Baş səhifə  arrow Yeniliklər arrow İnstitutda 2019/2020-ci tədris ili üzrə qəbul olunmuş magistrantlarla görüş keçirildi
İnstitutda 2019/2020-ci tədris ili üzrə qəbul olunmuş magistrantlarla görüş keçirildi Print
   13 Sentyabr 2019, saat 03:54
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2019/2020-ci tədris ili üzrə qurumun magistraturasına qəbul olunmuş magistrantlar ilə görüş keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova və Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iştirak edirdilər.

Akademik Rasim Əliquliyev magistrantları salamlayaraq onlara yeni tədris ilində uğurlar arzuladı. Bildirdi ki, cari ildə magistratura pilləsinə “249356 – Kompüter mühəndisliyi”, “249397 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249331 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “249332 – Kompüter sistemləri və şəbəkələri”, “249429 – Tətbiqi proqram təminatı” ixtisasları üzrə ümumilikdə 8 yer ayrılıb və qəbul planı tam yerinə yetirilib.

Ölkə rəhbərliyi tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğıdan danışan akademik informasiya texnologiyaları sahəsində ali təhsil alan tələbələr üçün institutda yaradılmış imkanlar haqqında məlumat verdi. Alim institutda təhsilin, magistratura pilləsinin tədrisinin elmdə dəyərli nəticələrin əldə olunması, gənc alimlərin yetişdirilməsi, bir sözlə Azərbaycan elminin innovativ inkişafı baxımından vacibliyini ifadə etdi.

“Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir”, – deyən R.Əliquliyev elmə böyük marağı olan magistrantları elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini davam etdirməyə çağırdı.

İnstitut direktoru qurumun magistratura pilləsinə qəbul olunmuş gənclərin ixtisasları üzrə dərin biliklərə yiyələnəcəklərini, təhsil aldıqları müddətdə işlə təmin olunacaqlarını, eləcə də onların dünyanın nüfuzlu elmi-tədqiqat müəssisələrində təcrübə keçmələri üçün şəraitin yaradılacağını nəzərə çatdırdı.

İnformasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparan gənclərə ehtiyac olduğunu diqqətə çatdıran akademik institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı tövsiyə etdi.

Sonda müzakirələr aparıldı, magistrantları maraqlandıran suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.