Baş səhifə  arrow Yeniliklər arrow E-elmin formalaşması problemləri istiqamətində tədqiqatlar davam etdirilir
E-elmin formalaşması problemləri istiqamətində tədqiqatlar davam etdirilir Print
   27 İyun 2019, saat 01:12
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2019-cu il üzrə 6 aylıq hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Təhmasib Fətəliyev yarım il ərzində görülmüş işlərin nəticələri haqqında məlumat verdi.

Məruzəçi şöbədə institutun əsas elmi istiqaməti çərçivəsində e-elmin formalaşdırılması problemləri üzrə “E-elm mühitində böyük həcmli verilənlər problemləri, perspektiv texnoloji həlləri” və “E-elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası məsələləri”nin tədqiq olunduğunu, eləcə də “Elmdə idarəetmə qərarlarının qəbul edilməsinə informasiya dəstəyinin təmin edilməsi” və “Vətəndaş elmi layihələrinin formalaşdırılması” məsələləri üzrə araşdırmaların davam etdirildiyini qeyd etdi.

O, elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlər barədə də məlumat verərək bu istiqamətdə AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Industry 4.0 konsepsiyası əsasında neft-qaz sənayesinin kiber-fiziki infrastrukturunun formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsi üzrə tədqiqatın aparıldığını, AMEA üzrə “E-elmin mövcud vəziyyətinin monitorinqi” üçün sorğu anketinin hazırlanmasında iştirak edildiyini söylədi.

Şöbənin elmi-tədqiqat fəaliyyətinin nəticələri barədə məlumat verən məruzəçi bir sıra məqalələrin çap edildiyini və elmi konfranslarda müzakirə olunduğunu diqqətə çatdırdı. “Scopus” və “Web of Science” bazalarına daxil olan məqalələr barədə ətraflı məlumat verdi.

T.Fətəliyev, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə bağlı müəyyən tövsiyələr verdi. E-elmin formalaşması problemləri ilə bağlı araşdırmaların aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edərək bu istiqamətdə tədqiqatların davam etdirilməsinin, məqalələrin hazırlanmasının vacibliyini vurğuladı.

Hesabat ətrafında müzakirələr aparıldı, bir sıra təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.