Baş səhifə  arrow Yeniliklər arrow Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri tədqiq olunub
Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri tədqiq olunub Print
   29 Oktyabr 2019, saat 05:00
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2019-cu il üzrə illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətində elektron tibb mühitində qərarların qəbul olunmasını dəstəkləyən model və metodların işlənilməsi üzrə tədqiqatların aparıldığını qeyd etdi.

Şöbə müdiri bu mövzu çərçivəsində tibbi demoqrafik proseslərin intellektual idarə olunması üçün tibbi demoqrafik göstəricilərin və onlara təsir edən amillərin təhlili, onlar arasında səbəb-nəticə əlaqələrinin aşkarlanması, tibbi sosial media mühitində toplanan informasiyanın tibbi qərarların qəbulunda istifadəsi imkanlarının araşdırılması istiqamətində bir sıra elmi nəticələrin əldə olunduğunu diqqətə çatdırdı. Məruzəçi çıxışına davam edərək IoT-dan istifadə etməklə yüksək riskli obyektlərdə işçilərin sağlamlıq vəziyyətinin intellektual idarə olunması sisteminin metodoloji əsaslarının işlənməsi mövzusu üzrə görülən işlərdən danışdı və bildirdi ki, bu mövzu üzrə işçilərin fiziki vəziyyətinin iyerarxik intellektual monitorinq sisteminin arxitekturu işlənilmiş, eləcə də dəniz neft-qaz sahəsində çalışan işçilərin timsalında sağlamlıq vəziyyətinin intellektual idarə olunması sisteminin funksionallaşma prinsipləri təklif edilib.

M.Məmmədova bildirdi ki, ölkə səviyyəsində fərdi tibbi məlumatlar infrastrukturunun formalaşdırılması və intellektual analizi üçün metod və alqoritmlər, eləcə də informasiya cəmiyyətinin tibbi kadrların formalaşmasına təsiri modelləri, e-dövlət şəraitində e-vətəndaşların formalaşdırılması modellərinin işlənməsi cari il ərzində həyata keçirilən elmi-tədqiqat işləri sırasındadır.

Onun sözlərinə görə, insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsasları, əmək bazarında İT-mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması, elektron universitetin fəaliyyət konsepsiyası, model və metodların işlənilməsi istiqamətində yüksək nəticələr əldə olunub.

Məsumə Məmmədova bildirdi ki, cari il ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science” (Clarivate Analytics), “Scopus” və digər beynəlxalq bazalarda indeksləşən jurnallara 13 məqalə və müxtəlif səviyyəli konfranslara 9 tezis təqdim olunub. Bunlardan 3-ü “Web of Science”, 3-ü isə “Scopus” bazalarında çap olunub.

Beynəlxalq elmi əməkdaşlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verən professor Avropa İttifaqının Şərq tərəfdaşlığı Proqramı üzrə Avropa Təhsil Fondunun eksperti qismində həyata keçirdiyi fəaliyyət haqqında məlumat verdi və bu əməkdaşlıq çərçivəsində aparılan tətdiqatların nəzəri-tətbiqi nəticələrini nəzərə çatdırdı.

M.Məmmədovanın qeyd etdi ki, hesabat ilində şöbədə Azərbaycan və ingilis dillərində “Elektron tibb: formalaşması və elmi nəzəri problemlər” adlı kitab çap olunub, “İT-mütəxəssislər əmək bazarının intellektual idarə olunması” adlı monoqrafiya isə rus dilində nəşr olunub.

Sonda şöbənin hesabatına dair müzakirələr aparıldı. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək plan üzrə təkliflərin nəzərə alınmasını və şöbənin elmi potensialının gücləndirilməsini tövsiyə etdi. Alim e-tibbin çoxaspektli problemlərinin həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.