Baş səhifə  arrow Yeniliklər arrow 
“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi Print
   04 May 2019, saat 03:04
Image
4 may 2019-cu il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirildi. 2007-ci ildən müntəzəm olaraq keçirilən tədbirin təşkilatçıları AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutudur.

17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Olimpiadanın final mərhələsində respublikanın 17 ali təhsil müəssisəsindən (Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Dövlət Universiteti (BDU), Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “Azərbaycan” Universiteti, Xəzər Universiteti, Qərbi-Kaspi Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Dövlət Universiteti) 17 komanda iştirak edirdi.

Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksəkixtisaslı gənc mütəxəssislərə böyük ehtiyac olduğunu bildirdi. Qeyd etdi ki, İKT-nin dinamik inkişafı və geniş vüsət alması dünyada informasiya cəmiyyətinin formalaşması, bəşəriyyətin inkişafı üçün böyük imkanlar yaradır. Onun sözlərinə görə, artıq Azərbaycan şirkətlərinin mütəxəssisləri tərəfindən hazırlanan proqram məhsulları, elektron hökümətlə bağlı layihələr beynəlxalq aləmdə böyük marağa səbəb olur.

E.Vəlizadə Azərbaycanın müxtəlif bölgələrindən olan ali təhsil müəssisələrinin komandalarının ümumrespublika olimpiasında iştirak etdiyini qeyd etdi, bu komandaların yüksək nəticələr göstərərək final mərhələsinə vəsiqə qazandığını nəzərə çatdırdı. O, builki olimpiadada ölkənin müxtəlif orta təhsil məktəblərindən Beynəlxalq İnformatika Olimpiadasında iştirakı nəzərdə tutulan 9 şagirdin müsabiqədən kənar olaraq iştirak etdiyini də vurğuladı.

Nazir müavini çıxışının sonunda olimpiadaya ev sahibliyi edən İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyinə final mərhələsini təşkil etdiklərinə görə minnətdarlığını bildirdi, olimpiadanın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək üçün hazırlıq xarakteri daşıdığını qeyd edərək iştirakçılara uğurlar arzuladı.

Sonra AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək olimpiada iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə və rəhbərlik etdiyi qurumun kollektivi adından salamladı.

Azərbaycanda elm və təhsilin inkişafına ölkə rəhbərliyi, eləcə də AMEA tərəfindən daim diqqət göstərildiyini söyləyən alim İKT-nin bu sahələrdə tətbiqinin geniş imkanlar təqdim etdiyini vurğuladı. “Son illərdə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb”, – deyə bildirən alim qeyd etdi ki, akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

Müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclərin böyük rola malik olduğunu söyləyən akademik gənclərdən ibarət biliklər iqtisadiyyatı ordusunun yaradılmasının zəruriliyini vurğuladı. AMEA rəhbərliyi tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, gənclərin inkişafı, intellektual potensialının artırılması, daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi, ölkənin ictimai, sosial və mədəni həyatında rolunun artırılması üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən R.Əliquliyev bildirdi ki, akademiyanın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir.

R.Əliquliyev qeyd etdi ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri sayəsində Azərbaycanda İKT sahəsində yüksək nailiyyətlər əldə olunmuşdur. Bu sahədə innovasiyaların daha sürətlə vüsət almasında gənc kadrların rolundan danışan akademik yeni imkanların meydana gəlməsi və innovasiyaların geniş tətbiqi prosesinə gənclərin böyük töhfə verdiyini vurğuladı. Akademik, həmçinin Beynəlxalq İnformatika Olimpiadasının cari ilin avqust ayında Bakıda keçiriləcəyini bildirdi və bunu, ölkəmizin növbəti uğuru adlandırdı.

AMEA-nın vitse-prezidenti bundan əlavə, “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın rəsmi veb-portalının yaradılmasını, bütün qalib komandaların və digər statistik məlumatların portalda qeyd olunmasını təklif etdi.

Alim bu kimi tədbirlərin keçirilməsinin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliliyini artırmaq üçün mühüm əhəmiyyətə malik olduğunu vurğuladı. İKT üzrə istedadlı gənclərin seçilməsi və onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb edilməsinə, ölkəmizin beynəlxalq yarışlarda layiqincə təmsil edilməsinə imkan yaratdığını önə çəkdi.

Olimpiadanın Münsiflər Heyətinin sədri, ölkəmizdə proqramçılar nəslinin yetişdirilməsində böyük əməyi olan Bakı Dövlət Universitetinin dosenti, “Şöhrət” ordenli Ramin Mahmudzadə çıxış edərək informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və onlara dəstək verilməsi, ölkəmizin intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şəraitin yaradılması baxımından olimpiadanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. O, həmçinin qeyd etdi ki, beynəlxalq təcrübəyə malik, qabaqcıl biliklərə yiyələnmiş peşəkar kadrların ölkəmizdə fəaliyyət göstərməyə cəlb olunması bu sahənin inkişafı istiqamətində həlli vacib məsələlərdəndir. Onun sözlərinə görə, başlıca hədəflərdən biri də informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq yarışlara hazırlaşdırmaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır.

Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. Hər komanda 1 müəllim və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır. Təhsil müəssisələrinin yalnız bir komandası olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Müsabiqə zamanı hər komandaya 5 saat ərzində məsələlələri həll etmək tapşırığı verilir. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan edilir.

Daha sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış oldular.

Şəffaflığın təmin olunması üçün müsabiqənin gedişatına institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilirdi.

Final mərhələsinin nəticələrinə görə, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers”, 2-ci yerə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU_BAKU_3”, 3-cü yerə ADA Universitetinin “ADA-Firi-J”, 4-cü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ADNSU 1” komandaları layiq görüldülər. Qeyd edək ki, cari olimpiadada müsabiqədən kənar iştirak edən 10-cu sinif şagirdləri Abutalıb Namazov 9 məsələnin hər birini, Murad Eynizadə isə 7-ni həll edərək 1-ci yerə layiq görülən komandadan daha yüksək nəticələr əldə ediblər. Həmin məktəblilərin bu ilin avqust ayında Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edəcəkləri gözlənilir. Qaydalara əsasən, Azərbaycan ev sahibi kimi Olimpiadada 2 komanda ilə təmsil oluna bilər.

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə “Azercell” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.