Baş səhifə  arrow Yeniliklər arrow 
Sosial proseslərin analizində informasiya texnologiyalarının tətbiqi perspektivləri tədqiq olunub Print
   27 İyun 2019, saat 06:23
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev bu kimi seminarların mütəmadi olaraq keçirilməsinin elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması baxımından zəruriliyini vurğuladı.

Sonra institutun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “Sosial informatika: sosial proseslərin analizində informasiya texnologiyalarının tətbiqi perspektivləri” mövzusunda məruzəni təqdim edərək problemin aktuallığı və tədqiqatın məqsədi haqqında məlumat verdi. Bildirdi ki, sosiologiya ilə informasiya texnologiyalarının sintezi əsasında yaranan sosial informatika üzrə tədqiqatlarda əsas məqsəd İKT vasitəsilə insanın sosial-iqtisadi həyatında və cəmiyyətin inkişafında mümkün təhlükə və imkanların qiymətləndirilməsidir.

Onun sözlərinə görə, ilk dəfə 1980-ci illərdə Oslo Universitetinin əməkdaşları cəmiyyətin rəqəmsal texologiyalardan istifadə etmədən öyrənilməsinin mümkün olmadığını sübut etmək üçün tədqiqatlar aparmağa başlayıblar.

İ.Ələkbərova sosial informatika üzrə tanınmış tədqiqatçıların elmi fəaliyyətlərindən söz açdı. Qeyd etdi ki, bu gün müxtəlif dövlət orqanlarında, biznes sahəsində sosial nəzəriyyələrdən yararlanmaqla müxtəlif analitik sistemlərdən istifadə olunur. Onlardan biri də sosial elmlər üçün nəzərdə tutulmuş statistik paket olan, sosial tədqiqatlardan əldə olunan kəmiyyət göstəricilərini maksimum keyfiyyətlə emal etməyə imkan verən “SPSS Statistics” sistemidir.

Məruzəçi sosial informatika üzrə dünyada keçirilən bəzi beynəlxalq konfranslar və orada müzakirə olunan məsələlər haqqında ətraflı məlumat verdi. Bildirdi ki, hazırda İnformasiya Texnologiyaları İnstitutunda da “Mining Big Social Data”, “Opinion Mining and Social Media Analytics” və digər istiqamətlərdə tədqiqatlar aparılır.

Daha sonra məruzəçi sosial proseslərdən söz açaraq onları təsnifatlandırdı, sosial proseslərin İKT vasitəsilə analizinin perspektivlərindən, sosial proseslərin intellektual analizi sisteminin konseptual modeli və bu model əsasında verilənlərin emalının mərhələlərindən, modelin üstünlüklərindən bəhs etdi.

Akademik Rasim Əliquliyev çıxış edərək məsələnin aktuallığından danışdı. İnternetin cəmiyyətin bütün sferalarına nüfuz etdiyi qloballaşma dövründə hər bir insanın real ölkə ilə yanaşı, həm də virtual məkanın vətəndaşı olduğunu, İKT-nin yaratdığı imkanlardan geniş istifadə etdiyini bildirdi. Alimin sözlərinə görə, kimya, sosiologiya, arxeologiya və digər elm sahələri üzrə tədqiqatlarda səmərəli nəticə əldə etmək, araşdırmaların daha keyfiyyətli aparılmasını təmin etmək üçün ilk növbədə, İKT-nin imkanlarından geniş istifadə olunmalıdır.

Akademik sosial proseslərin İKT vasitəsilə analizinə başlamaq üçün sosial informatikanın elmi-nəzəri əsaslarına dərindən yiyələnməyin əhəmiyyətindən danışdı. “Tədqiqat predmeti cəmiyyətdə informasiya təsiri prosesləri, sosial proseslərdəki qanunauyğunluqlar, bu proseslərin analizi üçün nəzərdə tutulan metod və vasitələrdir. Bu sahədə İKT vasitələrindən istifadə etməklə ölkədə və dünyada baş verən sosial proseslərin modelləşdirilməsi və proqnozlaşdırılması üçün ümumi intellektual sistemin yaradılması zəruridir”.

R.Əliquliyev tədqiqatın növbəti mərhələsi sosial proseslərin intellektual analizi sisteminin işlənməsi olduğunu vurğuladı. Akademik elmi fəaliyyətin sürətləndirilməsini və müzakirə olunan məsələlərlə bağlı məqalələrin hazırlanmasını tövsiyə etdi.

Daha sonra şöbənin əməkdaşları, doktorant, dissertant və magistrantların elmi fəaliyyətləri ilə bağlı görülən işlər müzakirə olundu. Akademik R.Əliquliyev elmi tədqiqatlarla əlaqədar müəyyən tövsiyələr verdi, bu sahədə mövcud problemlər və perspektivlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirdi. Hər bir əməkdaşın tədqiqat istiqamətinin aktual məsələlərin həllinə həsr olunduğunu deyən akademik qeyd etdi ki, şöbənin illik fəaliyyət planı üzrə qarşıya qoyulmuş vəzifələr ardıcıl olaraq həyata keçirilməli, elmi araşdırmaların nəticəsi kimi məqalələr nəşr olunmalı və bu istiqamətdə gənc kadrlara dəstək göstərilməlidir.

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.