Baş səhifə  arrow Yeniliklər arrow Onkoloji və neyrodegenerativ xəstəliklərin yeni tədqiqi üsulları müzakirə edilib
Onkoloji və neyrodegenerativ xəstəliklərin yeni tədqiqi üsulları müzakirə edilib Print
   17 İyul 2019, saat 04:09
Image
İyulun 17-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun “Ağciyər xərçəngi və neyrodegenerativ amiloid xəstəliklərinin multidissiplinar tədqiqi: ilkin nəticələr və gələcək istiqamətlər” mövzusunda elmi məruzəsi dinlənilib.

Alim bildirib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir. İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən natiq, dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib: “Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çoxamilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var”.

Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. O.Qasımov AMEA-nın Biofizika İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə işlənilib hazırlanan süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: “Maşın öyrənməsi” fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir”.

O.Qasımov inteqrativ bioloji yanaşma əsasında bədxassəli şiş hüceyrələrinin yaranmasına səbəb olan prinsipial genetik faktorların təyini və dəqiqləşdirilməsi, bədxassəli şişlərin gedişinin riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması üzrə işlər aparıldığını söyləyib. Vurğulayıb ki, insan genomunda promotor axtarışı üzrə İnteqrativ biologiya laboratoriyasında yaradılmış yeni TSShm metodu və digər kompüter proqramları vasitəsi ilə alınmış nəticələr xərçəng xəstəliyi ilə bağlı məlum 702 gendən 650-si üçün ən azı 1 potensial 2-istiqmətli promotor (2-İP) olduğunu göstərir. Natiq bu istiqamətdə alınan mühüm nəticələrin nüfuzlu beynəlxalq jurnallarda (BBA-Proteins and Proteomics, 2018; Journal of Spectroscopy, 2018; Macromol.Chem.Phys, 2019) çap olunduğunu da əlavə edib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Əhliman Əmiraslanov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, professor Habil Muradov və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.