Baş səhifə  arrow Yeniliklər arrow EaPConnect layihəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə olundu
EaPConnect layihəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə olundu Print
   07 İyun 2019, saat 04:05
Image
Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında EaPConnect layihəsi üzrə əməkdaşlıq perspektivləri müzakirə olundu. Tədbirdə GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, tədqiqatlar üzrə məsul şəxs Chris Atherton, satınalma üzrə mütəxəssis Rita Mazeikaite, eləcə də institutun Elmi şurasının sədri və üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarusiya, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.

R.Əliquliyev 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) barədə məlumat verərək bildirdi ki, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı konfrans EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunur.

Konfransın Azərbaycanda keçirilməsinin ölkəmizin alim və mütəxəssisləri üçün geniş imkanlar açdığını qeyd edən akademik rəhbərlik etdiyi qurumun konfransın təşkilində yaxından iştirak edəcəyini diqqətə çatdırdı.

Daha sonra GEANT-ın beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna “EaPConnect-ə ümumi baxış” adlı təqdimatla çıxış etdi.

V.Di Luna Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan, əsas koordinatoru GEANT Assosiasiyası olan və artıq 4 ildir ki, davam edən EaPConnect layihəsinin rəqəmsal fərqin aradan qaldırılması, region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və təqdiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmağı qarşısına məqsəd qoyduğunu diqqətə çatdırdı. Bildirdi ki, qloballaşan dünyada çoxsaylı tədqiqat müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsində EaPConnect layihəsi geniş imkanlar açır.

Məruzəçi GEANT-a qoşulan ölkələrin xəritəsini təqdim etdi, assosiasiyanın layihələri haqqında ətraflı məlumat verdi.

O, həmçinin 2018-ci ili əhatə edən maliyyə hesabatını təqdim edərək Şərq Tərəfdaşlığı ölkələrinə ayrılan maliyyə vəsaitləri barədə söz açdı.

V.Di Luna şəbəkəyə qoşulan ölkələrin trafikdən istifadə üzrə reytinqini təqdim etdi, Azərbaycanın iştirak etdiyi EaPConnect tədbirləri barədə məlumat verdi.

Sonda məruzəçi GEANT tərəfindən AzScienceNet-ə təqdim olunan İnternetə qoşulma sürətinin yaxın zamanda 3 Gbit/s-ə çatdırılması istiqamətində danışıqların aparıldığını vurğuladı.

Sonra GEANT-da tədqiqatlar üzrə məsul şəxs Chris Atherton “İstifadəçilərin əlaqələndirilməsi və dəstəklənməsi” mövzusunda təqdimatla çıxış edərək şəbəkəyə qoşulan istifadəçilərin əlaqələndirilməsinin üstünlüklərindən danışdı.

“Əsas məqsədimiz məlumatlara çıxışın yalnız milli səviyyədə deyil, eləcə də beynəlxalq səviyyədə həyata keçirilməsidir”, – deyə bildirən məruzəçi layihə çərçivəsində e-infrastruktur, yer elmləri, təbiət elmləri və digər sahələrdə fəaliyyət göstərən tədqiqatçılar arasında informasiya mübadiləsinin həyata keçirilməsi ilə problemlərin həllinə nail olduqlarını vurğuladı.

O, həmçinin istifadəçilərlə qarşılıqlı əlaqə prosesini təqdim etdi, GEANT-ın müxtəlif tədbirlərində tədqiqatçılarla ünsiyyət quraraq mövcud problemləri öyrəndiklərini diqqətə çatdırdı.

C.Atherton müxtəlif təşkilatlar, o cümlədən CERN (Avropa Nüvə Tədqiqatları Mərkəzi), CLARIN-lə əməkdaşlıq əlaqələrindən bəhs etdi, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və idarə olunan “Copernicus” layihəsi haqqında ətraflı məlumat verdi.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.