Baş səhifə  arrow Yeniliklər arrow İTİ-də Beynəlxalq Ana dili günü qeyd olundu
İTİ-də Beynəlxalq Ana dili günü qeyd olundu Print
   20 Fevral 2010, saat 05:32
Image
Artıq 10 ildir ki, YUNESKO-nun himayəsi altında dünyanın müxtəlif ölkələrində Beynəlxalq Ana dili günü qeyd olunur. Təşkilatın 1999-cu il tarixli qərarı ilə təsis edilən, dil və mədəni müxtəlifliyin qorunması məqsədlərinə xidmət edən bu əlamətdar gün 2000-ci ildən etibarən ənənəvi olaraq hər il fevral ayının 21-də qeyd edilir.

Bu gün dünyada 6000-dən çox dilin mövcud olmasına baxmayaraq, bu dillərin 95%-dən Yer kürəsi əhalisinin cəmi 4%-i istifadə edir. Mütəxəssislər dünyada mövcud olan dillərin yarıdan çoxunun yaxın onillikdə məhv olmaq təhlükəsi ilə üzləşəcəyini bildirirlər. YUNESKO-nun məlumatına görə, hər ay 2 dil bu təhlükəyə məruz qalır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Ana dili gününə həsr olunmuş seminarda qloballaşma proseslərinin Azərbaycan dilinə təsiri, dilimizin virtual məkanda təşəkkülü, bu sahədə mövcud olan problemlər, kompyuter linqvistikasının müasir vəziyyəti, inkişaf perspektivləri, əldə olunan nailiyyətlər və s. mövzular üzrə məruzələr dinlənildi, bu məsələlər ətrafında fikir mübadiləsi, müzakirələr aparıldı.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü, tex.e.d., professor Rasim Əliquliyev “Azərbaycanda terminologiya sahəsində mövcud vəziyyət və problemlər” mövzusunda məruzə ilə çıxış etdi. Hər bir dövlətin milli varlığı olan dilin maddi və mənəvi irsin qorunması, inkişafı və təbliğində ən mühüm vasitələrdən biri olduğunu qeyd etdi. Azərbaycan dilinin dövlət statusu qazanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etdi. Dil problemlərinin həlli və inkişafı, dilimizin orijinallığının qorunub saxlanılması, onun inkişafına mane olan amillərin təsirinin qarşısının alınması, dünya dilləri sırasında nüfuzunun yüksəlməsinin dövlətin dilçilik siyasətinin başlıca məqsədlərindən olduğunu bildirdi.

R.Əliquliyev qloballaşma proseslərinin geniş vüsət aldığı çağdaş dövrdə dilin inkişafına təsir edən müsbət və mənfi amillərdən söhbət açaraq, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə dillərin bir-birinə nüfuzunun dildə yad elementlərin çoxalmasına səbəb olduğunu bildirərək, bu kimi amillərin yolverilməz olduğunu, milli ideoloji prinsiplərin qorunmasının vacibliyini qeyd etdi. Alim Azərbaycan dilinin virtual məkanda geniş istifadəsi və təşəkkül tapması məqsədilə ölkəmizdə, o cümlədən də İTİ-də görülmüş işlər haqqında məlumat verdi. Çoxdilli onlayn-lüğətlərin, terminlərə aid informasiya resurslarının yaradılmasının zəruriliyini bildirdi. AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası ilə İTİ tərəfindən birgə hazırlanmış Azərbaycan terminlərinə aid www.azterm.az portalının artıq istifadəçilərin ixtiyarına verildiyini söylədi. R.Əliquliyev Azərbaycanda təxminən 600-ə yaxın terminoloji lüğətin işlənilməsinə baxmayaraq, bu lüğətlərin hər bir kəs üçün əlyetərliyinin təmin edilməsi sahəsində mövcud problemlərə də toxundu: “Bu kitablar müxtəlif kitabxanalarla yanaşı şəxsi kitabxanalarda da saxlanıldığından, vətəndaşların onlardan istifadəsində məhdudiyyətlər yaranır”. Alim bu kimi amillərin portalda bütün mövcud terminoloji lüğətlərin yerləşdirilməsi ilə onun daha zəngin olması üçün qoyulan tələblərin yerinə yetirilməsində maneələr yaratdığını söyləyərək, hər bir Azərbaycan vətəndaşını bu işdə həmrəylik göstərməyə çağırdı.

