Baş səhifə  arrow Yeniliklər arrow www.milliqahraman.az portalının təqdimatı keçirildi
www.milliqahraman.az portalının təqdimatı keçirildi Print
   23 Fevral 2010, saat 05:55
Image
22 fevral 2010-cu il tarixdə AMEA Rəyasət Heyətində AMEA İnformasiya Texnologiyaları İnstitutu və “Milli Qəhrəman” qəzetinin birgə layihəsi olan www.milliqahraman.az portalının təqdimatı keçirildi.

1992-ci ilin dəhşətli Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində təqdim olunan portalın yaradılmasında məqsəd təkcə gənc nəslə deyil, eləcə də beynəlxalq aləmə Azərbaycana qarşı məkrli niyyətlərindən əl çəkməyən ermənilərin XX əsrin sonlarından başlayaraq yenidən torpaqlarımızı işğal etməklə, Azərbaycan tarixində buraxdığı qanlı izlər və bu müharibədə şücaət göstərmiş Vətən övladları haqqında ətraflı məlumat verməkdir.

Tədbirdə çıxış edən AMEA-nın birnci vitse-prezidenti, akademik Arif Həşimov gənc nəslə Azərbaycan tarixinin yeni qəhrəmanlıq salnaməsi haqqında ətraflı məlumat vermək imkanının genişliyi baxımından veb-portalın əvəsiz rol oynadığını iştirakçıların nəzərinə çatdırdı.

Millət vəkili Qənirə Paşayeva portalın yaradılması səbəblərindən birini də virtual məkanda Azərbaycanın milli qəhrəmanları haqqında məlumatların azlığı ilə izah etdi, bu məlumatların vahid bir mərkəzdə toplanmasının məqsədəuyğunluğunu qeyd etdi.

Bu portal vasitəsilə Azərbaycan tarixinin yeni qəhrəmanlıq səhifəsi olan milli qəhrəmanlarımızın göstərdikləri şücaət haqqında gənc nəsillə bərabər Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız da geniş və ətraflı məlumat əldə edə biləcəklər.

Sonra çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev ilk öncə portalın yaradılmasında göstərilən dəstəyə görə AMEA rəhbərliyinə öz minnətdarlığını bildirdi. R.Əliquliyev portalın yaradılmasını Azərbaycanın haqq səsinin, işğal olunmuş ərazilərimizlə bağlı faktlara əsaslanan tarixi həqiqətlərin, o cümlədən torpaqlarımız uğrunda canından keçmiş milli qəhrəmanlarımız haqqında məlumatların beynəlxalq aləmə çatdırılması istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirdi.

Sonra mərasim iştirakçılarına portalın strukturu barədə ətraflı məlumat verildi. Portalın strukturuna ana səhifə, xəbərlər, milli qəhrəmanlar, şəhidlər, əsir və itkin düşmüşlər, girov götürülmüşlər, erməni terrorizmi və vandalizmi, işğal olunmuş rayonlar, nəşrlər, foto-, audio- və videoqalereyalar, tədbirlər bölmələri daxil edilib. Portalın informasiya təminatı “Milli Qəhrəman” qəzeti tərəfindən həyata keçirilib. Xəbərlər bölməsi mütəmadi olaraq “Milli Qəhrəman” qəzetində dərc olunan materiallarla yenilənəcək. Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə müstəsna xidmətlərə və rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş 210 nəfər haqqında məlumat portalın Milli Qəhrəmanlar bölməsinə daxil edilib. Bundan əlavə, 22 min şəhid statusu almış Azərbaycan vətəndaşı haqqında məlumatlar da mütəmadi olaraq portalda yerləşdiriləcək.

Portalda həmçinin ermənilərin Azərbaycan ərazisində törətdikləri terror-təxribat aktları, dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətmiş erməni-terror təşkilatlarının adları, Ermənistanın Azərbaycana hərbi təcavüzünü özündə əks etdirən hadisələrin şahid ifadələri ilə təsdiqi, insanlığa qarşı törədilən cinayət, erməni vəhşiliyini sübut edən faktlar da “Erməni terrorizmi və vandalizmi” bölməsində öz əksini tapıb.

Bundan əlavə, portalda erməni işğalı altında olan ərazilərimizin (Ağdam, Füzuli, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı, Xankəndi, Kəlbəcər) işğal edilmə tarixi, yaşayış məntəqələri, coğrafi mövqeyi, iqtisadi xarakteristikası, tarixi və mədəniyyət abidələri, ərazisi və əhalisi haqqında ətraflı məlumatlar yerləşdirilib. Azərbaycanın milli qəhrəmanları və ümumilikdə bu müharibədə həlak olan insanlar haqqında çap olunmuş məqalələr, müsahibələr və kitablar daxil edilib. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə iştirakçıları, şəhid ailələri, cəbhə bölgəsində əsgərlərlə keçirdikləri görüşləri və ümumilikdə müharibənin dəhşətini bütövlükdə özündə əks etdirən foto, audio və video materiallar portalda əks olunub. Bundan əlavə, istifadəçilər portala daxil edilən filmləri izləməklə yanaşı, vətənpərvərlik ruhunda yazılmış musiqiləri də dinləmək imkanı qazanacaqlar.

R.Əliquliyev yaxın günlərdə istifadəyə veriləcək portalın ingilis dilində də fəaliyyət göstərməsi üçün müvafiq işlərin aparıldığını bildirdi.

“Milli Qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə 210 milli qəhrəmandan 18-nin həyatda olduğunu, 192 nəfərinin isə həlak olduğunu, 4459 nəfərin əsir və girov götürüldüyünü, 44 mindən artıq insanın isə öz fiziki sağlamlığını itirdiyini mərasim iştirakçılarının nəzərinə çatdırdı.

Təqdimetmə mərasimində çıxış edən Fransa vətəndaşı Fransis Mantho belə bir portalın yaradılmasının təkcə Azərbaycan üçün deyil, beynəlxalq ictimaiyyət üçün də əhəmiyyətini qeyd etdi. “Bu portal Azərbaycan həqiqətlərinin, bu müharibədə şəhid olmuş milli qəhrəmanlarımız haqqında məlumatların beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması baxımından dünyaya açılan bir pəncərədir”. Azərbaycanın milli qəhrəmanları arasında dostlarının (Fuad Babayev, Çingiz Mustafayev) adını çəkən Fransis Mantho “Bu müharibə bizim ümumi yaramızdır. Çünki müharibədə günahsız uşaqlar, qocalar, qadınlar öldürülür”- deyə qeyd etdi. O, çıxışını Xocalıya həsr olunmuş Azərbaycan dilində söylədiyi şeirlə bitirdi.

Mərasimdə çıxış edən millət vəkili Həvva Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, professor Fikrət İsmayılov Azərbaycanın milli qəhrəmanları haqqında belə bir portalın yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək, gənc nəslin təlim-tərbiyəsində, onlara vətənpərvərlik hissinin aşılanmasında əvəzsiz rol oynayacağını bildirdilər.

Sonda çıxış edənlər adından www.milliqahraman.az portalının yaradılmasında zəhməti olan hər bir kəsə dərin minnətdarlıq bildirildi.

Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, şəhid anaları, milli qəhrəmanların ailələrini təmsil edən şəxslər və KİV təmsilçiləri iştirak edirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.