Baş səhifə  arrow Yeniliklər arrow İnstitutda Elmi Şuranın növbəti iclası keçirildi
İnstitutda Elmi Şuranın növbəti iclası keçirildi Print
   20 Sentyabr 2019, saat 01:30
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq institutun şöbə müdiri Gülnarə Nəbibəyova və institutun böyük elmi işçisi Rəhilə Həsənovanı texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaqları münasibətilə təbrik etdi. Daha sonra alim gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

Öncə institutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülmüş işləri təqdim etdi.

Sonra çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev 29 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçiriləcək “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı haqqında məlumat verdi. Qeyd etdi ki, süni intellekt, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, böyük verilənlər, mobil texnologiyalar, bulud hesablamaları, sosial şəbəkələr kimi texnologiyaların inkişafı fərdi məlumatların təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Fərdi məlumatlardan sui-istifadə edilməsinin mənfi nəticələri təkcə ayrı-ayrı insanların şəxsi həyatlarının toxunulmazlığı hüququnun pozulmasında deyil, ictimai həyatda, iqtisadiyyat və siyasətdə də özünü ciddi şəkildə göstərə, milli maraqların təhdidinə çevrilə bilər.

Məruzəçinin sözlərinə görə, bu konfrans müasir şəraitdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları qarşısında vacib vəzifələr qoyulmasını nəzərə alaraq, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinə həsr olunur: “Fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsi konfransın əsas məqsədidir”.

Sonda şöbə müdiri problemin aktuallığı, məsələnin qoyuluşu və həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki əhəmiyyəti əks olunan məqalələri 30 oktyabr 2019-cu il tarixinə qədər təqdim etməyi tövsiyə etdi.

“Elmi kadrlar” Milli İnformasiya Sistemi barədə danışan institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov bu sistemin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə yaradıldığını bildirdi.

Məruzəçi sistemin giriş formasının sturukturunu təqdim edərək onun şəxsi məlumatlar, elmi əsərlər, kitablar, monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri, elmi ekspertiza fəaliyyəti, patentlər və ixtiralar, qrant layihələrində iştirak, eləcə də kadr hazırlığı, respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında təmsil olunma, əlaqə məlumatları bölmələrindən ibarət olduğunu nəzərə çatdırdı.

F.Yusifov Milli İnformasiya Sisteminin imkanlarından danışaraq bildirdi ki, elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında məlumat bazasının formalaşdırılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, eləcə də təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılması sistemin əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, sistem, həmçinin elmmetrik və analitik qiymətləndirmələrin aparılması, müxtəlif kombinasiyalı sorğular əsasında hesabatların əldə olunması və elektron hesabat formalarının hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.

Daha sonra şöbə müdiri 2019/2020-ci tədris ili üzrə AMEA-nın magistraturasına qəbul olunmuş magistrantlar haqqında məlumat verdi. O, bu il AMEA-nın magistraturasına 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 tələbənin qəbul olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, cari ildə AMEA İnformasiya Texnologiyalar İnstitutunun magistratura pilləsinə “249356 – Kompüter mühəndisliyi”, “249397 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249331 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “249332 – Kompüter sistemləri və şəbəkələri”, “249429 – Tətbiqi proqram təminatı” ixtisasları üzrə ümumilikdə 8 yer ayrılıb və qəbul planı tam yerinə yetirilib. Məruzəçi qeyd olunan ixtisaslar üzrə cari ildə qəbul olunmuş magistrantları seminar iştirakçılarına təqdim etdi.

İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” (İTP) və “İnformasiya cəmiyyəti problemləri” (İCP) elmi-praktiki jurnallarının vəziyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, elmi-praktiki jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması üçün dünyanın nüfuzlu elmi jurnallarının təcrübələrindən faydalanmalı, məqalələrin ingilis dilinə tərcüməsinin keyfiyyəti artırılmalı, jurnallarda kənar təşkilatların nümayəndələri tərəfindən təqdim olunan, eləcə də xarici müəlliflərlə birgə məqalələrin nəşrinə xüsusi yer verilməlidir.

Daha sonra akademik Rasim Əliquliyev AMEA-nın elmi bölmələrinin elmi sessiyaları barədə çıxış edərək bildirdi ki, AMEA Ümumi yığıncağının 1 may 2019-cu il tarixli qərarı ilə AMEA-nın Rəyasət Heyətinə müasir elmi prioritetlərə uyğun araşdırmaların genişləndirilməsi ilə bağlı bir sıra mühüm tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrasını təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin 27 iyun 2019-cu il tarixli iclasında müvafiq qərar qəbul edilmişdir. Qərarda AMEA-da süni intellekt sistemləri, nüvə fizikası, nanotexnologiyalar, informasiya texnologiyaları, riyazi modelləşdirmə, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, o cümlədən humanitar və ictimai elmi istiqamətlər üzrə fundamental və tətbiqi tədqiqatların daha da genişləndirilməsi ilə bağlı AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi bölmələri və Rəyasət Heyəti aparatının struktur bölmələri qarşısında mühüm vəzifələr qoyulmuşdur.

İnstitut direktoru qeyd etdi ki, bu vəzifələrin icrası müxtəlif elm sahələrini təmsil edən peşəkar mütəxəssislərin və gənc alimlərin iştirakı ilə geniş müzakirələrin aparılmasını tələb edir. Belə müzakirələrin təşkili elmi prioritetlər üzrə mövcud problemlərin dərindən araşdırılması, həmçinin gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, yaradıcı gənclərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

R.Əliquliyev qeyd olunan qərara əsasən, AMEA-nın elmi bölmələrində elmi sessiyaların keçirilməsinin, sessiyalarda müvafiq alimlərin iştirakı ilə təbiət, texnika, humanitar və ictimai elm sahələrinin müxtəlif aktual məsələlərinə həsr olunmuş elmi problemlərin müzakirəsinin aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı. Alim institutun alim və mütəxəssislərini bu sessiyalarda yaxından iştirak etməyə səslədi.

Akademik, həmçinin 23-25 oktyabr 2019-cu il tarixlərdə Bakıda keçiriləcək “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”ndan (AICT 2019) söz açdı. Qeyd etdi ki, təhsil, elm, idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, dövlət strukturları, kommunikasiya və rabitə sahələrində İKT-nin tətbiqi üzrə araşdırmalar aparan elmi tədqiqatçıları bir araya gətirən konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif guşələrindən olan elmi tədqiqatçılar və mühəndisləri eyni coğrafi məkana toplamaqdır.

Alimin sözlərinə görə, “AICT 2019” konfransına ADA Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstək verir.

Daha sonra “AICT 2019” konfransında institut əməkdaşlarının iştirakı və konfrans materiallarının təqdim olunması istiqamətində görülən işlər müzakirə olundu.

Sonda bir sıra kadr məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.