Baş səhifə  arrow Yeniliklər arrow GEANT Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olundu
GEANT Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olundu Print
   23 May 2019, saat 12:59
Image
AMEA İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer (Leonie Schafer) ilə keçirilən növbəti görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olundu.

Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutun 4 saylı şöbəsinin baş mütəxəssisi Tural Mustafayev və digər məsul şəxslər iştirak edirdilər.

Tədbirdə 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) ətrafında geniş müzakirələr aparıldı. Qeyd olundu ki, konfrans EaPConnect (Şərq Tərəfdaşlığı) layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarusiya, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədi ilə təşkil olunur.

Konfransın Azərbaycanda keçirilməsinin ölkəmizin alim və mütəxəssisləri üçün geniş imkanlar açdığını qeyd edən akademik R.Əliquliyev rəhbərlik etdiyi qurumun konfransın təşkilində yaxından iştirak edəcəyini diqqətə çatdırdı.

İnstitut direktoru qurumun əməkdaşlarının Avropa Birliyinin müxtəlif səpkili konfrans və tədbirlərində mütəmadi olaraq iştirak etdiyini bildirdi, institutun alim və mütəxəssislərinin GEANT-ın təşkil etdiyi, 16-20 iyun 2019-cu il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək “TNC19” konfransında iştirakının nəzərdə tutulduğu diqqətə çatdırdı.

Leoni Şafer Azərbaycana səfəri çərçivəsində təəssüratlarını bölüşdü. Ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən qonaq AMEA-da, o cümlədən institutda yaradılmış innovativ şəraiti yüksək qiymətləndirdi, AzScienceNet şəbəkəsinin geniş imkanlara malik olduğunu bildirdi. O, İnformasiya Texnologiyaları İnstitutunun Avropa Birliyinin elm və təhsil layihələrində yaxından iştirak etdiyini qeyd edərək birgə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin önəmini vurğuladı.

Görüşdə, həmçinin AzScienceNet şəbəkəsinin imkanlarının təkmilləşdirilməsi, institut əməkdaşlarının informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində müxtəlif ölkələrdə keçirilən təlimlərdə iştirakının təşkili istiqamətlərində müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.