Baş səhifə  arrow Yeniliklər arrow Dissertasiya Şurasının növbəti iclası keçirildi
Dissertasiya Şurasının növbəti iclası keçirildi Print
   26 Fevral 2010, saat 06:06
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.

İclasda texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Vüqar Musayevin “Biometrik eyniləşdirmə sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” və Fərqanə Abdullayevanın “Əhali və miqrasiya” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi” mövzularında dissertasiya işləri üzrə rəsmi opponentlərin, aparıcı təşkilatların və müdafiənin tarixinin təyini məsələlərinə baxıldı.

Tex.e.d. Vidadi Musayev və tex.e.n. Cavanşir Məmmədov iddiaçı V.Musayevin, tex.e.d. Rasim Nəbiyev və tex.e.n. Akif Süleymanov isə F.Abdullayevanın rəsmi opponentləri təyin olundular. Aparıcı təşkilatlar AMEA Kibernetika İnstitutu və Sumqayıt Dövlət Universiteti, hər iki müdafiə isə 23 aprel tarixinə təyin olundu.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təsis edilən “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallar haqqında məlumar verərək, “İnformasiya texnologiyaları problemləri” jurnalının artıq ilk nömrəsinin işıq üzü gördüyünü də nəzərə çatdırdı. Jurnalda İT-nin müasir vəziyyəti, informasiya-hesablama, coğrafi informasya, biometrik informasiya texnologiyaları, süni intellekt, veb-texnologiyalar, proqram və bilik mühəndisliyi, informasiya təhlükəsizliyi, neyroinformatika və s. istiqamətlər üzrə məqalələrin dərc olunmasının nəzərdə tutulduğunu bildirdi.

İclasda institutun www.ict.az saytında yerləşdirilən Dissertasiya Şurası bölməsi haqqında da məlumat verildi. Dissertasiya Şurasının elmi katibi, tex.e.n. Ramiz Şıxəliyev bölmədə Dissertasiya Şurasının tərkibi, alimlik dərəcəsi almaq iddiasında olanların şuraya təqdim etməli olduqları sənədlərin siyahısı, alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyalara dair tələblər, dissertasiyaların tərtibi qaydaları, Azərbaycan Respublikasında texnika elmləri üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı və əlaqə haqqında məlumatların əks olunduğunu bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.