Baş səhifə  arrow Yeniliklər arrow Bu gündən “Elmi kadrlar” Milli İnformasiya Sistemi istifadəyə verilir
Bu gündən “Elmi kadrlar” Milli İnformasiya Sistemi istifadəyə verilir Print
   28 Yanvar 2020, saat 04:34
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı və elmi müəssisələrin vəzifələri ilə bağlı təlim seminarı keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və Kadrlar şöbələrinin müdirləri iştirak edirdilər.

Öncə akademik Rasim Əliquliyev çıxış edərək “Elmi kadrlar” Milli İnformasiya Sisteminin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, AMEA İTİ tərəfindən yaradıldığını və milli əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, AMEA-da elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillərin aparılması, elektron hesabat formalarının hazırlanması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi elmi kadrlar haqqında vahid elektron informasiya sisteminin yaradılmasını zəruri edib: “Bu, bir sıra dövlət sənədlərində, o cümlədən dövlət başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli 785 nömrəli Sərəncamında və “Elm haqqında Azərbaycan Respublikasının Qanunu”nda öz əksini tapıb. Qeyd olunan dövlət sənədlərinə, eləcə də, AMEA prezidentinin 12 mart 2019-cu il 131 nömrəli sərəncamına müvafiq olaraq, AMEA İTİ-də “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb”.

Alimin sözlərinə görə, yaradılan informasiya sistemi pilot layihə kimi institutda uğurla həyata keçirilib. Sistemin istismarını həyata keçirən administrator və istifadəçilər üçün təlimatlar hazırlanıb. Sistemin veb-saytı (http://elmikadr.science.az) science.az domenində yerləşdirilib.

Akademik informasiya sisteminin akademiya üzrə elmi fəaliyyətlə məşğul olan kadrlar haqqında məlumatların yer aldığı mühüm baza olacağını vurğuladı. Qeyd etdi ki, hazırda sistemin AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinə təhvil verilməsi istiqamətində sənədləşdirmə işləri aparılır.

R.Əliquliyev Milli İnformasiya Sisteminin AMEA və digər müvafiq qurumlarda formalaşan elektron elmin tərkib hissəsi olduğunu qeyd edərək, sistem üzrə görülən işlərin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq qurumları və AMEA rəhbərliyinin nəzarəti altında icra olunduğunu bildirdi.

Daha sonra institutun mühəndis-proqramlaşdırıcısı Raqif İsmayılov “Elmi kadrlar” Milli İnformasiya Sistemi haqqında ətraflı məlumat verdi.

Məruzəçi sistemin giriş formasının sturukturunu təqdim edərək onun şəxsi məlumatlar, elmi əsərlər, kitablar, monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri, elmi ekspertiza fəaliyyəti, patentlər və ixtiralar, qrant layihələrində iştirak, eləcə də kadr hazırlığı, respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında təmsil olunma, əlaqə məlumatları bölmələrindən ibarət olduğunu nəzərə çatdırdı.

R.İsmayılov Milli İnformasiya Sisteminin imkanlarından danışaraq bildirdi ki, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, sistem, həmçinin elmmetrik və analitik qiymətləndirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev çıxış edərək sistemin kadr işinin səmərəli şəkildə qurulması baxımından önəmini qeyd etdi. R.Hacıyev informasiya sisteminin həyata keçirilməsinə məsul olan şəxslərə minnətdarlığını bildirdi və onun uğurla icrası istiqamətində bütün lazımi tədbirləri görəcəyini vurğuladı.

Sonda informasiya sisteminə dair geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Müzakirələrdə Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, professor Elşad Əhmədov, Radiasiya Problemləri İnstitutunun direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov, Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov, Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev və digərləri iştirak etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.