Baş səhifə  arrow Yeniliklər arrow Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlər işlənilib
Milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlər işlənilib Print
   29 Oktyabr 2019, saat 03:02
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2019-cu il üzrə illik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova il ərzində görülən elmi-tədqiqat işləri barədə məlumat verdi. O, veb-texnologiyaların elmi-nəzəri problemlərinin araşdırılması, e-demoqrafiyanın formalaşdırılması və intellektual analiz texnologiyalarının, eləcə də milli terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənilməsi, elektron dövlət mühitində veb-resursların statistik göstəricilərinin qiymətləndirilməsi və intellektual analizi konsepsiyasının işlənildiyini söylədi.

Terminoloji informatikanın formalaşması üzrə aparılan tədqiqatlardan danışan G.Nəbibəyova bu məqsədlə milli terminoloji informasiya mühitinin OLAP əsasında qurulması, analizi, qərarların qəbulunu dəstəkləyən sistemin işlənildiyini vurğuladı. Şöbə müdiri veb-texnologiyaları problemləri üzrə elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilərək intellektual analizinin aparıldığını, veb-spamlarla mübarizə texnologiyalarının və Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası problemlərinin araşdırıldığını qeyd etdi.

G.Nəbibəyova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində AMEA Botanika İnstitutunun “Plant & Fungal Research”, eləcə də AMEA Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” jurnalının veb-saytının hazırlandığını, doktorantura üzrə milli idarəetmə portalının, AMEA Yüksək Texnologiyalar Parkının strateji elmi-analitik araşdırmalar mərkəzinin veb-saytının, AMEA Gəncə Bölməsinin veb-saytının, www.transliterasiya.az saytının dizaynının və proqram təminatının işlənildiyini nəzərə çatdırdı. AMEA-nın rəsmi www.science.gov.az portalının, institutun www.ikt.az saytının, AzScienceNet EKŞ Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan mütəmadi olaraq dəstəkləndiyini qeyd etdi. Həmçinin, AMEA institut və təşkilatlarının veb-saytlarının mütəmadi monitorinqinin aparıldığını vurğuladı.

G.Nəbibəyova şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği və reklam-marketinq işinin təşkili, elmmetrik göstəricilər ilə bağlı görülən işlər haqqında məlumat verdi.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.

Hesabata dair müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.