R.Əliquliyev həmçinin mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin (İnfoterm) və Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uyğunlaşdırılması, eləcə də Azərbaycan terminoloji reyestrinin, yəni informasiya bankının yaradılması məsələləri ilə bağlı işlərin aparıldığını da bildirdi. İnstitut direktoru mədəniyyətimizin, tariximizin, dilimizin, bir sözlə Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında Vikipediyanın da mühüm rol oynadığını bildirərək, onlayn-ensiklopediyanın əhəmiyyəti və yaratdığı imkanlardan danışdı. www.az.wikipedia.org ünvanı altında fəaliyyət göstərən milli vikipediyanın dolğun informasiya ilə təmin edilməsinin hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu vurğulayaraq, ölkəmiz haqqında olan məlumatların müxtəlif xarici dillərdə də dərc olunmasının zəruriliyini söylədi.

Çıxışının sonunda R.Əliquliyev ölkəmizin qlobal informasiya məkanına inteqrasiyanın gücləndirilməsi, virtual məkanda Azərbaycan elmi, mədəniyyəti, tarixi və dilinin təbliği, Azərbaycandilli İnternet saytlarının sayının, keyfiyyətinin artırılmasının önəmliyini bildirdi. Sonra İTİ-nin şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova “Kompyuter linqvistikası: müasir vəziyyəti və inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış etdi. Müasir dövrdə ana dilində təqdim olunmuş mətnin, şifahi nitqin təhlili və emalı ilə bağlı bir sıra problemlərin həllinin aktual məsələlərdən olduğunu bildirdi. O, ana dilində verilmiş mətn informasiyasının avtomatik emalı üçün perspektivli texnologiyaların yaradılması, hipermətnli informasiya mühitində relevant informasiyanın axtarışı kimi problemlərin həllinin önəmliyini qeyd etdi. Kompyuter linqvistikası sahəsində tətbiqi istiqamətlər haqqında məlumat verərək, dilin və nitqin avtomatik və statistik emalı, avtomatik dil statistikasının aparılması, dil elementlərinin sintezi, şifahi və yazılı nitqin avtomatik tanınması, o cümlədən elektron lüğətlərin, tezaurusların, ontologiyaların yaradılması sahəsində aparılan və o cümlədən də gələcəkdə görüləcək işlərdən söhbət açdı.

İnstitutun böyük elmi işçisi Zərifə Quliyeva “Maşın tərcüməsi: mövcud yanaşmalar və problemlər” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda kompyuter linqvistikası sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verdi. Maşın tərcüməsi sisteminin yaradılması sahəsində görülmüş işlərdən söhbət açdı. Mətnlərin türk dillərindən, xüsusən də Azərbaycan dilindən və əksinə təbii dildə emal olunması sahəsində aparılan işlər haqqında danışdı.

Sonra institut mütəxəssiləri tərəfindən yaradılmış maşın tərcüməsini dəstəkləyən ekspert sistemi (ingilis və Azərbaycan dillərində olan mətnlərin təbii dildə emalı modeli) təqdim edildi. Sistemin üstünlüklərindən söhbət açıldı, maşın tərcümə sistemlərinin modelləri, İngilis-Azərbaycan dilləri mühitində tətbiq olunan morfoloji, sintaktik qaydalar, o cümlədən İKT sahəsində elmi-texniki mətnlərin emalı çərçivəsində verilənlər və biliklər bazasının tərkibinin zənginləşdirilməsi ilə bağlı gələcəkdə görüləcək işlər haqqında məlumat verildi.

Tədbirdə həmçinin AMEA Aşqarlar Kimyası İnstitutunun şöbə müdiri k.e.n. Rəsul Əhmədovun ixtira etdiyi intellektual oyunların təqdimatı da keçirildi. Məntiqi oyunların insanların, xüsusən də azyaşlıların məntiqi təfəkkürünün formalaşması və inkişafındakı rolu xüsusi qeyd edildi. Onların elektron variantlarının yaradılmasının zəruriliyi bildirildi.

Seminarda çıxış edən f.-r.e.n. Ramiz Alquliyev, tex.e.n. Rəşid Ələkbərov, f.-r.e.n. Tofiq Kazımov, tex.e.n. Yadigar İmamverdiyev və digərləri Azərbaycan dilinin virtual məkanda təşəkkülü, o cümlədən transliterasiya problemlərinin həllinin önəmliyini vurğuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.