Baş səhifə  arrow Yeniliklər arrow İnternet-sosiologiyada onlayn tədqiqat metodları araşdırılıb
İnternet-sosiologiyada onlayn tədqiqat metodları araşdırılıb Print
   26 Sentyabr 2019, saat 04:18
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “İnternet-sosiologiyanın müasir vəziyyəti və problemləri” mövzusuna həsr olunduğunu bildirdi.

Şöbənin proqramçısı Könül Daşdəmirova İnternet-sosiologiyanın yaranma tarixi, müasir vəziyyəti, rəqəmsal sosiologiya, onlayn tədqiqat metodları, İnternet-sosiologiya sahəsində dünya təcrübəsi və Azərbaycanda bu sahədə vəziyyət haqqında ətraflı məlumat verdi. Bildirdi ki, İnternet-sosiologiya cəmiyyətdə mövcud olan informasiya mühitini, informasiya mübadiləsi aparılan zaman insanlar arasında qarşılıqlı əlaqə formalarını tədqiq edir, sosioloji nəzəriyyə və metodologiyanın İnternetə tətbiqini nəzərdə tutur.

İnternet-sosiologiyanın 1990-cı illərin sonlarında formalaşmağa başladığını bildirən məruzəçi rəqəmsal sosiologiyanın 2000-ci illərdən meydana gəldiyini bildirdi. “Simsiz mobil rabitə vasitələrinin, yeni kommunikasiya platformalarının və alətlərinin geniş yayılması, eləcə də sosial strukturun və həyatımızın bütün aspektlərinə İKT-nin nüfuz etməsi yeni tədqiqat üsulları və metodlarınının müəyyənləşdirilməsini tələb edir”, – deyə bildirən K.Daşdəmirova bu dəyişikliklərin “böyük məlumatlar”ın geniş miqyaslı tədqiqinə yol açdığını vurğuladı.

O, həmçinin “We are social” və “Hootsuite” şirkətlərinin “Digital in 2019” hesabatını təqdim edərək dünya üzrə aktiv mobil və İnternet, eləcə də sosial media istifadəçilərinin sayı barədə məlumat verdi, sosial platformalarda aktiv istifadəçi hesablarını diqqətə çatdırdı.

K.Daşdəmirova rəqəmsal sosiologiya sahəsində tədqiqatların əsas istiqamətlərindən bəhs edərək şəxsi səviyyə, qrup səviyyəsi və sosial səviyyə haqqında ətraflı məlumat verdi, bu səviyyələrin problemlərini qeyd etdi.

Tədqiqatçılar tərəfindən İnternet vasitəsilə məlumatların toplanması üsulu olan onlayn tədqiqat metodlarından söz açan məruzəçi elektron poçt vasitəsilə anketlərin göndərilməsi üsulu haqqında məlumat verdi. O, etnoqrafik metodların tətbiqi ilə İnternet mühitində icmaların və mədəniyyətlərin öyrənilməsinə yönəlmiş onlayn tədqiqat üsulu olan kiber-etnoqrafiya, veb-saytın məzmununun analizinə yönəlmiş tədqiqat üsulu, yüksək keyfiyyətli məlumatların toplanması üçün istifadə edilən onlayn tədqiqat texnologiyası olan İnternet-fokus qrupları barədə danışdı.

Məruzəçi, həmçinin ani mesajlaşma texnologiyasına əsaslanan tədqiqat üsulu – İnternet-müsahibə, keyfiyyətli onlayn analiz və sorğu, eləcə də özü yüklənən sorğu haqqında məlumat verdi.

K.Daşdəmirova İnternet-sosiologiya sahəsində dünya təcrübəsindən danışaraq ilk dəfə ABŞ sosioloqlarının İnternetdən sosioloji məlumatların toplanması vasitəsi kimi istifadə etməyə başladığını qeyd etdi, İnternet istifadəçilərinin ilk sosioloji tədqiqatının 1994-cü ildə J.Pitkov tərəfindən həyata keçirildiyini vurğuladı.

Məruzəçi İnternet-panellərdən istifadə edərək kütləvi onlayn sorğular aparan “Custom Research”, “Harris Interactive”, “Angus Reid Group”şirkətləri, eləcə də Rusiyada İnternetin auditoriyasını öyrənmək üçün həyata keçirilən “Web-vektor”, “Gallup Net” və “Omnibus” layihələrindən söz açdı. Onun sözlərinə görə, “Web-vektor” layihəsi çərçivəsində araşdırmalar fərdi kompüter istifadəçilərinin sayı, elektron poçt istifadəçilərinin sayı və istifadə tezliyi, İnternet auditoriyanın həcmi, İnternetdən istifadənin tezliyi və həcmi, İnternet auditoriyasının sosial-demoqrafik tərkibi və s. göstəricilər üzrə aparılmışdır.

K.Daşdəmirova Rusiyanın “Monitoring.ru”, “MASMI” agentlikləri, “İctimai rəy” fondu barədə də məlumat verdi. O, “Digital in 2019” hesabatına əsasən, Azərbaycanda İnternet-sosiologiya sahəsində mövcud vəziyyəti diqqətə çatdırdı, ölkəmizdə sosioloji araşdırmaların və rəy sorğularının keçirilməsi və təhlili ilə məşğul olan ictimai qeyri-hökumət təşkilatlarının fəaliyyət istiqamətlərini təqdim etdi.

Sonda məruzəçi İnternet-sosiologiya üzrə elmi-praktiki işlər üzrə nümunələri nəzərə çatdırdı, bu sahədə keçirilən konfranslar, nəşr olunan kitablar, həmçinin bu sahə üzrə fəaliyyət göstərən tanınmış rəqəmsal sosioloqlar haqqında məlumat verdi.

Məruzə ilə bağlı çıxış edən akademik Rasim Əliquliyev İnternet-sosiologiyanın tədqiqinin müasir dövrdə aktuallıq kəsb edən məsələlərdən olduğunu diqqətə çatdırdı və mövzunun elmi yenilik olduğunu vurğuladı. Akademik bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsini, məqalələrin hazırlanmasını və mütəmadi olaraq elmi seminarların keçirilməsini tövsiyə etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.