Baş səhifə  arrow Yeniliklər arrow 
İTİ-də “Fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi: problemlər və həllər” mövzusunda elmi seminar keçirildi Print
   05 İyul 2010, saat 12:16
Image
Dövlət orqanlarında, özəl sektorda və müxtəlif ictimai təşkilatlarda fərdi məlumatların etibarlı mühafizəsinin təmini mühüm məsələlərdəndir. “Fərdi məlumatlar” anlayışına insanın soyadı, adı, atasının adı, anadan olduğu tarix və yer, yaşadığı ünvan, ailə, sosial və əmlak vəziyyəti, təhsili, peşəsi, maliyyə gəliri və s. haqqında məlumatlar daxildir.

Məlumdur ki, bu gün dünya miqyasında narahatçılıq doğuran ciddi problemlərdən biri də müxtəlif təşkilatların, xüsusən də bank müştərilərinin fərdi məlumatlarının qeyri-qanuni yolla ələ keçirilməsi, surətinin çıxarılması, yayılmasının və s. geniş vüsət almasıdır. Bu baxımdan fərdi məlumatların mühafizəsi sisteminin tətbiqi istənilən təşkilat üçün zəruridir. Artıq dünyanın əksər ölkələrində bu kimi qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görülür, qanunlar qəbul edilir, mübarizə mexanizmləri yaradılaraq tətbiq olunur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi: problemlər və həllər” mövzusuna həsr olunmuş elmi seminar keçirildi. Tədbirdə AR Nazirlər Kabinetinin məsul işçisi Elxan Əlizadə, institutun aspirant və dissertantları, həmçinin KİV nümayəndələri iştirak edirdi.

“Fərdi məlumatlar: mahiyyəti, əhəmiyyəti və mühafizəsi zərurəti” mövzusunda məruzə ilə çıxış edən AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 4 iyun 2010-cu il tarixdə “Fərdi məlumatlar haqqında” Qanunun tətbiq edilməsi barədə fərmanın imzalandığını qeyd edərək, qloballaşan dünyada fərdi məlumatların mühafizəsinin təmini, informasiya sistemlərinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması qaydalarının hazırlanaraq tətbiq edilməsi baxımından sənədin mühüm əhəmiyyət kəsb etdiyini söylədi. İnformasiya resurslarında toplanan və emal edilən məlumatların əldəetmə imkanına görə açıq və ya dövlət sirri, yaxud da konfidensial kateqoriyalara aid olduğunu vurğulayan natiq konfidensial məlumatlara bank, kommersiya sirri, insanın şəxsi və ailə həyatına aid olan və s. məlumatların daxil olduğunu söylədi. R.Əliquliyev bildirdi ki, dövlət sirri, yaxud konfidensial kateqoriyalara aid olan məlumatların mühafizəsi üçün müvafiq hüquqi əsaslar hazırlanır, təşkilati tədbirlər görülür, texnologiyalar yaradılır.

Fərdi məlumatların onlayn mühitə gətirilməsi ilə təhlükəsizliyinin təmini istiqamətində ciddi tədbirlərin görülməsinin zəruriliyini vurğulayan alim dünyada bu istiqamətdə görülən işlərdən söhbət açdı. R.Əliquliyev bildirdi ki, 10 dekabr 1948-ci il tarixdə BMT tərəfindən qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarından biri məhz şəxsi və ailə toxunulmazlığı məsələlərinə həsr olunmuşdur. Fərdi məlumatların mühafizəsinin ictimaiyyətin marağında olan məsələ olduğunu bildirən alim qeyd etdi ki, İKT-nin dinamik inkişaf etdiyi ölkələrdə fərdi məlumatların qorunması ilə bağlı artıq müəyyən işlər görülüb, informasiya, telekommunikasiya məsələləri üzrə ombudsman aparatları formalaşıb.

R.Əliquliyev 2009-cu ildə ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq referendumunu xatırladaraq, Konstitusiyada insanların şəxsi və ailə həyatına qanunsuz müdaxilənin qadağan edilməsi, onlar barəsində məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılmasına yol verilməməsi, şərəf və ləyaqətin müdafiə hüququnun təmin edilməsi və s. kimi məsələlərin öz əksini tapdığını bildirdi. Alim bildirdi ki, elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq olunduğu dövrdə qanunla müəyyən edilmiş hallar istisna olmaqla heç bir ölkə vətəndaşı xəbərsiz olaraq və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

R.Əliquliyev İTİ-də aparılan elmi araşdırmalardan da söhbət açaraq, son 5 ildə fərdi məlumatların toplanması, emalı və istifadəsi sistemlərinin formalaşması istiqamətində tədqiqatların aparıldığını, bu sahədə müxtəlif problemləri və onların həlli yollarını əhatə edən dissertasiya işlərinin müdafiə olunduğunu qeyd etdi.

Tədbirdə İTİ-nin böyük elmi işçisi Elçin Əliyev “Fərdi məlumatlar haqqında” Qanunda nəzərdə tutulan texnologiyalar və modellər” mövzusunda məruzə ilə çıxış etdi. Azərbaycan Respublikasının dövlət orqanlarında, özəl sektorda, müxtəlif ictimai təşkilatlarda və ayrı-ayrı fiziki şəxslər tərəfindən müxtəlif təyinatlı və tərkibli informasiya resurslarının formalaşdırıldığını və istifadə olunduğunu qeyd edən E.Əliyev bunun üçün müvafiq proqram-texniki təminat vasitələri, kompyuter şəbəkələri, metod və modellərin yaradılaraq tətbiq edildiyini bildirdi.

“Fərdi məlumatlar haqqında” Qanunun informasiya cəmiyyətinin inkişafı sahəsində yeni istiqaməti müəyyən etdiyini bildirən məruzəçi Qanunda əksini tapmış fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin əsas şərtləri, informasiya sistemlərinə qoyulan tələblər, bu sistemlərin mülkiyyətçilərinin, operatorlarının və istifadəçilərinin vəzifələri, fərdi məlumatların üçüncü şəxsə verilməsinə və transsərhəd ötürülməsinə qoyulan şərtlər və bu proseslərə qadağan qoyulması məsələləri haqqında məlumat verdi: “Qanun fərdi məlumatların məkanca paylanmış informasiya resurslarının fərdi identifikasiya nömrəsi vasitəsilə uzlaşdırılmasını, beləliklə milli informasiya məkanının fərdi məlumatlar seqmentinin formalaşdırılmasını müəyyən edir”.

Ölkədə dövlət sirrinin mühafizəsi sisteminin fəaliyyət göstərdiyini vurğulayan E.Əliyev dövlət, bank və kommersiya sirləri olan məlumatların müvafiq qurumlar tərəfindən toplanılaraq işləndiyini və həmçinin də mühafizə edildiyini bildirdi. O, fərdi məlumatlar sisteminin arxitekturası, milli mühafizə sistemi, formalaşdırılması modeli, menecmenti, korporativ mühitlərin uzlaşdırılması servisi, istifadəsi modelinin yaradılması istiqamətində mövcud problemlərdən danışdı.

Sonda fərdi məlumatların mühafizəsi məsələlərinin yüksək səviyyədə təşkili, bu sahədə mövcud problemlərin həlli istiqamətində alim və mütəxəssislərin birgə səylərinin artırılması, əsas texniki tələblərin müəyyənləşməsi istiqamətində müzakirələr, fikir mübadiləsi aparıldı. Səmərəli qərarların qəbulu üçün bu kimi tədbirlərin keçirilməsinin önəmliyi vurğulandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.