Baş səhifə  arrow Yeniliklər arrow Elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi məsələləri araşdırılıb
Elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi məsələləri araşdırılıb Print
   30 Oktyabr 2019, saat 03:36
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2019-cu il üzrə hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “İnformasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması” mövzusu üzrə elektron təhsil mühitinin intelektuallaşdırması üzrə metodların işlənildiyini, elektron təhsilin idarə edilməsi üçün Data Mining imkanlarının araşdırıldığını, elektron təhsilin fərdiləşməsi üzrə klasterləşdirilmə alqoritmlərinin tədqiq edildiyini bildirdi. Elektron inklüziv təhsildə sosial şəbəkələrin tətbiqi məsələlərinə dair aparılan tədqiqatlardan danışan şöbə müdiri qeyd edib ki, bu istiqamətdə elektron təhsilin optimallaşdırılması məqsədilə sosial şəbəkələrdən lazım olan informasiyanın əldə edilməsi metod və alqoritmləri araşdırılıb. Şöbə müdiri universitetlərdə elektron təhsilin keyfiyyətinin idarə edilməsi ilə bağlı aparılan tədqiqatları da diqqətə çatdırıb. Bu məqsədlə elektron təhsildə biliklərin mənimsənilməsi üzrə mövcud metod və alqoritmlərin tədqiq olunduğunu söyləyib.

F.Ağayev, həmçinin cari ildə bulud texnologiyası əsasında inklüziv təhsil kontentlərinin formalaşması, elektron inklüziv tədris mühitində adaptiv texnologiyaların tətbiqi məsələlərinin araşdırıldığını, adaptiv texnologiyaların istifadəsi ilə tədris materialların mənimsənilməsinə nəzarət üzrə metod və alqoritmlərin tədqiq olunduğunu deyib.

Məruzəçi şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən tədbirlər haqqında məlumat verib.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik şöbənin elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib, aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.

Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.