Baş səhifə  arrow Yeniliklər arrow www.elmidiaspora.internet.az portalının təqdimatı keçirildi
www.elmidiaspora.internet.az portalının təqdimatı keçirildi Print
   03 Mart 2010, saat 12:00
Image
3 mart 2010-cu il tarixdə AMEA Rəyasət Heyətində “Azərbaycanda elmin, təhsilin inkişafında diasporun rolu” mövzusunda tədbir keçirildi.

Tədbirdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Texniki Universiteti və Azərbaycan Turizm İnstitutu ilə birgə həyata keçirdiyi “Azərbaycanın elmi diasporu” layihəsi çərçivəsində hazırlanan www.elmidiaspora.internet.az portalının təqdimatı keçirildi.

Layihənin məqsədi xaricdə yaşayan həmvətənlərimizin – elmi-tədqiqat, innovasiya fəaliyyəti ilə məşğul olan alimlərin, tədqiqatçıların, müasir texnika və texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat bankının, həmçinin onlar arasında daimi dialoqun yaradılması, elmi-peşəkar əlaqələrin fəallaşması, bir sözlə Azərbaycanın dünya birliyinə inteqrasiyasının sürətləndirilməsidir.

Qeyd edək ki, layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Təqdimat mərasimini giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov son zamanlar elm və təhsilin inkişafında diasporların da mühüm rol oynadığını bildirərək, belə bir layihənin həyata keçirilməsinin vacib məsələlərdən olduğunu söylədi. “Elmi diaspor böyük, intellektual qüvvədir” - deyə bildirən akademik veb-portalın yaradılmasının Azərbaycan elminin inkişafı istiqamətində atılan növbəti addımlardan biri olduğunu qeyd etdi.

Sonra AKTAM təşkilatının sədri, layihənin koordinatoru Natiq Əhmədov portal haqqında ətraflı məlumat verdi. O, elmi-texniki diasporun ayrı-ayrı nümayəndələri ilə əlaqələrin qurulması və xaricdə yaşayan alimlərimiz haqqında ətraflı məlumatların toplanmasının mühüm məsələlərdən olduğunu bildirdi. “Bu veb-portal vasitəsilə Azərbaycanda fəaliyyət göstərən alimlər müxtəlif ölkələrdə yaşayan həmkarları ilə, onların elmi-tədqiqat işləri ilə tanış olmaq, əməkdaşlıq əlaqələri yaratmaq imkanına malik olacaqlar”.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkəmizdən kənarda təhsil almış mütəxəssis və alimlərimizin bir yerə toplanması üçün vahid informasiya məkanının yaradılmasını mühüm bir addım kimi dəyərləndirdi. O, AKTAM-ın tanınmış qeyri-hökümət təşkilatı olduğunu qeyd edərək, bu ictimai birliyin qarşısına qoyduğu məqsədlərini yüksək dəyərləndirərək, veb-portalın yaradılmasını elmin müxtəlif sahələrinə dair dünya təcrübəsinin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Alim qlobal informasiya məkanının yaratdığı imkanlardan istifadə etməklə dünya azərbaycanlılarının bir araya toplanması üçün lazımi şəraitin yaradıldığını, bu məsələlərin həyata keçirilməsində veb-sayt və veb-portalların rolunu xüsusilə qeyd etdi. R.Əliquliyev AR Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın Azərbaycan elminin dünyaya inteqrasiyası istiqamətində alimlərin qarşısına mühüm vəzifələr qoyduğunu bildirdi.

Sonra çıxış edən Təhsil Nazirliyinin Xarici Əlaqələr şöbəsinin müdiri Qulu Novruzov veb-portalın Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm bir vasitə olduğunu söylədi. “Azərbaycandan olan 446 tələbə 22 ölkənin 127 təhsil müəssisəsində təhsil alır”. O, Azərbaycan alim və tələbələrinin fəaliyyətini koordinasiya etmək üçün bu cür qurumlara ehtiyac olduğunu qeyd etdi.

Tədbirdə çıxış edən AKTAM-ın İdarə Heyətinin üzvü Həsən Hüseynli və Azərbaycan Dövlət Neft Akademiyasının elm və texnika üzrə prorektoru Ramiz Hümbətov veb-portalın yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək, hamını bu işə dəstək verməyə çağırdılar.

Qeyd edək ki, Azərbaycan dilində fəaliyyət göstərən portalın gələcəkdə ingilisdilli versiyasının da yaradılması nəzərdə tutulub. Portalda istifadəçi tərəfindən öz səhifəsində məlumat yerləşdirmək və əlavələr etmək imkanı da yaradılıb.

Layihə Azərbaycanın diaspor təşkilatlarının fəaliyyət göstərdiyi 40 ölkədə həyata keçiriləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.