Baş səhifə  arrow Yeniliklər arrow YUNESKO-nun eksperti Dr.Malkolm Perri AMEA İnformasiya Texnologiyaları İnstitutunda olub
YUNESKO-nun eksperti Dr.Malkolm Perri AMEA İnformasiya Texnologiyaları İnstitutunda olub Print
   01 Mart 2010, saat 12:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda YUNESKO-nun ölkəmizdə olan eksperti Dr.Malkolm Perri ilə görüş keçirildi. Görüşdə AMEA xarici əlaqələr şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov, institutun elmi katibi Mədinə Səidova, Tədris hissə müdiri Rəsmiyyə Mahmudova, institutun aspirant və dissertantlarla iş üzrə şöbəsinin müdiri Fərhad Yusifov iştirak edirdilər.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, tex.e.d., professor Rasim Əliquliyev informasiya cəmiyyətinin qurulmasında, hər bir ölkə iqtisadiyyatının inkişaf etdirilməsində texnoparkların böyük önəm daşıdığını vurğuladı. O, dünyada texnoparkların yaradılması və inkişaf etdirilməsi istiqamətində aparılan işlərin Azərbaycanda da həyata keçirilməsinin zəruriliyini vurğulayaraq, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda bu məsələlərin təşkilinin zəruriliyinin önə çəkildiyini bildirdi.

İnstitut direktoru dünyanın qabaqcıl ölkələri ilə müqayisədə ölkəmizdə bu sahədə işlərin təşkilinin obyektiv və subyektiv problemlərlə əlaqəli olduğunu söyləyərək, ölkəmizdə 70 il hökm sürən totalitar ideologiyanın elmi-texniki sahənin inkişafına da təsirsiz ötüşmədiyini bildirdi. “Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2015-ci ilə qədər təhsil almaq məqsədilə dünyanın aparıcı təhsil ocaqlarına göndərilən 5 min tələbə artıq breyn-desantlar kimi vətənə dönməkdədirlər”- deyə, R.Əliquliyev vurğuladı. O, təcrübə keçmək məqsədilə ölkəmizdən olan nümayəndə heyətinin bu ilin yay aylarında Finlandiyada təşkil olunacaq texnoparkda, həmçinin Almaniyada mövcud olan dünyanın ən yaxşı smart sitysində texnopark və texnopolislə tanış olmaq üçün orada iştiraklarının nəzərdə tutulduğunu bildirdi.

Sonra R.Əliquliyev qonağa İTİ-də aparılan elmi-tədqiqat işləri, alınmış elmi nəticələrin tətbiq sahələri, elmi-praktiki, elmi-pedaqoji fəaliyyət, dövlət proqramları çərçivəsində görülən işlər haqqında məlumat verdi.

Sonda institut direktoru İTİ-nin İKT layihələrinin həyata keçirilməsində fəal iştirak etdiyini, ölkəmizdə texnoparkların yaradılması və inkişaf etdirilməsində elmi potensialın imkanlarından geniş istifadə ediləcəyini, əsas məqsədin isə bu elmi müəssisəni dövlət əhəmiyyətli strateji obyektə çevirmək olduğunu bildirdi.

YUNESKO-nun nümayəndəsi Dr.Malkolm Perri bildirdi ki, ölkəmizə səfərdə məqsəd yerli şəraiti öyrənmək və təmsil etdiyi texnoparkın biznes fəaliyyətini gerçəkləşdirməkdir. Dünyanın bir çox ölkəsində mövcud olan texnoparkların iş təcrübəsi və strukturunu öyrənən ekspert ölkəmizdə bu istiqamətdə aparılan işlərlə tanışlıqdan sonra yerli texnoparkların inkişaf etdirlməsi üçün tövsiyələrini YUNESKO-nun hesabatlarına daxil edəcəklərini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.