibercinayətkarlıq halları digər analoqları ilə müqayisədə daha sürətlə artmaqdadır.

Artıq İnternet-cinayətlərin ənənəvi cinayət hallarını üstələyəcəyi, iqtisadi və siyasi proseslərə daha geniş şəkildə təsir edəcəyi proqnozlaşdırılır. Yalnız beynəlxalq ictimaiyyətin birgə səyi nəticəsində işləniləcək uğurlu tənzimləmə mexanizmlərinin tətbiqi ilə İnternet-cinayətkarlıqla səmərəli mübarizə aparmaq mümkün olacaqdır.

İnternetin tənzimlənməsi sahəsində ən mühüm problemlərdən biri də provayderlərin məsuliyyətinin müəyyən edilməsi ilə bağlıdır. Bir çox dövlətlər provayderlərinin məsuliyyətinin müəyyən edilməsi məsələsini təkcə İnternetlə deyil, ümumiyyətlə, milli təhlükəsizlik sferası ilə bağlı çox mühüm problemlərdən biri kimi nəzərdən keçirirlər. Hesab edilir ki, provayderlərin məsuliyyətinin müəyyən edilməsi İnternet istifadəçilərinin hüquq normalarına riayət etmələrinin təmin edilməsinin ən sadə, aşkar mexanizmidir.

Həmçinin İnternetdə domen adlarının qeydiyyatı sahəsində də müəyyən boşluqlar mövcuddur. Bu adları qeydiyyatdan keçirərkən və onlardan istifadə edərkən fiziki və hüquqi şəxslərin hüquqlarının pozulması hallarına da tez-tez rast gəlinir. Beynəlxalq praktikada daha çox mülkiyyət hüququnun obyektləri – firma adları və əmtəə nişanları ilə bağlı qanun pozuntularına yol verilir.

Bundan başqa, domen adlarının qeydiyyatı və istifadəsi zamanı fiziki şəxslərin, coğrafi obyektlərin, kütləvi informasiya vasitələrinin, yaxud məşhur bədii əsərlərin adları ilə bağlı da hüquq pozuntuları müşahidə olunur.

İnternetin tənzimlənməsi sahəsində meydana çıxan mühüm problemlərdən biri də spamlarla (elektron poçt vasitəsilə kommersiya, siyasi və digər xarakterli reklamın, yaxud başqa növ məlumatların əvvəlcədən müvafiq razılığı alınmayan şəxslərə kütləvi göndərişi) mübarizə məsələsidir. Spamlarla mübarizəni zəruri edən ciddi səbəblər mövcuddur. Birincisi, spamlarda çox vaxt onu qəbul edəni aldadan məlumatlar olur və bütün bunlar qanunsuz məqsədlərə xidmət edir. İkincisi, spamlar kütləvi şəkildə göndərildiyinə görə, informasiya sistemləri və resurslarını lazımsız olaraq yükləməklə, onların fəaliyyətini çətinləşdirir. Üçüncüsü, elektron poçt istifadəçiləri spamları qəbul etmələrinə sərf etdikləri resurslara görə provayderlərə pul ödəməli olurlar. Spamlarla mübarizəni çətinləşdirən əsas məqam bu fəaliyyətin transmilli xarakteri ilə bağlıdır. Yəni spamlar bir çox hallarda İnternet istifadəçilərinə kənar ölkələrdən göndərilir. Qeyd etmək lazımdır ki, hal-hazırda inkişaf etmiş ölkələrin əksəriyyətində spamlarla mübarizə haqqında qanunlar qəbul edilmiş, bu sahədə praktiki fəaliyyət həyata keçirilir.

İnternetin fəaliyyəti ilə bağlı vacib məsələlərdən biri də informasiya cəmiyyətində əsas strateji resursa çevrilən, bilik və ideyaların daşıyıcısı olan intellektual məhsullar üzərində mülkiyyət hüquqlarının qorunması məsələsidir. Həmin hüquqların qorunması ilə bağlı məqamlar İnternetin tənzimlənməsinin müxtəlif aspektləri ilə əlaqədardır. Bu məsələlər informasiya, biliklər iqtisadiyyatı formalaşdıqca daha da aktuallaşır, iqtisadi təhlükəsizliyin təmin olunmasının mühüm hədəflərindən birinə çevrilir.

Daha bir problem ondan ibarətdir ki, İnternetin sürətli inkişafı bu sahədə yaranan problemləri tənzimləmək üçün zəruri olan normativ-hüquqi aktların qəbulu prosesini xeyli qabaqlayır. Ona görə də İnternetin tənzimlənməsi sahəsində həllini gözləyən ən mühüm problemlərdən biri də məhz baş verən texnoloji yeniliklərə qanunvericilik sistemlərinin çevik, adekvat hüquqi mexanizmlərini işləyib hazırlamaqdır.

Beləliklə, yuxarıda qeyd edilən problemlər İnternetin tənzimlənməsi zərurətini aktual məsələ kimi ortaya qoyur. Son vaxtlar aidiyyəti beynəlxalq təşkilatlarda, dünyanın müvafiq qabaqcıl elmi, siyasi və digər tədqiqat mərkəzlərində mütəxəssislər tərəfindən bu problem ciddi şəkildə araşdırılır, müxtəlif həll yolları təklif edilir. İnternet infrastrukturunun inkişaf etdiyi qabaqcıl ölkələrdə İnternetin milli seqmentində hüquqi tənzimlənməni həyata keçirmək üçün müvafiq qanunvericilik sistemi formalaşdırılır, təşəbbüslər irəli sürülür və bəyannamələr qəbul edilir.

Rasim Əliquliyev,
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
texnika elmləri doktoru, professor

“Milli Məclis” jurnalı, iyun 2010-cu il