“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əsas istiqamətlərindən biri e-tibbin formalaşdırılmasıdır. 2014-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda e-tibbin formalaşdırılması problemləri analiz olunur, onların həlli istiqamətində tədqiqatlar aparılır. Aparılan tədqiqatların elmi-nəzəri nəticələri AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor
Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent
Zərifə Cəbrayılovanın müəllifliyi ilə çap edilən “Electronic medicine: formation and scientific-theoretical problems” (“Elektron-tibb: formalaşması və elmi-nəzəri problemləri”) adlı monoqrafiyada öz əksini tapıb.
Monoqrafiya e-tibbin mahiyyəti, imkanları, formalaşması, teletibbin inkişafı, həkim qərarlarının qəbul olunması üçün tibbi ekspert sistemlərinin işlənilməsi, fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi və tibdə Big Data problemlərinin analizinə həsr edilib. Kitabda Əşyaların İnterneti və sosial medianın e-tibdə yaratdığı imkanlar, onların fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında rolu, tibbi sferada kadr təminatı ilə bağlı tendensiyalar və e-tibbin insan resurslarının formalaşması məsələlərinə baxılıb.
Monoqrafiyanın elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik
Rasim Əliquliyev, elmi redaktorları akademik
Telman Əliyev və AMEA-nın müxbir üzvü
Nuru Bayramovdur.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyanın rəyçiləri AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru
Ramiz Alıquliyev, texnika üzrə elmlər doktoru, professor
Ələkbər Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent
Fərqanə Abdullayevadır.
Monoqrafiya informasiya texnologiyaları, tibbi informatika, e-tibb sahələri üzrə mütəxəssislər, tədqiqatçılar, elmi işçilər, müəllimlər və tələbələrin də aid olduğu geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Monoqrafiya “İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən nəşr olunub.
Kitabın elektron variantını
buradan əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.