Baş səhifə  arrow Yeniliklər arrow AMEA ilə Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq genişləndirilir
AMEA ilə Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq genişləndirilir Print
   18 Sentyabr 2019, saat 04:52
Image
AMEA Rəyasət Heyətində Fransanın Monpelye Universitetinin (Université de Montpellier) nümayəndələri, professor Fransua Henn və gənc tədqiqatçı Adrien Novri ilə görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparmaq olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq professor F.Henni rəhbərlik etdiyi elm ocağında ikinci dəfə görməkdən məmnun olduğunu deyib.

Fransanın Monpelye Universiteti ilə mövcud olan əməkdaşlıq əlaqələrinin uğurla davam etdirildiyini söyləyən alim ötən il AMEA və bu ali məktəbin iştirakı ilə imzalanmış müqaviləni xatırladıb. Bildirib ki, əməkdaşlıq haqqında saziş çərçivəsində birgə doktorantura proqramı həyata keçirilib, iki qurum arasında səmərəli kadr və təcrübə mübadiləsi aparılıb.

Monpelye Universiteti ilə əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini vurğulayan AMEA rəhbəri bu əməkdaşlığın hər iki qurumun gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. A.Əlizadə müasir dövrdə beynəlxalq aləmə inteqrasiyanın akademiyanın qarşısında duran əsas hədəflərdən olduğunu vurğulayaraq, bu baxımdan Fransa ilə qurulmuş elmi əlaqələri yüksək qiymətləndirib: “Birgə tədqiqatların aparılması və doktorantura hazırlığı üzrə imzalanmış müqavilə AMEA-nın digər müvafiq institutları ilə də əlaqələrin təşkilinə, ortaq layihələrin həyata keçirilməsinə imkan verir”.

Sonra akademik A.Əlizadə AMEA-nın Fizika İnstitutunun laboratoriyasında görülən işlər və prioritet istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verib. O, Fizika İnstitutunun əməkdaşları ilə birgə qrant layihələrdə iştirakın həm AMEA, həm də Monpelye Universitetində ciddi elmi nailiyyətlərin əldə olunmasına təkan verəcəyini deyib.

AMEA-nın prezidenti ölkəmizdə mövcud olan palçıq vulkanları, Qobustan qayaları və digər tarixi yerlər barədə də məlumat verərək, qonaqları bu məkanlarla tanış olmağa dəvət edib.

Fransalı həmkarları ilə görüşün tarixi əhəmiyyətini önə çəkən alim qeyd edib ki, AMEA-nın institutları ilə Monpelye Universiteti arasında aparılan tədqiqatlara dair rəsmi protokolun imzalanması zəruridir.

Sonra qonaq prof. F.Henn iki qurum arasında əməkdaşlığın faydalarından söhbət açaraq, bu əlaqələrin bütövlükdə Fransa-Azərbaycan elmi münasibətləri üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

AMEA-ya növbəti səfərində əsas məqsədin Fizika İnstitutu ilə tanışlıq olduğunu deyən qonaq bu qurumun laboratoriyaları ilə yaxından tanış olduğunu vurğulayıb, institutda fəaliyyət göstərən fizik-alimlərin fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda, burada təqdim etdiyi elmi məruzə haqqında məlumat verib.

F.Henn Fizika institutunun alim və mütəxəssislərini Monpelye Universitetinin təqaüd proqramlarında iştirak etməyə, bu ali məktəbin çoxillik təcrübəsindən yararlanmağa dəvət edib.

O, Azərbaycan-Fransız Universiteti ilə də əməkdaşlıq etdiyini, bu səbəbdən ölkəmizə daha tez-tez səfər edəcəyini bildirib.

Daha sonra AMEA Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov çıxış edərək rəhbərlik etdiyi bölmədə dünya elminin tələblərinə cavab verən isiqamətlərdə araşdırmaların aparıldığını, fizika elminin inkişafı yönündə ciddi nailiyyətlərin əldə olunduğunu qeyd edib.

Alim Monpelye Universiteti ilə əlaqələrin müxtəlif elm sahələri üzrə davam etdirilməsinin məqsədəuyğun olduğunu deyib.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva. və AMEA-nın professoru Rasim Cabbarov da iştirak ediblər.