Baş səhifə  arrow Yeniliklər arrow Akademik Bahadır Tağıyevlə vida mərasimi keçirilib
Akademik Bahadır Tağıyevlə vida mərasimi keçirilib Print
   07 Yanvar 2020, saat 12:06
Image
Yanvarın 7-də AMEA-nın Əsas binasında görkəmli alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyevlə vida mərasimi keçirildi.

Mərasimində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, digər dövlət və hökumət rəsmiləri, elmi ictimaiyyətin nümayəndələri iştirak etdilər.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev görkəmli alim Bahadır Tağıyevin mənalı ömür yolundan, səmərəli elmi və pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən danışdı. Bildirdi ki, alim 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutun­da əmək fəaliyyətinə başlamış, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik B.Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. O, 350 elmi məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifi idi. Mərhum akademikin rəhbərliyi altında çox önəmli elmi-tədqiqat işləri aparılıb. Alimin rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilib.

Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülmüşdür.

Tədbirdə çıxış edən Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Milli Aviasiya Akademiyasının (MAA) tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov da Bahadır Tağıyevin elmi fəaliyyətinə nəzər salıblar, onun xatirəsinin gələcək nəsillərin qəlbində daim yaşayacağını bildiriblər.

Mərhum akademikin ailə üzvləri adından oğlu professor Oqtay Tağıyev çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salındı.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.