Baş səhifə  arrow Yeniliklər arrow 
Akademik Rasim Əliquliyev: “Radioelektron mübarizə sahəsində elmi tədqiqatların genişləndirilməsi zəruridir” Print
   24 Sentyabr 2019, saat 03:16
Image
Sentyabrın 24-də AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, bölmənin büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, eləcə də bir sıra alim və mütəxəssislər iştirak ediblər.

İclası Fizika İnstitutunun direktor müavini, akademik Cavad Abdinov giriş sözü ilə açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Öncə Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov “Azərbaycan Respublikasının müdafiəsinin təşkilində radioelektron mübarizənin praktiki dəyəri, onun tətbiqi və inkişaf konsepsiyası” adlı məruzəsini təqdim edib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Akademiklər Cavad Abdinov, Telman Əliyev, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Namiq Cəlilov və digərləri çıxış edərək Azərbaycan Respublikasının müdafiəsinin təşkilində radioelektron mübarizənin önəmini qeyd edib, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayıblar.

Akademik Rasim Əliquliyev məruzə ilə əlaqədar çıxış edərək müasir dövrdə radiolektron mübarizənin böyük əhəmiyyətə malik olduğunu söyləyib. O, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin artırılması istiqamətində efir sahəsində problemlərin olduğunu deyərək, bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin öz strateji maraqları vardır ki, onların həyata keçirilməsi üçün müəyyən təcili və təxirəsalınmaz addımlar atılmalıdır.

Alim radioelektron mübarizə sahəsində müəyyən təcrübəyə və müasir informasiya texnologiyaları biliklərinə malik peşəkar mütəxəssislərin iştirakı ilə seminarın keçirilməsinə ehtiyac olduğunu qeyd edib: “Bu məsələ bir neçə aidiyyatı olan qurumların nümayəndələri ilə müzakirə olunmalı, obyektiv və konkret təkliflər irəli sürülməlidir”.

Akademik R.Əliquliyev ölkənin müdafiəsinin təşkilində əvəzedilməz rola malik radioelektron mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, elmi tədqiqatların genişləndirilmısi, eləcə də yeni ixtisasın yaradılmasının zəruri olduğunu bildirib. O, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən elmi müəssisələr qarşısında kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı konkret vəzifələrin qoyulduğunu, bu prosesdə rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun da yaxından iştirak etdiyini deyib.

Efir məkanının təhlükəsizliyinin təmin olunması məsələsinə toxunan alim ölkədə bu sahənin getdikcə daha böyük təsiredici qüvvəyə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu sferada fundamental problemlər vardır ki, onların həlli birbaşa cəmiyyətin təhlükəsizliyi ilə bağlıdır: “Bu səbəbdən AMEA Rəyasət Heyətinin iclasında akademik Akif Əlizadənin iştirakı ilə tədbir keçirərək qeyd olunan problemlə bağlı təklifləri geniş şəkildə müzakirə etməliyik”.

AMEA-nın vitse-prezidenti, həmçinin efir təhlükəsizliyi probleminin prioritet elmi istiqamət kimi müəyyənləşdirilərək ölkə rəhbərliyi səviyyəsində qaldırılmasının məqsədəuyğun olduğunu bildirib.

Sonda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.