Baş səhifə  arrow Yeniliklər arrow Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri araşdırılıb
Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri araşdırılıb Print
   01 İyul 2019, saat 01:25
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin 2019-cu il üzrə 6 aylıq hesabatı müzakirə olundu. Şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi şöbənin elmi-tədqiqat fəaliyyəti, elmi seminarlarda və konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülən işlər haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, “Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri” mövzusu üzrə böyük sosial media məlumatlarında milli təhlükəsizliyə təhdidlərin aşkarlanması üçün text mining yanaşması, sosial şəbəkə məlumatlarının sentiment analizi üçün dərin təlim modeli işlənilib, dərin təlimin elmi-nəzəri problemləri tədqiq edilib. Bundan əlavə, böyük həcmli verilənlərdə axtarış sistemlərinin effektivliyinin artırılması üçün, DoS hücumların aşkarlanması üçün model və alqoritmlər işlənilib, İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər araşdırılıb.

O, şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlərdən söz açaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant layihəsinə mövzu təqdim edildiyini vurğuladı.

M.Hacırəhimova, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, “EBSCO”, “Google Scholar”, “CrossRef”, “İNSPEC”, “SCOPUS” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşən nüfuzlu jurnallarda 7 məqalənin nəşri, çapa təqdim etdiyi məqalələr, respublika və beynəlxalq səviyyəli kofranslarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbənin 6 aylıq hesabatına dair fikirlərini səsləndirdi. Alim tədqiqatların daha da dərinləşdirilməsini və elmi-nəzəri fəaliyyətin gücləndirilməsini tövsiyə etdi.

Hesabata dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.